“Ey eşqin qıyamətində İsrafillik edən sevgili...”

Qurani-Kərimdə «müqərribun» (Allaha yaxın olanlar) kimi bilinən dörd mələkdən ikisinin adı çəkilir. Bunlar Cəbrail və Mikaildir. İsrafil və Əzrail də müqərribun mələklərdən olsa da, Quranda onların adları çəkilmir, amma vəzifə və fəaliyyətləri barədə söz açılır. Əvəzində Müqəddəs Kitabımızda başqa iki mələyin adı var. Bunlar Harut və Marutdur. Onlar barədə ayrıca yazıldığı üçün burada Allaha yaxın olub, adı çəkilməyən İsrafil haqda danışacağıq. Bəzi mənbələrə görə, əsli ibranicədən olan “İsrafil” sözü Allahın qulu mənasındadır. İsrafilin lövhi-məhfuzdan insanların və dünyanın taleyi ilə bağlı ilahi qərarları oxuyub icra etmək üçün digər mələklərə verməsi barədə iddialar var. Bəzi rəvayətlərə görə, Məhəmməd peyğəmbərə ilk vəhyləri o çatdırıb, bir neçə il onu qoruyub, nəhayət, bu missiyanı Cəbrailə verib. İsrafil bir sıra rəvayətlərdə kosmik ölçülü varlıq kimi təsvir edilir: ayaqları Yerin alt qatlarında, başı isə Allah dərgahındadır. Dörd qanadı var. Tüklə örtülü bədənində çoxlu gözləri və ağzı var... Hər gün və hər gecə üç dəfə cəhənnəmə baxıb dərddən və yazığı gəldiyi üçün hönkürür (1, səh. 115). Bəzi hədis və rəvayətlərdən fərqli olaraq Tövratda Yehovaya yaxın böyük mələklərdən söz açılarkən onların dörd yox, altı qanadlı olduğu yazılır: “Kral Uzziyanın öldüyü il Yehovanı gördüm. Yüksəkdə, hündür bir taxtda oturmuşdu, ətəyi məbədi tutmuşdu. Ətrafında səraflar dururdu. Hər birinin altı qanadı vardı. İkisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtür, ikisi ilə uçurdular. (2, Peyğəmbər İşayanın kitabı, fəsil 6: 1-2). Hədislərdə İsrafil “Sur mələyi”, “Sur sahibi” kimi də anılır. Quranda qiyamətin məhz Surun çalınması ilə başlanacağı bildirilir. İlk üfləmədə qiyamət başlayacaq, ikinicidə hamı dirilib məhşərə getməyə hazır olacaq: “Sur çalınan gün Allahın istədiyi kimsələrdən savayı hamı, göylərdə kim varsa, yerdə kim varsa, hamı təlaş keçirər. Boyunları bükülmüş gələrlər Onun yanına” (3, Nəml 87); “Elə ki, çalındı Sur, Allahın istədiyi kimsələrdən savayı göylərdə kim varsa, yerdə kim varsa yıxılıb ölər hamısı. Bir daha çalınanda isə bütün ölənlər qalxıb ayağa gözləyərlər olacağı” (3, Zumər 68). Bir çox din alimi Qiyamət zamanı sura üfürənin məhz İsrafil olduğu qənaətindədir. “O gün carçının [İsrafil] yaxşı bir məkandan car çəkəcəyi sözlərə qulaq kəsil. Haqq olan dirilmək əmrinin səslənməsini o gün eşidər hamı. O gün ölülərin qəbirlərdən çıxan günüdür” (3, Qaf 41-42). Məhşər günü insanlarda bir qorxu yaratsa da, Qurana görə, o gün qorxanlar məhz kafirlər olacaq: “O inkar elədiklərinə carçı çağıran gün, onlardan üz çevir sən.  Gözləri təlaşla dolu qəbirlərdən çıxarlar, çəyirtkələr tək ətrafa dağılarlar. Carçıya sarı tələsərlər. «Bu gün çox çətin gündür» deyər kafirlər” (3, Qəmər 6-8). Qiyamət nədir? “Kainat necə yaranıb?” sualına aranan cavablar sırasında «Biq bənq» nəzəriyyəsi diqqəti cəlb edir. Bu nəzəriyyəyə görə, hər şey heç nədən - yoxdan yaradılıb. “Biq bənq” heçdən varlığa doğru böyük partlama anlamına gəlir. Yəni elə bir nöqtə ki, “orada” maddə, enerji, kosmos, zaman, məkan olmayıb. Və o nöqtədən varlığa doğru hərəkət başlayıb, kainat isə durmadan genişlənir. Bir zaman gələcək, bu proses əksinə gedəcək. Hər şey geriyə dönəndə hərəkət kainatdan əvvəlki zaman və məkanın sıfır olduğu nöqtəyə doğru gedəcək. Bu, indi qara çüxur tərəfindən udulma adlandırılır. Qara çüxurların o üzündə nə var? sualına “Heç bir şey” şəklində cavab heç kəsi təmin etmir. Hələlik isbat olunmayan fərziyyəyə görə ağ çüxurlar da var. Ehtimala görə, ağ çüxurlar, əslində, “Biq bənq” kimi yenidən doğuşu təmsil etməkdədir. Ənbiya surəsindəki ayədə aləmin toplanıb büküldükdən sonra təkrar ilk halına dönəcəyi bildirilir: “Kağızı qat-qat eləyib kitaba döndərən tək qatlara bükərik o gün səmanı, eləcə də heçdən yaratdığımız ilk xilqəti verdiyimiz vədə görə Biz təkrarən yaradarıq. Vədimizə, şübhəsiz, əməl edərik» (3, Ənbiya surəsi, 104). Çox ehtimal ki, burada yeni dünyaya – axirətə işarə olunur.  (Bu barədə ətraflı bax: “Sıfıra doğru” Vasif Sadıqlı, “Quran islamı”, Bakı 2020, səh. 309-314). Məşhur təfsirçi Elmalılı Həmdi Yazır Nəml surəsinin 87-ci ayəsinin təfsirində yazır: “Bəzilərı bunu (Sura üflənməsi – V.S.) təmsili qəbul edirlər. Ölülərin qəbirlərindən məhşərə çağırılmalarını bir ordunu hərəkətə keçirmək için boru çalınması ilə müqayisəsi yolu ilə təmsili istiarə yaradılıb. Təfsirçilərin çoxuna görə, bəzi hədislərdə rəvayət edildiyi kimi, Sur böyük boru kimi bir şeydir. Ona üç dəfə üfürüləcək. Birincisi "nəfhai-fəza", yəni qorxu üfürməsi, ikincisi "nəfhai-saık", yəni yox olma üfürməsi, üçüncüsü isə "nəfhai-qıyam", yəni qalxma üfürməsidir. Buna məsul olan mələk İsrafildir…”. …"Nəfhai-fəza", yəni qorxu üfürməsi zamanı göylərdə və yerdə kim varsa, (Allahın sevdiklərindən başqa) dəhşətdən sarsılacaq…  "nəfhai-saık", yəni yoxolma üfürməsi zamanı Allahın istədiklərindən başqa hamı yıxılıb öləcək, Sur bir daha çalınanda isə bütün ölənlər qalxıb olacağı gözləyəcək”. Elmalılı Həmdi Yazıra görə, "Və onlar o gün qorxudan da əmin qalarlar" (3, Nəml, 89) ayəsi Allahın sevdiklərinin qorxmayacağını göstərir (4). Mövlana Cəlaləddin Rumi “Məsnəvi”də İsrafildən dəfələrlə söz açır. İnsanın mənəvi cəhətdən saflaşmasında, daxili arxitektonikasının kamilləşməsində musiqinin möcüzəvi gücündən danışan Mövlana bu gücü İsrafilin diriltməsi ilə müqayisə edir: “(Bilmirəm) eşitdinmi? Ömərin dövründə çox gözəl, çox lətif cənk çalan bir çalgıçı vardı. Bülbül onun səsindən özünü unudar; bir nəğməsini dinləyənlərin şövqü yüz misli qədər artardı. Məclisləri, cəmiyətləri onun nəğmələri süslər, onun səsinden qiyamətlər qopardı. Səsi İsrafil kimi möcüzələr göstərər, ölülərin bədənlərinə can bağışlardı”… İsrafil bir gün nəğməsini çalar və yüzlərcə illik çürümüş ölüyə can verər. Peyğəmbərlərin də içində eyə nəğmələr var ki, o nəğmələrdə istəyənlərə dəyəri ölçüyə gəlməz bir həyat var” (5, I cild, misra 1914-1919). Yenə həmin əsərdə Mövlana vəlilərin (Allah dostları, övliyalar) bədəni diri, ruhu isə ölmüş insanlara təsirindən danışarkən bu fəaliyyəti İsrafilin diriltmə missiyası ilə müqayisə edir: “Agah ol ki, vəlilər zamanın İsrafilidirlər. Ölülər onlardan can əldə edir, təkmilləşirlər. Ölü canlar bədən məzarında kəfənlərinə bürünmüş halda yatanda onların səsindən sıçrayıb qalxarlar. Deyərlər ki, bu səs o biri səslərdən çox fərqlidir, çünkü diriltmək Allah səsinin işidir. Biz öldük, tamamilə çürüdük, məhv olduq. Fəqət Allah səsi gəlincə hamımız dirildik, qalxdıq. Allah səsi istər hicab arxasından, istər hicabsız gəlsin... Cəbrail Məryəmə yazasından üfləyib nə verdisə, Allah səsi də insana onu verər” (5, I cild, misra 1930-1934); “Su səsi İsrafilin səsinə bənzəyir. Ölü belə bu səsdən dirilir. Yaxud bu səs bahar günlərindəki göy gurultusu səsini andırır. Bu səs üzündən bağlar, bağçalar nə qədər gözəlləşir, çiçəklərlə dolar” (5, II cild, misra 1200-1201); “Ey eşqin qiyamət yerində İsrafillik edən sevgili… ey eşqin eşqi, ey eşqin diləyi!”  (5, III cild, misra 4695)   Maraqlıdır ki, Füzuli ölünü diriltməkdən bəs edəndə “Məsihi-vəqt” sözlərini (Aşiqə şövqünlə can vermək ikən müşkül degil, Sən Məsihi-vəqtsən, can vermək asandır sana”), Mövlana isə eyni mənada “vaxtın İsrafili” ifadəsini işlədir: “Sən vaxtın İsrafilisən… qalx və qiyamətdən öncə bir qiyamət qopar!” (5, IV cild, misra 1479). Bu da anlaşılandır, Mövlanadan verilən yuxarıdakı misalda fərdi diriltmə yox, bir cəmiyyətin ruhən dirildilməsindən söhbət açılır. Bəzi hədis şərhlərində İbrâhim peyğəmbərə bir uşağının olması müjdəsini verən, Lut peyğəmbərə insan surətində görünüb qövmünün cəzalandırılacağını bildirən  mələk qrupunda İsrafil də olub. Eləcə də onun göyü daşıyan mələklərdən biri olduğu bildirilir (6). ƏDƏBİYYAT 1. Ислам, энциклопедический словарь, Наука, Москва, 1991. 2. Tövrat, https://ru.wikisource.org/wiki/%D0%9A%D0%BD%D0%B8%D0%B3%D0%B0_%D0%BF%D1%80%D0%BE%D1%80%D0%BE%D0%BA%D0%B0_%D0%98%D1%81%D0%B0%D0%B8%D0%B8#6:2  3. Qurani-Kərim, N.Qasımoğlunun açıqlaması, Bakı, 1993. 4.Kuran'i kerim tefsiri, Elmalılı Muhammed Hamdi Yazır http://www.kuranikerim.com/telmalili/neml.htm 5. Mevlana, Mesnevi, I-VI cild, İstanbul 1990-1991-ci illər. 6. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi https://islamansiklopedisi.org.tr/israfil