...Vətən, bəs sənin necə qurbanın olaram?

Arzu Qaziyeva

Valideynlər var ki, uşaqlarını və ya nəvələrini yalnız rus dilində danışmağı öyrədir və tələb edirlər. Son vaxtlar əməlli-başlı vüsət alıb. Hətta rəsmi qurumlarda, təşkilatlarda belə rus dilində danışıqlara rast gəlməmək mümkün deyil. Sanki Rusiyanın bir forpostu olduğumuzu hurreylə təsdiqləyirik. Könüllü, məhəbbətlə, həvəslə.
Sovet dönəminin söhbətidir: musiqi məktəbimizdə rus-erməni qarışığı olan müəlliməmiz vardı, ingilis dilini tədris edirdi. Azərbaycan dilində bülbül kimi cəh-cəh vururdu. Bir dəfə marağımı boğa bilməyib onun dilimizə sevgisinin səbəbini soruşdum. Cavab verdi ki, “mən harda yaşayıram?!”
Müstəqillik dönəminin söhbətidir: qonşumda bir ailə vardı. İki uşağı yalnız rus dilində danışırdı. Məktəbi bitirəndə və ali məktəbə qəbul zamanı Azərbaycan dilindən imtahan vermək üçün onlara ana dili müəllimi tutmuşdular. Buna faciəmi deyim, dəhşətmi deyim, bilmirəm.
Nə üçün ana dilinə bu qədər sayğısızlıq göstərilməlidir? Çox dil bilmək yaxşıdır, ancaq ana dilinə heç arxa plan da verməmək hesabına yox axı. Nə qazanırıq bundan? Ana dilimizin qrammatik qaydalarını bilmirlər, “da”, “də” harda ayrı, harda bitişik yazılır, “ilə” bağlayıcısı harda bitişik, harda ayrı yazılır bilmirlər, öyrənmirlər, ancaq ana dilimizdən beşqat artıq çətin olan rus dilinə canlarını fəda edirlər. Vallah, heç bir ölkədə bunca manqurtluq yoxdur.
Yaşadığım rayonun böyük parkı var. Ora mütəmadi kiçik yaşlı uşaqlarla cavan analar və dayələr toplaşırlar. Uşaqlarla aşırı olaraq rus dilində ünsiyyətə rast gəlirəm. Baxıram ki, azərbaycanlı ailəsidir. Axı niyə belə olmalıdır? Heç cür anlaya bilmirəm. Yolum hər dəfə ora düşərkən qulağım o ala-yarımçıq dialoqları çalanda pərt oluram, peşmanlıq hissi keçirirəm, gələcəyə ümidlərim ölür.
Nə üçün ana dilinə bu qədər sayğısızlıq göstərilməlidir? Çox dil bilmək yaxşıdır, ancaq ana dilinə heç arxa plan da verməmək hesabına yox axı. Nə qazanırıq bundan? Ana dilimizin qrammatik qaydalarını bilmirlər, “da”, “də” harda ayrı, harda bitişik yazılır, “ilə” bağlayıcısı harda bitişik, harda ayrı yazılır bilmirlər, öyrənmirlər, ancaq ana dilimizdən beşqat artıq çətin olan rus dilinə canlarını fəda edirlər. Vallah, heç bir ölkədə bunca manqurtluq yoxdur. Uzağa getmirəm, qonşu Gürcüstanda gürcü dilini bilməsən halın fənadır, bütün mənalarda. Dünyanın hansı ölkəsinə ayağımızı basırıqsa, adamlarının özlərinə, ənənələrinə, dəyərlərinə hörmətlərinə vuruluruq, nələrinisə də özümüzə transfer etməyə çalışırıq. Hər şeyi öyrənirik, bəlkə transfer qabiliyyətimizdən istifadə edib başqa ölkələrin ana dilinə sevgi xüsusiyyətini də öyrənək?
Ana dilim, sənin qurbanın olmasam, Vətən, bəs sənin necə qurbanın olaram?

P.S. Bir hadisəni də danışmasam olmur. Vaxtilə bir həmkarım danışmışdı. Dolayı yolla əcnəbi dillərin ifrat istifadəsi ilə bağlıdır. Bir dəfə prezidentimiz Bakıdakı mebel fabriklərindən birini ziyarət edərkən baxır ki, hazırlanan divana bir italyan firmasının adını göstərən etiket yapışdırıblar. Sahibkara deyir ki, “axı bu yerli istehsaldır, nə üçün əcnəbi ad qoyursuz?” Və sahibkarın cavabını gözləmədən əlavə edir: “Yaxşı olar ki, milliliyi bildirən adlardan istifadə edəsiz. O qədər ad tapmaq olar ki”.