Tarixi mədəniyyət abidələrimizə qarşı erməni terroru

POLAD XƏLİLOV, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Azərbaycanın yeni tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru polad-xalilov@mail.ru   Zəngin ədəbi və mədəni irsi olan Azərbaycan xalqının yaşadığı bölgələr əsrlər boyu işğalçıların hücumlarına və vəhşiliklərinə məruz qalmış, həmin işğallar nəticəsində yaxın və  uzaq tarixi keçmişimizdən xəbər verən bir çox tarixi mədəniyyət abidələrimiz məhv olmuşdur. Orta əsrlərdə ərəblərin, səlcuqların və monqolların hücumlarına məruz qalmış Azərbaycan bölgəsi, daha sonra Rusiya tərəfindən işğal olunub, rusların himayə etdikləri erməni vandalizminin qurbanına çevrilmişdir. XX əsrin 90-cı illərinin əvvəllərində erməni-rus hərbi birləşmələrinin işğalları nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarda 464 tarixi abidə və muzeylər zəbt edilmiş, yandırılmış və dağıdılmış [1, s. 177], eləcə də bütün məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır [2, s. 85]. XX əsrin 90-cı illərinin əvvvəllərində Ağdam rayonun Mahrızlı kəndində yaradılmış Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi, Laçın rayonunun Güləbird kəndində yaradılmış Sarı Aşığın xatirə muzeyi, Cəbrayılda yaradılmış Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhədovun ev muzeyi, Zəngilan rayonunda yaradılmış Daş heykəllər və Xalqlar dostluğu muzeylərinin taleyi də sual altındadır [3, s. 157-158]. Eləcə də memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən XIX əsrin ikinci yarısında Şuşa şəhərində inşa edilmiş Gövhər ağa məscidi də erməni terrorunun qurbanına çevrilmişdir [4, s. 35]. Xocalı abidələri kompleksi Azərbaycanın əbədi və əzəli tərkib hissəsi olan Qarabağın dağlıq hissəsində, üç dağ çayının qovşağında yerləşirdi. Bu çaylar Qarqarçay, Xocalıçay və İlisu çaylarıdır. Erməni qaniçənləri tərəfindən törədilmiş XX əsrin ən böyük və dəhşətli soyqırımı da məhz burada baş vermişdir [5, s. 125]. E.ə. XIV-VIII əsrlərə aid olan və “Xocalı-Gədəbəy” mədəniyyətini özündə ehtiva edən Xocalı abidələri kompleksi təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın həmdövr abidələrinin xronologiyasının, dəfn mərasimlərinin, etnik mənsubiyyətin, social-iqtisadi, ictimai-siyasi, mədəni proseslərin araşdırılmasında mühüm rol oynamışdır. Xocalı abidələri müxtəlif tip və ölçülü kurqanlardan, “daş qutular”dan, daş sərdabələrdən, “menqirlərdən”, həmçinin möhtəşəm labirintdən ibarət idi [5, s. 126]. Xocalı şəhəri elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövründən müasir dövrə qədər olan tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni işğalından sonra Xocalının maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vəhşiliyinin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır [6, s. 327]. Kəlbəcər rayonunda Dəlidağın ətəklərində yerləşən və Kiçik Qafqazın cənub-şərq yamacları sayılan, dəniz səviyyəsindən 3 min metrə qədər hündürlükdəki Alagöl, Zalxagöl, Qaragölün sahilləri və Pəriçinqıl, Ayıçınqıl, Lülpər, Gəlinqaya, Yazyurdu, Taxta, Sarımsaqdağ sahələri Azərbaycan ərazisində yerləşən qayaüstü təsvirlərdən hesab olunurlar [7, s. 250]. Hazırda Kəlbəcər təsvirlərinin yerləşdiyi ərazinin erməni silahlı qüvvələrinin işğalı altında olması bu nadir sənət nümunələrinin taleyini sual altında qoyur [7, s. 252]. Şuşadakı 10 salondan ibarət olan Şuşa Rəsm Qalereyasında 200-ə qədər nadir təsviri sənət nümunələri saxlanılırdı. Qalereyanın qızıl fondunu Mir Möhsün Nəvvabın öz kitablarında çəkdiyi illüstrasiyalar təşkil edirdi. Şuşadakı Mehmandarovların yaşayış kompleksində yerləşən Xalça Muzeyində 300-dən çox nadir xalça məmulatı nümayiş etdirilirdi. Bundan başqa, Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın və Mir Möhsün Nəvvabın ev muzeyləri fəaliyyət göstərirdi. Bütün bu muzeylər 1992-ci ilin mayında Şuşanı işğal etmiş erməni vandalları tərəfindən dağıdılaraq, yerlə-yeksan edilmiş, onların eksponatları qarət edilərək, aparılmışdır. Yalnız Xalça Muzeyində saxlanılan və 300-dən artıq əl işi olan xalçaların 145-ni xilas etmək mümkün olmuşdur [8, s. 107-108]. Erməni işağalına qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-a qədər mədəniyyət və tarixi abidə var idi. Bunların arasında XVIII əsrə aid olan Şuşa qalasının divarları, Gəncə qapısı, Pənahəli xanın sarayı, İbrahimxəlil xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, eləcə də bir sıra elm və mədəniyyət xadimlərimizin evləri və muzeyləri ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış, təhqirlərə məruz qalmış, çoxlu sayda nadir əlyazma nümunələri məhv edilmişdir [9, s. 679]. Hal-hazırda işğal altında olmayan bəzi bölgələrimiz də erməni vandallarının vəhşiliyinə məruz qalmışdır ki, bunlardan biri də Tərtər bölgəsidir. 1990-2016-cı illər ərzində Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonu ərazisində 13 ölkə əhəmiyyətli daşınmaz tarixi memarlıq abidələri dağıdılmışdır. Belə ki, Talış kəndində XIII əsrə aid olan “Ürək” məbədi, XIII-XIV əsrlərə aid olan Qala, Madagiz kəndində V-XII əsrlərə aid olan Müqəddəs Yelisey kilsəsi, XII-XIII əsrlərə aid olan körpü, Çiləbürt kəndində XII-XIII əsrlərə aid olan Qala, Çardaxlı kəndində XII-XIII əsrlərə aid olan Qala, Kiçik Qarabəy kəndində XVIII əsrə aid olan Məlik Hətəm məbədi, Qasapet kəndində orta əsrlərə aid olan Alban məbədi, Umudlu kəndində orta əsrlərə aid olan 4 tarixi abidə - Qala, Qədim yaşayış yeri və Hamamlar erməni vəhşiliyinə məruz qalmışdır [10, s. 190]. Ermənilər tərəfindən işağl edilmiş Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxınlığındakı Quruçay vadisində 1,5 milyon il yaşı olan mağara, həmçinin qədim tarixə malik olan Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən və V-VIII əsrlərə aid olan “Ritiş” qalası, Ərgünəş dağının yamacındakı sıldırım qayalar üzərində yerləşən “Ərgünəş” qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid olan “Rzaqulu Bəy” türbəsi, Xocavənd kəndi yaxınlığındakı “Aşıqlı Qoşa” günbəzi, Böyük Tağlar kəndində yerləşən və 1241-ci ilə aid olan “Alban” məbədi, Tuğ kəndindəki “Qırmızı” məbəd, X əsrə aid olan tarixi memarlıq və incəsənət abidələri, eləcə də digər abidələrimiz dağıdılmışdır. Xocavənd rayonunun Tuğ kəndinin 5 kilometrliyində yerləşən və V əsrə aid olan Alban kilsəsi, I-V əsrlərə aid olan Alban qəbiristanlıqları, Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qarabağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan Alban qəbiristanlıqları, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qarabağlı kəndi ərazisindəki Yel piri və neçə-neçə qiymətli maddi memarlıq abidələri erməni təcavüzü nəticəsində dağıntıya məruz qalmış mədəni və dini abidələrdəndir [11, s. 472]. Məkrli niyyət və mənfur siyasət sahibi olan ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandalizm hərəkətləri XXI əsrin əvvəllərində daha da yeniləşmiş və onlar işğal altında qalmış ərazilərdə yanğınlar törədərək, Azərbaycan xalqının mədəni irsinin məhv edilməsi prosesini davam etdirmişlər. Belə ki, 2006-cı ilin iyununda ermənilərin işğal edilmiş Xocavənd ərazisində törətdikləri yanğınlar nəticəsində yaşı 800 il olan XII əsr abidəsi “Qaraca Çoban”ın qəbri yanmışdır. Ermənilərin törətdikləri yanğınlar e.ə. II minilliyə aid olan Nərgiztəpə mədəni abidəsini külə döndərmiş, yanğının yaratdığı yüksək temperatur nəticəsində “Qaraca Çoban”ın qəbri parça-parça olmuşdur. Yanğınlar nəticəsində qədim türk tayfalarına mənsub olan “Əfşarlar qəbiristanlığı” da məhv edilmişdir [12, s. 164]. Ermənilər Azərbaycan xalqının tarix və mədəniyyətinə dair fakt və həqiqətləri saxtalaşdırmaqla bərabər, abidələrin görünüşünü və yazılarını da süni şəkildə “erməniləşdirmişlər”. Məsələn, Bərdədə, həmçinin işğal edilmiş Şuşada, Ağdamda və digər ərazilərdə bir çox daş heykəllərə süni şəkildə xaç işarəsi əlavə edilmişdir [4, s. 75]. Şuşa mağarası, Şuşanın qala divarları, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi, Füzulidə Şah Abbas karvansarası, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və s. yaşayış məntəqələrində olan mədəni-tarixi abidələrimiz ermənilər tərəfindən tamamilə dağıdılmış, Qarabağ ərazisindəki qədim alban kilsələri silah anbarlarına çevrilərək, yararsız hala salınmışdır [4, s. 91]. Erməni vandalları tərəfindən törədilən bu cinayətlərə qarşı beynəlxalq təşkilatlar tərəfindən ciddi tədbir görülməmiş və ermənilərin işğal edilmiş rayonlardan çıxarılması məsələsi hələ də yubadılır. Birləşmiş Millətlər Təşklatının ermənilərin işğal edilmiş rayonlardan çıxarılması barədə qəbul etdiyi müvafiq qətnamələrə baxmayaraq, Dağlıq Qarabağ və ona bitişik olan rayonlar hələ də işğal altındadırlar. ATƏT-in Minsk qrupunun həmsədrlərinin işğal edilmiş bölgələrə dəfələrlə səfərlər təşkil etmələrinə rəğmən, erməni qoşunlarının təmas xəttindən çıxarılmasına dair beynəlxalq hüquqi müstəvidə heç bir ciddi tədbir həyata keçirilməmişdir. Buna baxmayaraq, Azərbaycan xalqı öz torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşə getməyə həmişə hazırdır və Ali Baş Komandanın əmrini gözləyir. Nəinki, Dağlıq Qarabağ və ona bitişik rayonlar, eləcə də, İrəvan, Zəngəzur, Borçalı, Dərbənd, Şərqi Gürcüstan, Cənubi Azərbaycan da bizim torpaqlardır və Qarabağın işğaldan azad edilməsindən sonra bu torpaqları da azad edib, Bütöv Azərbaycan dövlətini – Böyük Turan imperiyasını yaratmalıyıq. O gün uzaqda deyil, mütləq gələcək!   İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT  
  1. Dadaşzadə Ə.İ. İki yüz il davam edən soyqırım // “Ermənilərin soyqırım siyasəti bəşəriyyətə qarşı cinayətdir” mövzusunda beynəlxalq elmi konfransın materialları. Sumqayıt Dövlət Universiteti, 21-22 aprel, 2015-ci il, s. 174-177.
  2. Quliyeva A. Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin prioritet sahəsi kimi // “Sivilizasiya” (Bakı Avrasiya Universiteti), 2018, cild 7, № 2, s. 82-87.
  3. Həvilova V.H. Azərbaycanda xatirə muzeylərinin yaradılmasında Heydər Əliyevin rolu // Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Elmi Əsərlər”i, 2009-cu il, 31-ci cild, s. 156-160.
  4. Mahmudov Y.M., Şükürov K.K. Qarabağ (real tarix, faktlar, sənədlər). Bakı: “Təhsil” nəşriyyatı, 2009, 144 s.
  5. Cəfərov H. Xocalı kompleksi Qafqazın son tunc dövrünün etalon abidəsidir ∕∕ “Qafqaz tarixinin aktual məsələləri” mövzusunda beynəlxalq konfransın materialları, I hissə. Gəncə Dövlət Universiteti, 15-16 oktyabr, 2015-ci il, s. 125-128.
  6. Xəlilov P.R. Xocalı soyqırımı – Azərbaycan xalqının qan yaddaşıdır // “Ermənilərin soyqırım siyasəti bəşəriyyətə qarşı cinayətdir” mövzusunda beynəlxalq elmi konfransın materialları. Sumqayıt Dövlət Universiteti, 21-22 aprel, 2015-ci il, s. 325-328.
  7. Şirinli S.T. Azərbaycanda qayaüstü təsvirlərin yayılma coğrafiyası  ∕∕  “Qafqaz tarixinin aktual məsələləri” mövzusunda beynəlxalq konfransın materialları, II hissə. Gəncə Dövlət Universiteti, 15-16 oktyabr, 2015-ci il, s. 250-252.
  8. Mahmudov Y.M., Mustafayev C.M. Şuşa-Pənahabad. Bakı: “Təhsil”, 2012, 152 s.
  9. Məmmədov N.R. Azərbaycan Respublikasının Şuşa şəhərinin tarixi. Bakı: “Avropa” nəşriyyatı, 2016,  960 s.
  10. Məmmədov N.R. Azərbaycan Respublikası Tərtər rayonunun tarixindən. Bakı: “Avropa” nəşriyyatı, 2017, 402 s.
  11. Məmmədov N.R. Azərbaycan Respublikasının Xocavənd rayonunun tarixi. Bakı: “Avropa” nəşriyyatı, 2016, 678 s.
  12. Məmmədov N.R. Azərbaycanın Xankəndi şəhərinin tarixi. Bakı: “Təhsil”, 2011, 224 s.
  Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Savalan Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən “Tarixi mədəniyyət abidələrimizə qarşı erməni terrorunun coğrafiyası” layihəsi çərçivəsində çap olunur.