"Qoy məni doğrasın bir loğman əli..." - tarixçi alim həkimlərdən yazır

Azərbaycanda koronovirus təhlükəsi baş verəndən və pandemiya elan olunandan sonra həkimlərimizin fəaliyyətinə dair çoxlu yazılar oxumuşam. Neçə-neçə həkimlərimiz bu təhlükə ilə bağlı özünü riskə atıb müalicəni davam etdirərək özləri də yoluxublar. Onlardan bir neçəsini şəxsən tanıyıram. Bu həkimlərin bəziləri müalicə etdikləri insanlardan yoluxdular və neçəsi də həyatları ilə vidalaşdılar. Əslində, onlar da şəhiddirlər... Azərbaycan həkimləri doğrudan da ilk gündən bu xəstəliklə bağlı  gecə-gündüz çalışırlar. Həyatlarını qurban verən həkimlər haqqında hansısa layiqli söz tapa bilmirəm. Vaxtilə tibblə bağlı bir filmə baxmışdım. Həmin filmdə keçici xəstəliyin çarəsini tapmaq üçün bir həkim həmin xəstəliyi özünə keçirir və onu müalicə etməyə başlayır. Sonda müalicə dərmanını tapır, amma özünə çarə edə bilmir. Çünki bu dərman xəstəliyin ilk günlərində köməyə gələ bilir. Həkim onu tapanda artıq bədən müqavimətini itirmişdi. Əlbəttə, bu həkim şəhid sayılır. Pandemiya ilə mübarizə aparıb həyatlarını qurban verənlər də şəhiddirlər. Onların xatirəsi əbədiləşdirilməli və onlara ən layiqli yerdə abidə ucaldılmalıdır. Abidənin üzərinə də adları yazılmalıdır.  Ölkəmizdə pandemiya ilə bağlı mübarizə aparan sağlamlıq mərkəzlərindən biri də Cəlilabad rayon Mərkəzi xəstəxanasıdır. Bu xəstəxana müasir standartlara uyğun qurulmuşdur. Vaxtilə onun tikintisinə ölkə başçısı birbaşa nəzarət etmişdir. Burada çoxsaylı pandemiya xəstələri müalicə almışdır və almaqda davam edir. Bu sağlamlıq mərkəzində ölüm halları nadir halda baş verir. Bu da xəstənin sağlamlıq mərkəzinə səhlənkarlıq ucbatından həddən artıq gec daxil olması zamanı baş verir. Sağlamlıq mərkəzinə təcrübəli həkim Azadxanov Elnur Ramazan oğlu rəhbərlik edir. Elnur həkim həm də güclü ürək həkimidir. O, Avropa Kardiologiya Cəmiyyətinin  üzvüdür. Rayonda hamının ona böyük hörməti vardır. Onun loğmanlığı haqqında çox eşitmişdim. Yaxın qohumlarımı müalicə edəndə bir daha şahid oldum. İndi onun rəhbərlik etdiyi bu sağlamlıq mərkəzində çoxlu tanışlarım müalicə alır. Qeyd edim ki, bu xəstəxana pandemiyaya   qarşı ilk təşkil olunan sağlamlıq mərkəzlərindən biridir. Bu xəstəxananın fədakar həkimləri daima ayaq üstündədirlər. Belə həkimlərdən biri də Anistezioloq-Reanimotoloq Rzayev Sənan Ağabəy oğludur. Sənan həkim həm də xəstələrin yaxın dostudur. Onlara doğmaları kimi yaxınlaşır. Hətta yeməklərini də özü yedirdir. Böyük İbn Sina yazırdı ki, həkim qayğıkeş olmalıdır. Ən ağır xəstə belə həkim qayğısı sayəsində sağala bilər. Bax, Sənan həkim belə həkimdir. Xəstələrin tez sağalmasında onların qan analizini dəqiq təyin edən həkim laborantların əməyi xüsusi olaraq qeyd olunmalıdır. Onların da gecəsi-gündüzü yoxdur. Belə həkimlərdən biri də Cəlilabad rayon Müalicə Diaqnostika mərkəzinin həkim laborantı Səlifov Daşqın Natiq oğludur.  Onu hər zaman iş başında görə bilərsən. Onun və dostlarının evi də artıq müalicə mərkəzidir. Bu yazıda üç həkim haqqında söhbət açdım. Amma onların timsalında xəstəxananın bütün həlim kollektivini nəzərdə tuturam. Bu gün gecə-gündüz çalışan bütün Azərbaycan həkimlərinə sağ ol deyirik!!! Allah sizləri qorusun!!! Siz doğrudan da bu millətin qürur mənbəyinə çevrildiniz!!! Allah tezliklə bu bəlanı üzərimizdən götürsün!!! Dilavər Əzimli, tarixçi alim