Beqbeder 3 ay səhv edib...

Hamımızın içində bir Beqbeder, bir Qeys, bir Verter var. Bu günlərdə ahıl yaşlı birisi yanıma gəlmişdi. İsmini elə belə də dedi: “Lirik Mən”. Belə imza olar? Mənə bir dəftərcə verdi, dedi ki, qalsın sizdə, vaxtınız olanda baxarsız. Mənin vaqeəmdir...”. Verdiyi dəftərcənin ilk səhifəsini açdım. Lirik Mən yazırdı: “Mən onu iyirmi səkkiz yaşda sevmişdim. Onda on doqquz yaşı vardı onun... Otuz ildən sonra sevgimə cavab gəldi... Mənim əlli səkkiz yaşım vardı, onun qırx doqquz... Mən baba idim, o - nənəyaşlı... Nə dadlı bir sevgimiz vardı, İlahi?!... Bütün sevgilərin başı... Frederik Beqbeder deyir ki, “Məhəbbət üç il yaşayır...”. 30 il qabaq qəlbimdə boy atan o sevgi fidanını nəzərə almasaq, mənim gündəliyimdə bu müddət 3 il 3 ay oldu...  Beqbeder 3 ay səhv etmişdi. Amma elə həmin 3 ay məni xoşbəxt elədi. Ömrün axırına qədər bəsimdi. 30 ildən sonra mümkün olmayanı elədik. İnternet bizə görüş yeri oldu. 3 il yazışdıq, o məni tamam yaddan çıxarmışdı, tanımırdı. Yəni, heç əvvəldən yadında yox idim, yəni, yadına düşməyə imkan tapmamış üzüm dönmüşdü ondan. Narsisliyinə görə. Sonralar, sevgili günlərimizdə özünü Neçənci Ptolomeyə aid edəcək, Neçənci Kleopatra olduğunu deyəcək mənə... “Bəs, sən Neçənci Ptolomeysən?” deyə sataşardı. ...Mənsə bilə-bilə unutdum onu, çünki o, başqasının arvadı idi. Bu hər şeyi yerbəyer edirdi. Onda cəmi üçcə dəfə evlərində olmuşdum. Redaktor atasının dəvəti ilə, şeirlərimi aparmışdım göstərməyə. ...Çox sevgili yazışmalarımız vardı. O da, mən də yaza bilirdik... Yaza-yaza yaddaşını təzələdim, cilaladım, yaddaşına doldum... Üçcə dəfə onu evlərində gördüyümü  yadına saldım. Dumanlı etiraflar... Mən, sadəcə, xasiyyətinə görə, vaxtında qəlbimi ona acmadığımı yazdım, o, məni böyük bir sevgiyə təhrik etdi... “Gəl, əvəzini çıxaq” - dedi. “Onda olmayıb, qoy, indi olsun” - dedi. Bundan böyük anlayış olmaz, sanıram. Böyük Qadındır – mən hərdən hirsimdən “Madın!” desəm də ona. Həm də necə cəsarət! 3 il yazışdıq... Tanımaza-bilməzə. Mən tanıyırdım, əlbəttə, o – yox. “Nəhayət, üzə çıxmağa cəsarətin çatacaqmı?” deyə dadlı bir təhriki vardı. Biri-birimizi görməyə qorxduq. Qorxa-qorxa, təkidlə biri-birimizi əldən verdiyimiz illərin əvəzini çıxmağa çağırdıq. Sevməyə çağırdıq biri-birimizi. Və 3 ay sevişdik... 3 il görməzə-bilməzə, dumanlı şəkildə, yazıb özlədik biri-birimizi... 3 ay da divanələr kimi... qorxa-qorxa... Sarmaşıq kimi...  “Besame, besame muço!” deyə. Çox qorxulu idi... Amma bacardıq. Tanınmış birisinin arvadı, Özü də tanınmış... Amma ən böyük sevgini elə tanınmışlar yaşamış... Qay Yuli Sezar – Kleopatra, Aleksandr Puşkin və Natalya Qonçarova, Anna Axmatova və Nikolay Qumilyov, İvan Turgenev – Polina Viardo, Corc Sand - Frederik Şopen, Bernard Şou – Stella Patrik Kempbell, Sergey Yesenin – Aysedora Dunkan, Aleksandr Düma (oğul) – Mari Düplessi...  Mənim Nənəyaşlı sevgim... Ağlımızı itirmişdik... Nə olacaq bunun axırı?.. Vaxtında qəlbimi aça bilmədim ona. “Yalandı kül olmaq, yalandı yanmaq, Cəsarət gərəkdir ilk sevənlərə..” – Məmməd Araz belə yazırdı. Mən bir az utancaq, o çox narsis – özünəvurğun, yəni. Sonralar Narsis olmağından çox yazacaq, yalançı təvazökarlıqla, gizli bir fəxrlə və guya “zadnim çislom”- “narsisliyini”, özünəvurğunluğunu təqdim və təbliğ edəcək... “Hamıdan gözəl mənəm, amma heç danışmıram” deyib bu halını ictimailəşdirməyə çalışacaq... Gizli təvazökarlıqla, əlbəttə... Qadındı da... Yaman diqqət sevəndi. Yalançı təvazökarlığı ilə yaman diqqət sevəndi... Öz terapiyaları, öz aksesuarları... öz ətirləri ilə... ” p.s. Əlüstü oxuduğum bu sətirlər bir sevgi tarixçəsini danışırdı. Sirli, epistolyar mətnləri ilə. Dedim, qoy, hələ özüm bir oxuyum axıra qədər, sonra imkan olsa sizə də nağıl edərəm...