Nəsillərin söyüş “nəsihəti”

  İllərdən bəri qorunub saxlanılan, nəsildən-nəsilə əmanət kimi ötürülən adət-ənənələri aşağılamaq fikrim heç vaxt olmayıb. Burada nə yaxşı, nə də pis bir şey görmürəm. Amma qanımıza hopmuş bir neçə gərəksiz hesab etdiyim xüsusiyyətlərimiz var ki, onların unudulmasını çox istəyirəm. Təbii ki, “ailələr, talelər çox müxtəlifdir”. Hər hansı bir ailəyə məxsus cəhətdən yazanda bütün ailələrin bu cür olması təsəvvürü yaranmamalıdır. Beləliklə birbaşa mövzuya keçirəm. Siz də bilirsiniz, bəzi kişilər arvadının atasına söyüş söyür. Çox pis xüsusiyyət olmasına baxmayaraq ənənə kimi bu vərdişi “qoruyurlar”. Qəbahətini dərk etmədən üstəlik belə məqamlarda çoxu özünü haqlı sanır. Tərbiyənin ən böyük göstəricilərindən biri böyüyə itaət etməkdir. Həmişə də “Böyüyə hörmət bizə babalarımızdan qalıb” deyə öyünürük. Bu mövzuda atalar sözlərimiz də az deyil.  Əksəriyyətimiz böyüklərə təzim edirik. Bəs onda bu söyüşlər bizə kimdən miras qalıb, görəsən? Qəribədir, bəzi kişilər öz böyüyünə hörmətlə yanaşıb onu bütləşdirdiyi, arvadından da bunu tələb etdiyi  halda qadının böyüyünə alçaldıcı şəkildə təhqirlər yağdırır. Birindən “köpəkoğlu” kimi nalayiq sözü eşidəndə ölüm- dirim savaşına çıxan kişi arvadına “köpəyin qızı” deyərkən qətiyyən utanmır. Bundan da belə bir nəticəyə gəlmək olur ki, oğul böyüdən böyüklər hörmətə, qız böyüdənlər isə təhqirə layiqdirlər. Bəyəm qadını da kişiyə çəkilən zəhmətin eynisiylə böyütmürlərmi? Ən pisi isə budur ki, ataları söyülən  qadınlar da, elə başqaları da bu halı normal qarşılayırlar. “Kişi döyər də- söyər də” deyə hətta haqq qazandıranlar da olur. Ataları söyülən qadınlar susurlar. Susmayıb neynəsinlər, axı ərə cavab qaytarmaq qəbahətdir. Heç bir qadın elin qınağına tuş gəlmək istəməz. Maraqlıdır,  təhqir olunan valideynlər özləri belə ata evini tərk edəndə qızlarına “mənə lap söysələr də cavab qaytarma” deyə bunu öyüdün bir formasına çevirirlər. Deməli, ər evində xoşbəxt olmağın yolu söyüşdən keçir. “Ər evindən yalnız meyitin çıxmalıdır” öyüdü ilə ərə gedən qızlar atalarının təhqir olunmasına etiraz edə bilmirlər.  “Hamı çətinliklə arvad olur” deyən anaların qızları da millətin təfəkkürünə görə  çətinlik çəkib arvad olmalıdı. Deməli, xoşbəxtlik budur ki, sən döyülüb- söyülərək qocalıb 10- 15 nəvə-nəticə sahibi olasan. Qızlar məhz bununçün böyüdülür. Bu cür ailələrdə böyüyən oğlan uşaqları da həmin “ənənəni” sevə- sevə qəbul edir, özü də atası kimi övladlarının babasını söyür. Bir yandan da qız uşaqları bu mənzərəyə alışır, anası kimi  bu təhqiri sonralar sükutla qarşılayırlar.  Arvadını öz valideynlərinə sitayiş etməyə məcbur edən kişilər unudurlar ki, məcburi hörmət onun öz qayınatasına, qayınanasına etdiyi təhqirdən fərqlənmir. Əgər ürəkdən inanaraq sitayiş edilmirsə bu heç bir məna kəsb etmir. Əslində övladlarını böyüklər özləri belə tərbiyə edirlər. Oğlanları evlənəndə ona “xanımının valideynlərinə hörmətlə yanaş” deyən olmur. Əksinə bu cür rəftar edən oğlu nankorluqda qınayırlar.Nəticədə də seçkinlik, hörmətsizlik yaranır. Bu ədalətsiz rəftarın nəticəsində adam belə bir qənaətə gəlir ki, ümumilikdə böyüklük anlayışı yoxdur. Böyük hər kəsin özünün böyük hesab etdiyi şəxslərdir.