“Haqlı ikən haqsız duruma düşməyək”

Tanınmış filosof, professor Səlahəddin Xəlilov “Feysbuk” profilində ermənilərin son təxribatları ilə bağlı ölkədə və xaricdə baş verənlərlə əlaqədar belə bir çağırış edib: “Öz torpaqlarımızı düşmən əlində qoyub, yad torpağında düşmən ovuna çıxmaq kimi saçma-sapan təbliğata uymayaq. Ötən illər ərzində xarici ölkələrdə ictimai rəy onsuz da təhrif edilmiş, bizim ziyanımıza yönləndirilmişdir. İndi gözlər yeni-yeni açılırkən, düşmən dəyirmanına su tökməyək. Ovu bərəsində vurarlar. Cəbhəni burda qoyub: düşmən üçün daha əlverişli məkanlara transfer etməyək. Hər cəbhənin öz savaş metodları var. Xarici öəkələrdə mübarizə dünyanın gözünü həqiqətə açmaq uğrunda getməlidir. Təhsil üçün göndərdiyimiz gənclərin qeyrət damarına basıb, təxribatlara cəlb olunması yolverilməzdir. Əksinə, yaranmış vəziyyətdə dövlətin də, ictimaiyyətin də əsas vəzifəsi xaricdə təhsil alan, iş ezamiyyətində olan vətəndaşlarımızın mühafizəsini təşkil etmək, onları təxribatdan və düşmən həmləsindən qorumaq olmalıdır. Hər işi öz peşəkarına buraxmaq lazımdır. P.S. O başqa məsələ ki, peşəkarlar varmı, hardadırlar və öz funksiyalarını yerinə yetirirlərmi?! Dövlətin beynəlxalq miqyasda fəaliyyətinin daha bir aspekti... Amma tək dövlətin deyil, sosial şəbəkələrin də məsuliyyəti böyükdür. Təxribatçı təbliğatdan, yanlış çağırışlardan uzaq duraq!”