Erməni hədəflərindən biri -  tarixi-mədəniyyət abidələrimiz

Ermənilərin Qafqaz coğrafiyasında yaşaması, dövlətçiliklərinin mövcud olması haqqında Azərbaycan tarixşünaslığında kök salmış əsas yanaşma budur ki, ermənilər tarix boyu bu ərazilərdə heç zaman hakim qüvvə olmamış, hansısa dövlətlər yaradaraq tarixin gedişatını müəyyənləşdirməmişlər. XIX əsrin əvvəllərindən başlayaraq, ermənlərin bu torpaqlara köçürülməsi Çar Rusiyasının Qafqazda “xristian dövləti” yaratmaq siyasətinin nəticəsi idi. Bəri başdan qeyd edim ki, Azərbaycan ictimai rəyində, tarixşünaslığında bu yanaşma cəmi 30-35 ildir ki, ortaya çıxmışdır və bu yanaşma formalaşma, təkmilləşmə, təsdiqlənmə prosesindədir. Azərbaycan tarixi ilə bağlı tədqiqatların genişlənməsinin, milli mövqedən çıxış edilməsinin əsas səbəbi Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsidir. Müstəqillik tariximizin indiyədək gizli qalmış, öyrənilməmiş səhifələrini daha dərindən tədqiq etmək imkanı yaratmışdır. Müasir dövrdə Çar Rusiyası, keçmiş SSRİ dövründə, yəni təxminən 200 il ərzində Azərbaycan tarixi ilə bağlı yazılara, tədqiqatlara yeni müstəvidə baxmaq, oxunmuşları yenidən oxumaq vacibdir. Bu prosesdə ən vacib məsələlərdən biri isə yeni tədqiqatların geniş ictimaiyyətə çatdırılması, müxtəlif müzakirə-informasiya müstəvilərindən səmərəli istifadə olunmasıdır. Rusiyanın işğalları Qafqazın, Azərbaycanın etnik-dini vəziyyətinin dəyişdirsə də, bu ciddi təsirə məqsədyönlü şəkildə və uzun müddət diqqət yetirilməməsi, bir çox hallarda bununla bağlı araşdırılmaların qadağan edilməsi müasir dövrdə də tədqiqatların aparılmasını çətinləşdirir. Bu müstəvidə ən ciddi problemlərdən biri təxminən 200 il ərzində Azərbaycanın tarixi mədəniyyət abidələrinin taleyinin demək olar ki, öyrənilməməsidir. Çar Rusiyası zamanında olduğu kimi, sovet dövründə də Azərbaycanın mədəniyyət abidələrinə qarşı erməni-daşnak terroru davam etmiş, Qarabağ müharibəsi başlayandan sonra isə mədəniyyətimizə qarşı qəsdlər daha dağıdıcı xarakter almışdır. Son 30 ildə tarixi, etnoqrafik, arxeoloji, sənətşünaslıq və s. elmlərin müstəvisində aparılmış tədqiqatlar vacib və mühüm nəticəyə gəlməyə imkan verir. XIX əsrdə olduğu kimi (1), (2), XX əsrdə də (3), (4), (5) hətta yeni minillikdə də ermənilər torpaqlarımızı işğal etmək, azərbaycanlıları kütləvi şəkildə qətliama məruz qoymaq, qaçqın və məcburi köçkünə çevirməklə yanaşı, tarixi mədəniyyət abidələrimizi sistemli və məqsədyönlü şəkildə məhv etmək siyasəti yürütmüşlər. Son illərdə aparılmış tədqiqatlardan məlum olur ki, ermənilərin Azərbaycana qarşı işğalının, terror əməllərinin hədəflərindən biri məhz tarixi-mədəniyyət abidələrimiz olmuşdur. Ermənilərin Azərbaycanın tarixi mədəniyyət abidələrinə qarşı terrorunu aşağıdakı kimi qruplaşdırmaq mümkündür. -Tarixi Azərbaycan ərazilərində, müasir Ermənistan Respublikası ərazisindəki orta əsrlərə, son orta əsrlərə aid alban xristian abidələrinin saxtalaşdırılaraq, qriqoryanlaşdırılması. Uzun əsrlər boyu kilsə-xalq şəklində mövcud olan ermənilərin ilk növbədə alban kilsələrini özlərinə uyğunlaşdırması təsadüfi deyildi. Kilsələr ermənilərin dini-siyasi ideologiyasının sığınacağı, təbliğat məkanı, mərkəzi funksiyasını yerinə yetirmişdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, erməni kilsəsi alban kilsəsini həm maddi, həm də dini baxımdan mənimsəməklə yanaşı, müəyyən mənada alban kilsəsinə uyğunlaşmışdır. Buna görə də müasir dövrdə Azərbaycan ərazisində mövcud olan alban kilsələri ilə XIX əsrin ortalarından başlayaraq tikilən erməni qriqoryan kilsələri arasında fərqləri tam aydın şəkildə üzə çıxarmaq xeyli çətinləşmişdir. - Həm müasir Ermənistan ərazisində, yəni tarixi Azərbaycan torpaqlarında, həm də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində mövcud olan tarixi abidələrin, xüsusi ilə dini abidələrin (məscid, türbə, ziyarətgah və s.) tək-tək nümunələr saxlanılmaqla kütləvi şəkildə məhv edilməsi. XIX əsrdə olduğu kimi, XX əsrin əvvəllərində, xüsusi ilə 1918-ci ildə erməni daşnaklarının Bakıda, Şamaxıda, Qubada törətdikləri qətliamlar zamanı  məscidlərin, minarələrin hədəf seçilməsini də xatırlatsaq, müsəlman azərbaycanlılara məxsus dini abidələrin məhv edilməsi erməni terror siyasətinin mahiyyətini dərk etməyə imkan verir. Tarixi mədəniyyət abidələrimizə qarşı erməni terrorunun coğrafiyası (burada Bakıdan tutmuş İrəvana, Cənubi Azərbaycana qədər ermənilərin məhv etdiyi saysız-hesabsız abidələrimizin adını sadalamaq mümkündür) “dənizdən dənizə Böyük Ermənistan” yaratmaq istəyən erməni terror siyasətinin məqsəd və məramını ortaya çıxarır. Ötən illər ərzində erməni terroruna məruz qalmış tarixi abidələrimizin taleyinə işıq salınması, aparılan elmi tədqiqatlar, abidələrimizin bərpası, KİV, QHT-lərin gördüyü işlər keçmişimizi bərpa etməklə yanaşı, düşmən ideologiyasına, erməni terror siyasətinin qanlı məqsəd və məramına qarşı mübarizənin mühüm tərkib hissələrindən biridir.  
  1. İrəvan xanlığı, Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, 2010, 463 s.
  2. Əliyev F., Həsənov U. İrəvan xanlığı. Bakı, “Şərq- Qərb”, 2007,144 səh.
  3. Вердиева Х., Гусейн-заде Р. Родословная» армян и их миграция на Кавказ с Балкан. Эссэ. Баку: «Е1m», 2003, стр.168.
  4. Abışov V.Ş. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər). Bakı: Nurlan, 2005, 176 s.
  5. Qəniyev S. 1918-ci   il   Şamaxı   soyqırımı.   Bakı: “Nurlan”, 2003.  152 s.
  6. Arzumanlı V., Mustafa N. Tarixin qara səhifələri. Deportasiya, Soyqırım, Qaçqınlıq. Bakı, Qartal, 1998, 279 s.
 Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Savalan Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən “Tarixi mədəniyyət abidələrimizə qarşı erməni terrorunun coğrafiyası” layihəsi çərçivəsində çap olunur.   Bəhmən Əliyev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent