Səfər Alışarlı: "General Polad Həşimovun küçəyə, ada, heykələ-filana ehtiyacı yoxdur..."

Tanınmış yazıçı, "Vətəndaş cəmiyyəti" jurnalının baş redaktoru Səfər Alışarlı general Polad Həşimovun adının əbədiləşdirilməsi ətrafında mətbuatda gedən müzakirələrə öz münasibətini bildirib.
S.Alışarlıya görə, general Polad Həşimovun adının əbədiləşdirilməsilə bağlı gedən-söhbəti eşitmək xoş deyildi: "Hətta iş o yerə çatdı ki, Azərbaycanı sevməyən bəziləri guya Qəbələdə Həzi Aslanovun adına olan küçənin adının dəyişdirildiyini yazdılar. Hesab edirəm ki, belə şeylər Poladın ruhuna hörmətsizlikdir".
Tanınmış yazıçı qeyd edib ki, bundan sonra Poladın heç nəyə - küçəyə, ada, heykələ-filana ehtiyacı yoxdur. O, vətəni, xalqı, el-obası, ailəsi qarşısında öz əsgər borcunu namusla, böyük kişi ləyaqətilə yerinə yetirib döyüş meydanında qəhrəmanlıqla şəhid oldu. Poladdan fərqli olaraq bizim ona, onun adına ehtiyacımız var. Ona görə var ki, qardaş Türkiyənin bizim üçün böyük zəhmətlə yetişdirdiyi hərbçi Poladları müasir texniki vasitələr hesabına güdaza verən Rusiya agentləri, milli satqınlar və xəyanətkarlar ölkəmizdə meydan sulamaqda davam edirlər. Baş redaktorun fikrincə, onları ifşa etmək, ordumuzu Rusiya texniki vasitələrinin nəzarətindən çıxarmaq Poladın, Mübarizin, Fəridin və döyüş meydanında şəhid olmuş on minlərlə qəhrəman oğlumuzun xatirəsinə ən böyük sayğı və hörmətimiz olardı.