IGB rəsmiləri boru kəmərinin birləşdirildiyi ərazidə tikinti işlərinin gedişatını yoxladılar

Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria: IGB) rəsmiləri boru kəmərinin birləşdirildiyi ərazidə tikinti işlərinin gedişatını yoxlayıblar və tikinti işlərini həyata keçirən podratçı ilə əməliyyat iclası keçiriblər. “Report” xəbər verir ki, bu barədə boru kəməri layihəsini həyata keçirən ICGB şirkəti məlumat yayıb. Məlumata görə, layihənin Bolqarıstan və Yunanıstan tərəfdən rəsmiləri Teodora Georgiyeva və Konstantinos Karayannakos qaz kəmərinin iki ölkə arasındakı inşaat işlərininin gedişatını yerində izləyiblər. Onlar həmçinin İGB qaz kəmərində tikinti işlərinin həyata keçirən “Avax” şirkətinin nümayəndələri ilə görüş keçiriblər . Görüşdə hər iki ölkənin ərazisində layihənin həyata keçirilməsi üçün əsas fəaliyyətlərin gedişatını müzakirə edilib. Bildirilib ki, sahədə aparılan bütün işlər epidemiya əleyhinə tədbirlərə ciddi riayət olunmaqla həyata keçirilib və ciddi nəzarət altında aparılır. Podratçılar işçilərin hərtərəfli yoxlanılması üçün zəruri qurum yaradıblar və bu günə qədər koronavirusa yoluxma qeydə alınmayıb. T. Georgiyeva bildirib ki, IGB layihəsi Yunanıstan və Bolqarıstan üçün təbii qaz mənbələrinin zəmanətli diversifikasiyasını təmin edəcək. Onun sözlərinə görə, boru kəmərinin əhəmiyyəti iki ölkənin milli sərhədlərini aşır: “IGB boru kəməri ilə Bolqarıstan Azərbaycan, ABŞ, İsrail, Misir və digər ölkələrdən də təbii qaz əldə edə biləcək”. IGB Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30%-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin II yarısında başa çatacağı gözlənilir. İGB-nin sərmayə dəyəri 220 milyon avrodur. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Boru kəmərinin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.