Mən həmin adamam

Mən həmin adamam – gördüyün adam, Mən həmin adamam – bildiyin adam, Mən həmin adamam – sevdiyin adam, Bu qədər bildinsə, elə bəsindir. Mən həmin adamam – oduna yanan, Mən həmin adamam – gözündə donan, Qara saçlarında dən-dən ağaran. Bu qədər bildinsə, elə bəsindir. Mənim "qış" dediyim sənə yazıymış, Sevgi dolu ürək sənə azıymış, Sənincün ayrılıq, demə nazıymış, Bu qədər bildinsə, elə bəsindir. O cığır, o çəpər hələ yerində, O gecə, o səhər hələ yerində, O ürək, o təpər hələ yerində, Bu qədər bildinsə, elə bəsindir. Mən həmin adamam – adın dilimdə, Əlinin istisi hələ əlimdə, Qəfildən dönərəm günün birində, Bu qədər bildinsə, elə bəsindir.