“Food City”-dən yeni xəbər var: Bazarda bir nəfər də erməni yoxdur

Məlum olduğu kimi iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonun Ağdam kəndi istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Bir neçə gün davam edən döyüşlərdə ermənilərin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilib. Təəssüf ki, həmin döyüşlərdə ordumuz da şəhid verib. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı və əsgər Elçin Mustafayev  iyulun 13-dən 14-ə  keçən gecə həlak olublar,  Torpaqlarımıza qarşı illərdir davam edən erməni təcavüzü, xüsusilə mənfur qonşularımızın  Azərbaycan-Ermənistan dövlət sərhədindəki son təxribatları istər ölkə daxilində, istərsə də ölkə xaricində olan azərbaycanlıları həddən artıq qəzəbləndirib. Artıq dünyanın bir neçə ölkəsində  həmvətənlərimiz ermənilərin bu mənfur həyasızlığına qarşı etiraz aksiyaları ilə yanaşı, digər müxtəlif tədbirlər də həyata keçirirlər. Məsələn, Moskva şəhərində fəaliyyət göstərən Food City topdansatış bazarının azərbaycanlı sahibləri professor İlham Rəhimov və yəhudu əsilli iş adam Qod Nisanovun birgə qərarına əsasən həmin bazar artıq bir həftədən çoxdur ki,  erməni ticarətçilər buraxılmır. Bu barədə professor İlham Rəhimov bir neçə gün əvvəl verdiyi müsahibəsində belə demişdi: Food City rəhbəri olaraq hesab etdik ki, ermənilərin orada olması məqsədəuyğun deyil. Başqa qərarımız ola bilməzdi. Ermənistan bizim Vətənimizi atəş altında saxlamağa cəhd edirsə, nə erməni iş adamının, nə diplomatının ayağı bizim obyektdə olmayacaq”. Əslində, Avropanın ən böyük topdansatış mərkəzi olan Food City-də Ermənistan məhsullarının satışının dayandırılması Ermənistan iqtisadiyyatı üçün böyük itkidir. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan da etiraf edib ki,  bu qərar Ermənistan biznesmenlərinə böyük ziyan vurub. Bəli, bu sözündə erməni səfir haqlıdır: axı 150 hektarda yerləşən bu bazara Ermənistandan hər gün yüz minlərlə ton məhsul gəlirdi. Yəni, əvvəllər Ermənistandan topdansatış üçün Food City-yə gətirilən malların indi hamısı zibilliyə gedir. Görünür,  ziyan yüz milyonlarladır. Bunu Ermənistan səfirliyinin Food City-ə elçi göndərməsi də sübut edir. Lakin ermənilərə böyük iqtisadi zərbə vuran bu qərar veriləndən dərhal sonra, yəni iyulun 18-də sosial şəbəkələrdə erməni ticarətçilərin guya Food City-ə geri döndükləri, orada məhsul satdıqları haqda bir video yayıldı. Xatırladaq ki, bununla bağlı hətta jurnalist Aygün Muradxanlı professor İlham Rəhimovdan açıqlama da alaraq özünün Facebook hesabında paylaşmışdı. İ.Rəhimov həmin açıqlamasında sözügedən görüntülərin bir bir erməni provakasiyası olduğunu ehtimal etdiyini bildirmişdi: ”Bu çəkilişi mənə də göndərmişdilər. Dərhal göstəriş verdim ki, provakasiyanı kimlərin təşkil etdiyi araşdırılsın. Food City-də bir nəfər də erməni yoxdur. Qərarımız qüvvədədir - heç bir Ermənistan məhsulu, erməni iş adamı əraziyə buraxılmır. Food City-nin işlətməçilərinə bununla bağlı tapşırıq verilib. Provakasiya yersizdir”. Bəli, Food City ətrafında baş verənlərin bir provakasiya olduğu göz qabağındadır və bu cür provakasiya xarakterli əməllər hazırda da davam edir. Rusiya mətbuatında bu mövzuda yazılara rast gəlmək gərək bizi çox da təəccübləndirməsin. Çünki Rusiya mətbuatında ermənilərin necə dərin kök atmasından yaxşı xəbərdarıq. Ancaq bizi təəccübləndirən orada yazılan yalanların yerli mətbuatda az qala həqiqət kimi təqdim olunmasıdır. Guya,  Food City  sahiblərinin “Azərbaycansevərliyi” uzun sürməyib. Növbəti gün Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib ki, erməni mallarının "Fud Siti" bazarında satışı bərpa olunub. Ermənistan səfiri də məhsulların tədarükü ilə bağlı problemlərin artıq olmadığını təsdiqləyib”. “İlkxeber.org”-un əməkdaşı Food City bazarında çalışan bir neçə həmyerlimizlə əlaqə saxlayaraq bu topdansatış bazasına ermənilərin geriyə dönüşləri barədə məlumatların doğru olub-olmaığını dəqiqləşdirməyə çalışıb. Əməkdaşımızın telefonla danışdığı həmyerlilərimizin hər biri ermənilərin bazara geri dönmələrinin yalan olduğunu qətiyyətlə təsdiqləyiblər. Onlardan biri qeyd edib ki, on günə yaxındır bazarda bir nəfər olsun erməni ticarətçisi yoxdur: “Mən özüm hər gün səhər tezdəndən axşama qədər buradayam. Bu ön gündə bir nəfər erməni ilə rastlaşmamışam, bu bazarda. Onlardan bəziləri artıq məcbur olub özlərinə başqa yerlər axtarırlar. Məsələn, mən özüm görmüşəm ki, erməni Samvel Karapetyana məxsus “Buxta” Ticarət Mərkəzinin həyətində ermənilərə məxsus xeyli meyvə maşınları dayanıb, orada satırlar. Onlar məcburiyyət üzündən o ünvana gəliblər. Halbuki həmin Ticarət Mərkəzində pal-paltar satılır. Çalışacam, sizə şəklini də çəkim göndərim”.   Sonda bir məsələni xüsusilə qeyd etmək çox yerinə düşərdi. Azərbaycan çox məkrli düşmənlə üz-üzədir. Sonuncu Tovuz döyüşləri göstərdi ki, ermənilərin təkcə Qarabağa yiyələnmək deyil, onlar əlavə torpaqlarımızı da işğal etmək istəyirlər. Ona görə də, ayıq olmalıyıq. Bir-birimizi təftiş etməyə yox, bütün gücümüzü, imkanlarımız düşmənə qarşı çevirməliyik. Son günlər ölkədən kənarda olan azərbaycanlılar Ermənistana çox ciddi iqtisadi zərbə vurdular. Biz  belə addımları təqdir etməliyik, qiymətləndirməyi bacarmalıyıq, nəinki neqativ nəsə axtarmağa cəhdlər etməliyik. Fikrimcə, yuxarıda söhbət açdığımız mövzu ilə bağlı deputat Vahid Əhmədov daha doğru və obyektiv münasibət sərgiləyib. Deputat belə bir vəziyyətdə iş adamlarımızın gördüyü işləri çox yüksək qiymətləndirdiyini deyib: “Belə bir vəziyyətdə, Rusiya paytaxtının mərkəzində... Baxmayaraq ki, Moskvada kifayət qədər ermənipərəst qüvvələr var. Həmçinin Rusiya hökumətində... Amma yenə də iş adamlarımız belə bir cəsur addımı atdılar. Buna görə, əlbəttə ki, onlara böyük təşəkkür düşür”. İlkxeber.org