Ermənilər təxribat üçün nədən Tovuzu seçdi? – Rusiya bu işin harasındadır? – Ruslan Bəşirlinin şərhi

İyulun 12-də Ermənistan silahlı birləşmələri qəflətən Azərbaycanın Tovuz rayonuna hücuma keçdi. Toplar və minomyotlarla edilən təcavüzkar hücum nəticəsində Azərbaycan 12 şəhid verdi. Azərbaycan Ordusu təcavüzkar Ermənistanı sərt cavab atəşi ilə geri oturtdu. 12-14 iyulda baş tutan Tovuz döyüşləri zamanı Azərbaycan Ordusu təcavüzkar düşmənin 100-dən çox zabit və əsgərini, hərbi bazasını, döyüş maşınlarını, əsgər kazarmasını məhv etdi. Xüsusilə də Azərbaycan Ordusunun PUA-lardan məharətlə istifadə edərək, düşmənə sarsıdıcı zərbələr endirməsi yaddaşlarda qaldı. Bu həm də Azərbaycan Ordusunun Türkiyənin döyüş təcrübəsindən istifadə etdiyinin sübutudur.  Qeyd edək ki, Türkiyə İdlib və Liviya əməliyyatlarını məhz PUA-lardan geniş istifadə etməklə qazanmışdı. Siyasi olaraq Türkiyə ilk gündən Azərbaycana indiyədək heç zaman olmayan səviyyədə dəstək verdi. Prezident Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar və Türkiyənin bir sıra dövlət adamları istər siyasi, istərsə də döyüş sahəsində Azərbaycanın yanında olduqlarını bəyan etdilər. Hətta Türkiyə Müdafiə Sənayesinə rəhbərlik edən İsmayıl Dəmir, "Türkiyənin bütün silah arsenalı Azərbaycanın əmrindədir", bəyanatı verdi. İndi günün sualı budur: Ermənistan nədən Tovuz istiqamətindən hücuma keçdi? Öncəki illərdə İrəvan bu tip təxribatçı addımlarını işğal olunmuş Qarabağ ərazisindən həyata keçirərdi. Nədən Tovuz? Rusiya bu hücumun harasındadır?  Əksər siyasi analitiklərə görə, Ermənistan birmənalı olaraq Moskvanın izni olmadan bu addımı ata bilməzdi. Hərçənd Ermənistanın yeni hökumətinin rəsmi Moskva ilə münasibətlərinin kəskin şəkildə pisləşdiyi və Paşinyanın Tovuz hücumuna təkbaşına qərar verdiyini iddia edənlər də var. Lakin ermənilərin 300-400 ildir bölgədə Rusiyanın əlaltısı rolunda çıxış etməsi də danılmaz faktdır. Ermənistan iqtisadi və siyasi olaraq tam şəkildə Rusiyanın forpostudur. Hazırda Ermənistanın güc strukturları, o cümlədən də müdafiə nazirliyi birbaşa Moskvanın nəzarəti və təsiri altındadır. Nədən Tovuz? 1.Döyüşlərin getdiyi Tovuz bölgəsi Azərbaycan-Gürcüstan- Türkiyə koridorunun, enerji və nəqliyyat yollarının çox yaxınlığında yerləşir. Bu ərazidən Bakı-Tiflis- Ceyhan neft kəməri, Azərbaycan və Türkiyənin birgə gerçəkləşdirdiyi TANAP qaz xətti və Bakı- Tiflis- Qars dəmiryol xətti keçir. Bu koridor Azərbaycanla Türkiyəni birləşdirən yeganə enerji xəttidir. Eyni zamanda, bu koridor Türkiyənin Qafqaz və Orta Asiyaya açıldığı, Xəzərin neft və qazını Türkiyəyə və dünyaya daşıyan strateji bir koridordur. Bu koridor həmçinin Azərbaycan- Gürcüstan- Türkiyəni birləşdirən bir xəttdir. Ermənistanın kənarda qaldığı adı çəkilən layihələr Cənubi Qafqazın dünyaya çıxış layihələridir və Azərbaycan iqtisadiyyatının güclənməsində mühüm əhəmiyyət kəsb edir. Son illər Türkiyənin Rusiya qazından aslılığının azalması və Ankaranın daha çox Azərbaycandan qaz istehlak etməsi də mühüm amillərdəndir. Məsələn, 2019-cu ilin mart və 2020-ci ilin mart ayları ərzində Türkiyə Rusiyadan aldığı qazın miqdarını 72 faiz azaldıb. Bununun əvəzində Azərbaycan qazının alınmasına üstünlük verən Türkiyə ölkəmizdən aldığı qazın miqdarını 19 faiz artırıb. Təbii ki, Azərbaycan qazının Türkiyədə üstün mövqe əldə etməsində TANAP-ın böyük rolu var. Ruslar Azərbaycanın TANAP layihəsini Rusiyanın "Türk axını" layihəsinə ciddi maneə olaraq görürlər. Həm də artıq TANAP təkcə Türkiyənin deyil, gələcəkdə Avropanın da qaz ehtiyaclarının bir qismini ödəmək iddiasındadır. Azərbaycan hökuməti ölkədən çıxarılan neft və qaz ehtiyatlarının müstəqil olaraq bazar qiymətləri çərcivəsində dünyaya transferində qərarlıdır. Bu, suveren bir dövlət olaraq Azərbaycanın tam haqqıdır. Bu məsələdə Türkiyə də Azərbaycana tam dəstək verir. Terrorçu Ermənistan rejimi isə dəfələrlə Azərbaycanın enerji layihələrini vuracağı ilə təhdid edib. Təkcə bu təhdidlər kifayət edir ki, BMT və digər qurumlar rəsmi İrəvanı terroru dəstəkləyən dövlət elan etsin. Xüsusilə də burada Bakı-Tiflis- Ceyhan neft kəməri xüsusi önəm daşıyır. Bu layihənin tərəfdaşları həm də ABŞ, İngiltərə kimi böyük ölkələrdir. Ermənistanın həm Bakı -Tiflis- Ceyhan neft kəmərini təhdid etməsi, həm də Tovuza hucumla faktiki olaraq kəməri təhlükə altına alması diqqətdən qaçmamalıdır. Görünür, Ermənistan və dəstəkçiləri Tovuzda strateji yüksəklikləri ələ keçirərək, Azərbaycanla Türkiyəni birləşdirən enerji koridorunu təhdid altlında saxlamaq istəyirdi. Lakin Azərbaycan Ordusunun düşmənə layiqli cavabı və ermənilərin bir çox hərbi obyektlərini məhv etməsi, düşmənin bu məkirli planına mane oldu. 2.Türkiyənin İdlib, Liviya, Aralıq dənizində əldə etdiyi uğurlar Rusiyanın və bir sıra Qərb dövlətlərinin narahatçılığına səbəb olub. Rusiyanın bütün hücumlarına baxmayaraq, İdlibi verməməsi, Liviyada qanuni Sərrac hökumətinə hərbi dəstək verərək, bu ölkənin torpaqlarının böyük qismini Rusiyanın "Vaqner" muzdlularından təmizləməsi Moskva tərəfindən narahatlıqla izlənilir. Türkiyəli siyasi şərhçilərin fikirincə, Tovuz hücumu ilə rəsmi Ankaraya qarşı yeni bir cəbhənin açılması planlaşdırılmışdı. Niyə Azərbaycan torpaqları?  Çünki dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan ikinci bir qardaşlıq nümunəsi tanımırıq. Hər iki qardaş dövlət bir-birini canından, qanından hesab edir. Dolayısı ilə bu hücumun arxasında duranlar Türkiyənin səssiz qalmayacağını bilirdilər. Ermənilər məhz Tovuz istiqamətindən təxribat törədərək, böyük ehtimalla, Azərbaycanın qarşı tərəfin müəyyən postlarını və ya ərazilərini tutmasını planlayırdılar. Çünki Rusiya ilə Ermənistan arasındakı hərbi müqaviləyə görə, Moskva bundan istifadə edib, savaşa qoşula bilərdi. Bu da artıq yeni cəbhənin açılması demək idi. Lakin Azərbaycan ancaq ermənilərin atəş nöqtələrini və hərbi bazalarını məhv etməklə, mülki əhaliyə heç bir ziyan vurmamaqla bu ssenarini pozdu . 3.Tovuz hücumunun başqa bir səbəbi son zamanlar Azərbaycanla Türkiyənin münasibətlərinin getdikcə artan fazada güclənməsi ola bilər. Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demək olar ki, bütün sahələrdə rahatlıqla anlaşa bilirlər. Xüsusilə də Azərbaycanın Türkiyə ilə hərbi sahədə əməkdaşlığa başlaması bəlli gücləri qıcığlandırır. Bir müddət öncə, Türkiyənin Azərbaycana 200 milyon lirəlik hərbi yardım edə biləcəyi gündəmə gəldi. Azərbaycan isə öz silah arsenalını Türkiyə hərbi sənayesinin istehsal etdiyi silahlarla zənginləşdirmək fikirindədir. Bu silahlar arasında xüsusi ilə "Bayraktar TB2" SİHA önəmli yer tutur. "Bayraktar TB2" SİHA-sı həm İdlib savaşında, həm də Liviyada Türkiyənin qələbəsinə səbəb olmuşdu. Bu pilotsuz hava aparatı eyni zamanda İdlibdə 3, Liviyada isə 6 Rusiya istehsalı olan "Pantsir" havadan müdafiə sistemini məhv etmişdi. Qərb mediasının yazdığına görə, "Bayraktar TB2" SİHA-sı hazırda dünyada politsuz hava aparatları arasında ən güclüsüdür. "TRT World"-in məlumatına görə, artıq Azərbaycan Türkiyə ilə bu SİHA-lardan almaq barədə razılığa gəlib. Bu isə Azərbaycan Ordusunun daha da güclənməsini şərtləndirir. Görünür, Tovuz hücumunun arxasında duranlar bununla Azərbaycana təzyiq edə biləcəklərini düşünürdülər. Lakin proseslərin gedişi onu göstərdi ki, Azərbaycan-Türkiyə qardaşlığı, əlaqələri artıq qarşısıalınmaz müstəviyə keçib. Əksinə, son Tovuz savaşı Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirdi. Ruslan Bəşirli Avropa.info