Karantin günlərinin statusları

  Bugünkü kimi yadımdadır, hər şeyə deyinib narazılıq etdiyimiz günlərdən biri idi. Xəbər çıxdı ki, Çində əhaliyə yarasadan koronavirus yayılıb. Səslər hələ də qulağımdadır. Yarasanın kökünün kəsilməyini arzulayan kim, onu yeyənlərə qarğayan kim. “Kreativ” qarğışlar savaşan ər-arvadın bir-birinə atdığı qab-qacaq kimi havada fırlanıb yerə düşürdü. Yaxşı deyiblər: “Hirsli başda ağıl olmaz”. İt-pişik yeyənlərə necə acıqlandılarsa, yadlarına düşmədi ki, “qarğış qarğanan yerdə qalar”. Qarğışları “ağızlarından düşüb sinələrinə yapışdı”. Axırda koronavirus Azərbaycana da yayıldı. Ətrafımdakılar asqırıb-öskürənə şübhəli baxmağa başladılar. Elə bil indiyəcən bir kəs də ictimai yerlərdə asqırıb camaatın beynini silkələtməyib. Elə bil bir kimsənin xırıltı ilə öskürdüyü zaman ürəyi bulanıb kənara qaçmayıb. Elə bil özü ömründə bir dəfə də olsun “gəzmədir, hər yerdə var” deyib xəstə vəziyyətdə işə gəlməyib. Elə bil bu vaxtadək qrip olub 40 dərəcə hərarətdə yanıb sayıqlamayıb. Elə bil heç vaxt zoğal mürəbbəsi ilə çay içib, tərləyib paltarlarını qurutduğundan evdəkiləri pəncərə-qapını açmağa məcbur edən bu olmayıb. Aləm qarışdı. Məsələ getdikcə uzandı. Əsəbi zəif olanlar depressiyaya düşdülər, sadəlövh adamlar inanıb dərd çəkdilər. Kasıb ailələrə bəla gətirən bu zəhirmar artıq günün mövzusuna çevrildi. Yavaş-yavaş söhbət “Feysbuk”a çatdı. Seyrək-seyrək statuslar görünməyə başladı. Hərə bir fikir bildirirdi. Maşallah, dostların da hamısı söz adamları, qəşəng-qəşəng rəylər “qələbəlik” yaratmışdı. Birdən zibil atmaq üçün evdən çıxmağa icazəyə ehtiyac olmadığı xəbəri yayıldı. Ondan sonra bütün statuslardan “zibil” yağmağa… bağışlayın “zibil” sözü oxunmağa başladı. Elə mən də şuluqluq salıb qohumumdan yazmışdım. O, dünyasını dəyişənəcən qapısını döyüb zibil pulu istəyən şəxs: “mən kartofu qabıqlı yeyirəm, zibilim olmur” sözlərini eşitdi. Ağlıma gəldi ki, görəsən, qohumum sağ olsaydı, sözünün üstündə dura bilərdimi? Bəlkə də, vəziyyətlə bağlı evdə darıxıb zibil atmağa çıxmaq üçün qabıq yeməyi tərgiyərdi. Beləliklə, hər işdə olduğu kimi, bu işdə də ağını çıxardıq. Əvvəlldən məzmunsuz-məntiqsiz yazanlara mövzu tapıldı. Hekayə, şeir basabası yarandı. Bütün bunlar miladdan, bağışlayın, karantindən əvvəl baş vermişdi. Bir gün acı xəbər aldıq: karantin elan olunacaq. Olundu da. Bu dəfə hamı ondan yazdı. Koronavirus karikaturaya, uşaq rəsmlərinə mövzu oldu. Şəbədə edənlər də saysız-hesabsız. “Feysbuk” “Göz yaşı içində gülüş”ə çevrildi. Azad gəzib-dolaşanlar, evə yalnız yatmağa gələnlər evdə qalmaqdan fəryad qopardılar. Gündəlik çörək puluna möhtac qalanların “Feysbuk”da olmadıqlarındanmı, ya sıxıldıqlarındanmı statusları görünmədi. (Bəlkə də, mən rast gəlmədim) Bir qismini dükanda istədiklərini ala bilməyəndə görüb üzüldüm. “Evdə qal” sloqanı tüğyan edir. Qalırıq. İşimizi evdən davam etdiririk. Yazmağa əlimizə fürsət keçib. Amma şəhərin, insanların, havanın xiffətini edirik. Azadlığın həsrətini çəkirik. Böyük azadlıq eşqi ilə yaşadığımız halda, indi küçəyə çıxmaq azadlığımızı itirmişik. Lap çoxdan bir lətifə oxumuşdum. Bir dost digərinə məsləhət verir: “Özünü xoşbəxt hiss etmək istəyirsənsə, dar ayaqqabı geyin. Ayaqların sıxılacaq, narahat olacaqsan. Belə olanda onu soyun. Gör özünü necə azad və xoşbəxt hiss edəcəksən…” Azadlığımız əlimizdən çıxdı. Hava da icazəli oldu. İndi səbirsizliklə “dar ayaqqabını” çıxarmağı gözləyirik.   Yaz fəsli küsdü bizdən, o gəldi qarşılayıb üzünə baxan olmadı. Səssiz-səmirsiz keçdi. Karantin “fəsli” onu qabaqladı bu il… Mütaliəyə, yazmağa vaxt tapmayanda ürəyimdən keçirdi ki, kaş bircə həftə evdə qala biləydim, yarımçıq yazılarımı, kitablarımı bitirəydim. İndi bu "evdə qal" rejimi mənimçün göydən düşmə oldu. Amma... Rahat ola bilmirəm, karantin rejiminə görə işindən olub 190 manatı gözləyənlərin, ehtiyacı olmadığı halda başqasının haqqını oğurlayıb pul istəyənlərin dərdi qoymur ki, "evdə qal, yarımçıq işlərini gör" sloqanı ilə "dağıdım dünyanı". Əminəm ki, avtobusda yenə yıxıla-yıxıla yazanda bu gözəl günlərin həsrətini çəkəcəm. Odur ki, dəli bir oxumaq keçir könlümdən.. Karantin ölüncə qalaydı məndəəə.... Həm dövlətim, həm də varım olaydıııı. Düşməzdim ardınca ucuz taksinin Vaxtında işləyən "29" olaydı. Ömrü çiçək qədər oldu… İş də oldu, güc də oldu. Neyçün gəldi-gedər oldu… Niyə bitdi karantinim? Bilirsiniz, repressiya illərində həbs edilib, qətlə yetirilən insanlara sonralar bəraət verildi. Evə həbs edilmişik. Mənəvi gücü, əsəbləri zəif olanlar, gəlir yeri olmayanlar dözüm göstərə bilmirlər. Bilmirik kim necə çıxacaq bu sınaqdan. Hamı pozitiv yaradılmayıb. Sonra onlardan kim üzr istəyəcək? Tutaq ki, istənildi, bu nəyi dəyişəcək? Adamın ağlına hər şey gəlir. Heç olmasa belə təsəlli alaq:  – Birdən elə dönəm gələr ki, evimizi əlimizdən alıb "çöldə qal", "açıq havada yaşa pozitiv ol" sloqanı ilə də ömür sürəsi olarıq. Cəhənnəm, elədənsə belə yaxşıdır. Nağıllara uşaqlıqdan inanmırdım, bir balaca mahnılara gümanım vardı, onu da ifaçılar öldürdülər. Zeynəb Xanlarova oxuyurdu ki, "Şuşa mənim öz elim, öz obam, kimin buna sözü var, sözü var?" Sonra gördüm ki, sözü olan tapıldı, biz də sakitcə oturduq. Ondan sonra İlhamə Quliyeva sinəsinə döyə-döyə "Yaşın nə fərqi var ki..." oxudu. Buna da təzəlikcə istəyirdim inanam, koronavirus söhbəti imkan vermədi. "Yaşın nə fərqi var ki..." Niyə yoxdur? Onda niyə 65 yaşdan yuxarıları evdən çölə buraxmırlar? Heyif Qatır Məmməd...yox ey, İlhamə xanım bu günü görmədi. (Virus söhbəti də bütün rəhmətlikləri yadıma saldı. Bundan qabaq da "zibilim yoxdur" deyən mərhum qohumumu xatırlamışdım.)   Zibil maşını sürənlər mehribanlıqla qarşıladılar məni. Baxdım, kinayəli təbəssüm yox idi üzlərində. Diqqətlərindən yayınmayıbmış... Onlara həmişə hörmətlə yanaşmışam. Yanlarına çatanda salamlaşmışam, ovqatları yaxşı olsun deyə xoş sözlər demişəm. Zibili saymazyana tullamamışam, dağılıb işlərini çətinləşdirməsin deyə ehmalca göstərdikləri yerə qoymuşam. Uzun illər vəzifəsi olan birinin bir gün zibillikdə nəsə axtarması da mümkündür. Həyat bir günün içində dəyişir. Küçəyə çıxa bilirsinizmi? Bir gün evimizdən də qovulmaq təhlükəsi yaşamayacağımızdan kim sığortalanıb? Darvazasında ot bitən, istifadə etmədiyiniz evləri verin illərlə kirayədə yaşayan, uşağına rahat şərait verə bilməyən ailələrə. Bir gün əlinizdən çıxmağındasa bu yaxşıdır, kimsə istifadə edər. "Ağlamalıski" oldusa, gülün. Təklifdir...yox ey, fikirdir də sözləşdirdim. İndi də zibil atmağa şəbədə edək... Bir qohumum vardı. Zibil pulu yığmağa gələni əliboş qaytarırdı: –  Mən kartofu qabıqlı yeyirəm, zibilim-zadım olmur – deyirdi. Görəsən, rəhmətlik sağ olsaydı bu gün də sözünün üstündə durardımı? 31 mart 2020-ci ildə bomboş olan Bakı küçələri 1918-ci 31 martda başqa bir virusun (ermənilərin) əməlindən cəsədlərlə dolu olub. Hansı daha təhlükəlidir? Koronavirus, ya düşmən? Cahana sığmayanları evə necə sığışdırdılar. Bakı həmin Bakı, küçələr həmin küçədir, amma həyat əvvəlki deyil. Baxın, sanki divarlar alnını düyünləyib baxır. Elə bil hər tərəf dərin fikrə gedib. Boş küçə... Ötüb keçərkən qoluna toxunan adama acıqlananlar, avtobusda ayağını bilmədən tapdayanı təhqir edənlər, toy dəvətnaməsi alanda deyinənlər, işdən bezdiyini söyləyənlər, cəmiyyəti sevməyənlər, insanlardan qaçanlar, evindən başqa heç haranı abad istəməyənlər, rahatsınızmı? Belə süst yaşamaq necədir sizin üçün? Razısınızmı mühitdən?Şən, həyat eşqi ilə dolu olanların ruhunu öldürməyə çalışanlar! Ruh ölümünü seyr etmək necədir?Camaat sağlığı ilə mübarizə apardığı anlarda sən hələ də mənəmlik hissini qoruyursan. Evə necə pərçimləndiksə əvvəlki həyat tərzinə qayıtmağımız (qaldığımız yerdən davam etməyimiz) "evdən çıx" çağırışının ümidinə qaldı. Hər tərəfdən pis xəbər gəlir: "koronavirusdan "ölən və yaralananlar" var". Ölkəmizdə də karantin elan edilib. Biz isə şəbədə edirik, gülürük. Fəxrəddin Ziya yazdığı məqamdır: "Öləndə də güləcəyəm..." (Xumar Qədimova oxuyur.) Hər halda "gülə-gülə" ölmək" də pis deyil. Yenə gəlib yaz ayları Virus bizə naz eyləyir. "Gedirəm" sözün deməyə Qoymur polis "zor" eyləyir Ay eyləyir, ay eyləyir Polis qoymur "zor" eyləyir. Gələcəyin dissertasiya işinin mövzusu –  "2020-ildə koronavirus". Test sualı – Aşağıda adı çəkilən şairlərdən hansı koronavirusa aid şeir yazıb? Və yaxud koronavirusa daha çox status həsr edən feysbuk istifadəçisi kimdir? Görəsən, apteklərə qəsdlə maska vermirlər, yoxsa apteklər qəsdlə maska vermir? Ədəbiyyata "Virusnamə"lər gətirənlər, virusa şeir yazmağın, onu "tərənnüm etməyin" tibbə hansı köməyi olacaq?Heç bir məntiqə söykənmədən, məzmunsuz yazılan şeir və hekayələrdən əsəblər tarıma çəkilir. Əlac qalır “nikbin” olmağa… tibb-mibb boş şeydir, virusu şeir məhv edəcək. Nə maska taxmağa ehtiyac var, nə də zəncəfil istifadə etməyə. Hərə ağzında bir bənd "antivirus" şeiri çeynəyib udsun bütün mikroblar öləcək. Olmaya virusu nənələrlə görüşə-görüşə namizədlər yaydılar? Öz aramızdır, pilotlar da çox göylə gedirdilər))) Karantin bitəcək, hər kəs səhər tezdən yenə nəqliyyat vasitələrində "ayağımı tapdadın" deyə şərnişinlərlə mübahisə edə-edə işə gedəcək. Yenə baş-başa verib qeybət edəcək. Yenə axşamlar yorğun gəlib "tezdən oyanmaq var" deyib cənnətə düşürmüş kimi yatağa qanadlanacaq. Yuxusunu doyunca yatmayanda deyinəcək: "gül kimi evdə qalmışdım də, doyunca yatırdım, yenə başladı". Hə, biz beləyik, narazılıq etməyə, deyinməyə mövzu tapırıq. Çalışaq bu təcriddən yaxşı nəticə çıxaraq. Nələri itirə bilərdik onu qoruyaq. Bir lətifə oxumuşdum uşaq vaxtı, hələ də gözlərimin önündə qalıb o səhifə. Karantin də dediyim o dar ayaqqabılar kimidir, nə vaxtsa çıxarıb sakitləşəcəyik. Ondan sonra çalışaq həqiqəti dərk edək: Bir-birimizi bir an içində itirə bilərik. Bir-birimizi sevsək, qorusaq dünya dağılmaz. Bu ilki bayramımız – Novirus bayramı Çıxarılan qərarlar feysbuka da tətbiq olunacaq, görəsən? Burda da qələbəlikdir, birinin ad günü olur, birinin yası düşür, başsağlığı verən kim, salamlaşan kim, şənlik, təbrik edən kim. Biri girir, biri çıxır. Səs-küydən qulaq batır. Hamı yığışıb bir yerə. Dağılışın, indi polis gəlib cərimə edəcək. Hər kəs getsin öz profilinin altına. İllərdir sizə deyilir ki, iki nəfərin birləşməsi üçün min nəfəri narahat edib toy eləmək adətinizi tərgiyin, eşitmirsiniz. İndi virusun qorxusundan sakitcə qəbul etdiniz qadağanı. Bu anlarda çox evdə valideynlər övladlarını danlayır: "sənə dedim vaxtında tərpən". Hələ qoşulub getməyə adam oğurluğu kimi baxanlar da, bəlkə, bir-birinə təklif edirlər ki, "gəl qoşulaq qaçaq". Toyun əleyhidarları, Xumar Qədimova necə oxuyur? –  "Xına yaxın əlinizə..." Gedin ondan edin. Bir qonşu o biri qonşudan soruşur: – Sənin də oğlunun başı böyükdür? – Hə, xəstəliyi var ona görədir. – Şükür, elə bildim təkcə mənim oğlumda var bu xəstəlik. Keçən ilin statusudur. Ardına bu il yenisini qoşuram: “Biz həmişə başqasının kədərindən təsəlli tapmışıq. Əgər hər hansı bir bəla, ya problem təkcə bizdə olubsa "bax filankəsdə də filan şey var" deyilən kimi sakitləşmişik. Belə bir millətin "Elnən gələn toy-bayram olar" məsəlindən başqa nəyi olar? Bu virus məsələsini ona görə hamı sakit, şəbədə ilə qarşılayır ki, "ay can, nə vecimə təkcə mənə ha gəlmir, hamı yoluxa bilər". Yıxılanda üstündən döyülən uşaqlarıq...bizə heç nə olmaz. "Qarğışla başımız", yumruqla bədənimiz bərkiyib. "Anası döyən uşağı harınlaşmış hər kəs döyər". Uşaqlıqda böyüyün səhvinə göz yummağı öyrətdilər deyə hələ də haqqımızı tapdayan "böyüklərin" ədalətsizliyinə dinə bilmirik... Qulağınızı bəri tutun söz deyirəm... Booyy nə qədər qulaq varmış... O nədir, deyəsən, kimsə telefonu hazırlayır ki, skrinşot edib harasa göndərsin. Yox, dağılışın deyəsi olmadım. Sizdən sirr saxlayan çıxmaz. Evdə qalıb çalıb-oxuduq, yazıb-pozduq, biş-düş elədik, pozitiv olduq? Hə. İndi evdən çıxaq və neqativ olaq. Küçədə bunları edə bilməyəcəyik. ))) Karantindən sonrakı əhval-ruhiyyə üçün darıxıram. Hamının üzündə sevinc, bir-birini qucaqlayır, təbrik edir... Bu karantində kim uduzdu kim uddu Peşimanı kim olacaq bilmirəm… "İt bağdan açılan kimi açılmaq" məsəlinin əsl məqamı karantin bitən günün səhəridir. Əvvəllər söhbət edəndə və yaxud yazanda bəzi heyvanların adlarını çəkməkdən utanırdım. Sağ olsunlar heyvanların hüquqlarını müdafiə edənlər və onlara sənəd verənlər. İndi rahatca "it kimi" bənzətməsini işlətmək olar. Amma insanlar kimi itlərin də "ağgünlü-qaragünlü"sü, "bəxtlisi-bəxtsizi" var. Adamlar it günündə, itlər də insan kimi yaşaya bilirlər. Bu karantin rejimində küçələrdə sms-icazə almadan azad dolaşan itlərə həsəd aparmamaq mümkün deyil. (İki gündür itlərin halı diqqətimi çəkir.) İndən belə it yiyəsini tanıyacaq.)) Karantin rejimindən neçə il qabaq yazdıqlarımı indi oxuyanda özümdən şübhələnirəm. Yasın, toyun, əl tutub görüşməyin əleyhinə olmuşam. Əcaba, öncəgörənlikmi bu? Yenə qumlu sahil, yenə KARANTİN... Bunu yaşamışdıq neçə ay qabaq... (2-ci karantində) Biz nə karantinlər gördük... Öyrəşmişik ee. Bu dəfə feysbukda apreldəki kimi şivən qopmadı. Başbilənlər hər şeyi gözəl bilirlər. İnsan zaman-zaman hər şeyə alışır. Sevdim karantini. Nətəəəri məsləhət bilirlər elə də ol (sun), acaq). Dünyanı (insanlardan) koronavirus "xilas edəcək". Ömrümüzü karantin-karantin itiririk... Rejim elə qaydadır ki, ziyalını da, savadsızı da bir araya gətirə bilir. Biri şüurlu şəkildə, digəri isə başqa yolu olmadığından qaydaya tabe olur. Əvvəllər başa sala bilmədiklərini xüsusi rejimlə "cızına" düzəldirsən. Bizim bu karantin kimi. İllərdir deyilir ki, bu boyda israfçılıqla toy etməyin, kredit götürüb cehiz, qızıl əşyaları almayın, toydan sonrakı problemlərlə cavanların yaşayışını çətinləşdirməyin, süfrəsi ilə toydan seçilməyən yas məclisi qurmayın. İmkan verin sevənlər istədikləri kimi ailə qursunlar əməl edən yox idi. İndi karantin rejiminin tələbi yaxşıca sakitləşdirib camaatı. Bir azdan hamı özü xahiş edəcək ki, övladımın toyu ləngiyir, heç olmasa icazə verin bir-birinə qoşulub gedib yaşasınlar, nəvə görmədən ölməyək. Bu nəvə görmə arzusuna da başqa bir rejim əncam çəkənə kimi böyüklər cavanların evlənməsini öz arzularına bağlayacaqlar. Yenə o sərgi olaydı... Kaş ki, rastlaşaraq biz sərgidə görüşəydik… "And olsun" koronavirusu "yaradana..." biz dözümlü xalqıq. Öhdəsindən gələcəyik. Qaldığımız yerdən davam edəcəyik. "Bir az da döz-ək! Bir az da döz-ək!" #evdəqal  Xarici İşlər naziri ol... yox, əksinə. Xarici İşlər naziri ol və evdən işlə. Nə xariclə, nə də daxillə işin olmasın! Yeri gəlmişkən xeyli vaxtdır kitabxanaçılar da evdən işləyirlər. Məlum oldu ki, biz də "balaca adam döyülmüşük". "Araşdırmalar" göstərir ki, TƏBİB-in kökləri qədim zamanlara gedib çıxır: "Ürəyim yaralıdır TƏBİB-ə göndər məni". "Qoy uzansın günlər, geciksin 2021-ci il Qurtula bilməsinlər dünyadakılar. Hələ Yer üzündə, insan orqanizmində Gəzib-dolanmaqdan doymamışam mən..." Koronavirusun cib dəftərindən Gül kimi sağlam psixologiyamız necə korlandı... Azadlıq eşqiylə yaşayarkən sahib olduğumuz xırda-para hüquqlarımızın da arxasınca baxa-baxa qaldıq. Bəşəriyyətə birillik cəza kəsdilər. (Bir il olsa cəhənnəm, yenə dözərik...) Allah sənə insaf versin, ey TƏBİB! Tamaşaçı sualı: "Təbib bunların hansıdır?" (Təbib bizlərdə addır) Təsərrüfat işləri və heyvandarlıq mənim üçün heç vaxt maraqlı olmayıb. Şüuru olmayan canlılardan yoruluram. Amma bu gün ağız büzdüyüm sahənin birində vaxtilə müşahidə etdiyim məqam həyatımda baş verdi. Bunu da cəza kimi qəbul etdim. Uşaq vaxtı nənəm yumurtadan yeni çıxan qaz cücələrini bir müddət sonra həyətə buraxanda onların hərəkətlərini izləmişdim. İlk dəfə həyətə çıxan cücələr nə edəcəklərini bilmədiklərindən yıxıla-dura yeriyirdilər. Ora-bura dəyə-dəyə analarının dalınca gedirdilər. Elə bilirdim ki, onlar şüursuz olduqları üçün hara gedəcəklərini, necə yeriməli olduqlarını bilmirlər. Karantin günlərində şəhərin həsrətini o qədər çəkirdim ki, elə bilirdim  postkarantində küçədə bayılacam. Əksinə oldu. İlk küçəyə çıxdığımda qərib-qərib baxdım hər tərəfə. Elə bildim kiminsə evinə qonaq gəlmişəm. Sıxılıram. Elə bil iki ay öncə bağrıma basmağa cəhd göstərdiyim şəhər deyil. Aramıza girdilər, Bakı. Bizə göstərdilər ki, biz sənin deyilik. İstənilən halda bizi bir-birimizdən ayırmaq mümkünmüş. Bu gün həmin cücələrin vəziyyətində idim. Sms-icazə bitdi. Evdən çıxdım. Amma o cücələr kimi mən də yeriyə bilmədim. Başım gicəlləndi, “bilmədim ha yana, haraya gedim”. Addımlarım qucağa  üst-üstə yığılan odun parçaları kimi yerə tökülürdü. Mənəvi, cismani tənəzzüldür ya müvəqqəti haldır-nədir, bilmirəm karantinin zədələrini hiss edirəm. Zədələr artıq mənim taleyimə çevrilib. Həmişə hansısa səmərəsiz illər xəsarət yetirib mənə. Cəmi iki ay öncə yazı yazmaq üçün səbirsizliklə yolunu gözlədiyim avtobusu görəndə hər şey yadıma düşdü. Mən “şedevrlərimi” bir zaman burda yazardım. Avtobus! –  Mənim yaradıcılıq odam... Səndə karantinin həyatıma bəxş etdiyi ən böyük hisslərdən yazacam. Biz tərəflərdə yasda səmimi ağı deməyənləri, amma yas sahibindən çox ağlayanı kəlməsindən, cizgilərindən tanıyanlar onlar üçün belə bir ifadə işlədirlər: "Ölüsü ölən kiridi, yasa gələn kirimədi". İndi ona bənzər vəziyyətdəyik. Virusun "doğulduğu vətəndə" də hər şey qaydasına düşəcək, insanlar əvvəlki həyatlarına dönəcəklər, biz isə karantini uzada-uzada gedəcəyik. “Koronavirus” layihəsini işləyənləri heç vaxt bağışlamayacam. Yaxşı ki, boz və mənasız anlarda sevəcəyin, ruhunu oxşayacaq nəsə, kimsə tapırsan. Karantin məni həm özümdən çıxardı, həm də “çox mətləbləri ahəstəcə qandırdı”. Bu barədə az sonra…yox, nə vaxtsa…