Oğruların da ürəyi olurmuş ..

Bu epizodu Vasif Sadıqlının yazısından götürmüşəm: "Cəbhəyə gedən və cəbhədən qayıdan iki nəfər qarşılaşır. Cəhbədən qayıdan cəbhəyə gedən əsgərə parçaya bükülü bir şey verir və deyir ki, bu, suxarıdır. Amma indi yemə. Elə ki, gördün yüz faiz acından ölürsən, onda aç, ye. O biri də söz verir. Cəbhəyə gedən neçə dəfə aclıqla üzləşsə də, bükülünü açmır. Nəhayət, müharibə qurtarır, geri qayıdır, acından ölmək qorxusu yoxdur. Bükülü yadına düşür, onu açır və… görür ki, ordakı suxarı yox, taxta parçası imiş…" Əsgəri sağ saxlayan suxarı hesab elədiyi taxta parçası idi. O suxarı hesab etdiyi taxta parçası idi ürəyində qut olan, aclıq qorxusundan onu qurtaran, müharibəni başa vurmasına yardım edən bir ümid idi o ... Aclıq illərində müdrik nənələrimiz ac uşaqlarını qazana daş doldurub, indi bişəcək, deyə ümidlə yatırıblar. Çörək yoxdur, yemək yoxdur, deyib, uşaqlarının gözünü qorxutmayıblar... Çörək... Müqəddəs nemət. ...Hər kəsin Allahdan istəyi: "Allah bizi çörəklə sınağa çəkməsin!" Hamı çörək pulu qazanmaq hayında və s. ifadələrdə də çörəyin həyat üçün nə qədər vacib bir amil olduğu diqqəti çəkir. Müharibə həm də insanlarən çörəklə sınağa çəkilməsidir. İnsanların mənəviyyatının, dövlətin iqtisadi gücünün sınağı çəkilməsidir. Aclıq və mərhumiyyət bəzən insanları bir-birinə yaxınlaşdırır. Hamının dərdi eyni olanda palaza bürünüb, o dərdi ellə birlikdə çəkmək də asan olur bəzən... Yadıma "Şərikli çörək" filmi düşür, insanların mənəvi saflığı, birliyi də müharibədə qələbə qazanmağın əsas şərtlərindəndir... Ağdamda bir Çörək muzeyi vardı. Dünyada 3-cü muzey idi. Uşaq vaxtı görmüşdüm. Orada ən maraqlı, yaddaşıma həkk olunmuş eksponat Leninqradın mühasirəsi zamanı bir qadının yeməyib saxladığı "çörək payoku" idi. Ona (Allaha ağır getməsin) çörək demək olardısa?! Sanki balaca palçıq kəsiyi idi... Amma adı "çörək"idi, ümid, qut idi ürəklərdə... İki gün marketlərin bağlanması ilə əlaqədar olaraq adamların çörək qorxusu yaşaması yadıma tələbəlik illərindən yaddaşıma ilişib qalmış, şahidi olduğum bir hadisəni saldı. O vaxt insanlar sanki indiki kimi deyildilər. Adamlarda hələ rəhm, mərhəmət hissi tamamən qəhətə çəkilməmişdi. Çörək qəhətə çəkilsə də... Biz çörək imtahanından bir dəfə 90-larda çıxmışıq. Amma dünənki kimi olmayıb heç o vaxt. Adamlar çox dəyişib, deyəsən, çox... Çox şey itirilib, təkcə torpaqlar yox, deyəsən, ən dəhşətlisi mənəvi dəyərlərin itirilməsidir!... 90 -cı illər idi. Soyuq və üzücü bir gündə, dərsin sonunda, nəhayət ki, tələbələrin iki ay gecikmiş təqaüdünü alıb, çoxunu payladı. Dərsə gəlməyənlərin pulları isə özündə qaldı, sabah verəcəkdi. İnstitutdan çıxıb tələsik bazarın yanındakı çörək mağazasına tərəf getdi. Çox tələsirdi. Hələ nə qədər növbədə durmalı idi. Şəhərə Kəlbəcərin işğalı ilə əlaqədar çoxlu köçkünlərin də gəldiyindən Gəncə əhalisinə çörək çatdırmaq olmurdu. Gəncə çörək zavodunın gecə-gündüz işləməsinə baxmayaraq, şəhərdə çörək çatışmazlığından bəzən saatlarla növbədə dayansalar da, bəziləri evə əliboş, çörəksiz getməli olurdular. Çörək mağazalarının qarşısında uzun növbələr olurdu. Bəzən yornuq-arnıq, ac-yalavac dərsdən çıxıb bir saat növbədə dayanırdı, ona növbə çatanda məlum olurdu ki, çörək qurtarıb, yenidən çörəyin bişməsini gözləməli olurdu. Növbəti çörəyin bişib çıxması bir-iki saat çəkirdi. Odur ki, tez-tələsik bazar qabağındakı gur insan axınının arasından adlayaraq çörəyinin xoş ətri ətrafa yayılmış mağazaya tərəf getdi... Buranı özəl olaraq elə köçkünlər açmışdılar. Çörək çatmırdı deyə özləri çörək bişirir və satırdılar. Çox zaman çörəyi elə buradan alırdı, həm isti olurdu, həm də ev çörəyini xatırladırdı. Çorəyin satıcısı, arıq, çəlimsiz, ağappaq rəngində bir qaşıq qan qalmamş, işləməkdən və yornuqluqdan gözləri çuxura düşmüş bir yeniyetmə idi. Ona çörəyi hər dəfə xüsusi canfəşanlıqla, əlləri yanmasın deyə qəzetə bükərək verirdi. Bu isə başqa müştərilərin qısqanclığına səbəb olurdu, satıcını kobudcasına tələsdirir, söz atır, təhqir edirdılar... Buna baxmayaraq, tələbə qızı görəndə yeniyetmənin qoca kişilərinki kimi çuxura düşmüş, işığı öləzimiş gözləri sanki işıqlanır, canlanırdı. Qızın bu uşağa çox yazığı gəlirdi. Onu görəndə hər dəfə Gəncə bazarlarının günahsız qurbanı olan Bahar yadına düşürdü. Odur ki, əslində çox ciddi və qaş-qabaqlı olmasına baxmayaraq, satıçıdan yupyumru sifətinə, iri ala gözlərinə çox yaraşan, gəlişiylə çöhrəsini tamamilə dəyişdirib nurlandıran işlqlı təbəssümünü əsirgəmirdi... Bu xəyallarla fikirli-fikirli adamların gur yerindən keçəndə nə isə hiss etdi. Dönüb çantasına baxanda iki uzun barmaqların onun çantasındakı bütün pullarını, hətta tələbələrə vermədiyi təqaüdlərini də götürdüyünü gördü. Qız bunu görüb, qorxudan içini çəkdi, əlləri ilə ağzını tutdu, başını qaldırıb pulları götürən bu uzunboylu oğlana baxanda baxışları sataşdı, qız oğru oğlanın düz gözlərinin içinə baxaraq çığırıb-bağırmadan, hay-həşir salmadan o qədər məsumcasına və yavaşca səslə: "Aaa, hamısını götürdü eee, heç olmasa, çörək pulu da saxlamadı!", - dedi ki, oğru oğlan bu sözdən  -çörəkpulu sözündən sonra utandığından yerə keçdi, götürdüyü pulların hamısını çantaya atıb, iri addımlarla adamların arasına qarışıb yox oldu...