“Ziyalıların kollektiv müraciətinə ilk həssas reaksiya Bakı Şəhər İcra Hakimiyyətindən gəldi”.
Bunu
Teleqraf.com-a açıqlamasında “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi" İctimai Birliyinin (FADMM) sədri Vasif Sadıqlı deyib.
Qeyd edək ki, ötən gün Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın əcnəbi dillərin “işğalından” azad edilməsini istəyən ziyalılarla görüş keçirilib.
Görüş iştirakçısı və müraciət təşəbbüskarlarından olan Vasif Sadıqlı deyir ki, BŞİH-dən son 3-4 gündə 5 dəfə onlara zəng gəlib: “Apardığımız monitorinqlərin nəticəsi olaraq demişdik ki, Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 41-də Azərbaycan dilindən ümumiyyətlə istifadə edilməyib. Bizim nümayəndələr orada iştirak edə bilmədilər. Çünki xüsusi karantin rejiminə görə onlar gündə 2 saat vaxt ala bilir ki, bunun da 1 saatı yola gedir.
İkincisi, obyekt sahiblərinə ictimaiyyət nümayəndələri nəyinsə izah etməyə nail olması bir qədər perspektivsiz görünürdü. Amma həssasıqlarını xüsusi qeyd etməliyik. İcra başçısı Eldar Əzizov kollegiya iclası keçirib, komissiya yaradıb. Komissiyaya təkcə BŞİH-nin nümayəndələri yox, eyni zamanda Azərbaycan Dövlət Reklam Agentliyinin də nümayəndələri cəlb olunub.
Nəhayət, hər tərəfdən 6 nəfər olmaqla 2 saatdan artıq çəkən görüş baş tutdu. Bəzən gərginlik həddinə çatan, amma səmərəli bir müzakirə oldu. Qarşı tərəf Bakının bu mənzərəyə gəlib çıxmasını obyektiv səbəblərlə izah etməyə çalışırdı. Onlar bildirdilər ki, hər bir biznesmen brendinin adını obyektinin önünə yazdırmaqla öz biznes marağını ifadə etmək istəyir.
Biz onlara qarşı çıxsaq onlara zərər vurmuş olarıq, bu da narazılığa səbəb ola bilər. Bildirdik ki, belə çıxır ayrı-ayrı biznesmenlərin biznes marağı Azərbaycanın dövlət dili haqqında qanuna, ictimai maraqlara qarşı qoyulanda birincilərə daha çox üstünlük verilir?! Dedilər, yox. Ümumiyyətlə, bu fikirdədirlər ki, ana dilinin qorunması onlar üçün də çox həssas məsələdir və bu istiqamətdə əllərindən gələni edirlər”.
Vasif Sadıqlı deyir ki, dövlət dili haqqında qanun qüvvəyə minəndən bu günə kimi, Bakının küçələrində mənfi istiqamətdə tendensiyalar güclənir: ”Əvvəl reklam lövhələrinin 40-45 faizi əcnəbi dildə idisə, indi bəzi küçələrdə 70-90 faiz arasında əcnəbi dillərin xeyrinə dəyişmə var. Bu, bizi qane etmir, bununla barışmaq fikrimiz yoxdur”.
Birlik sədrinin sözlərinə görə, qarşı tərəf vəziyyətin bu cür olmasının bir sıra obyektiv səbəblər olduğunu deyir: “Biri budur ki, hazırda onların daha fəal olmasına mane olan amil pandemiyadır və çox ağır şəraitdə işləyirlər.
Obyektlərin çoxu bağlı olduğu üçün onlarla danışıq aparmaq olmur. Təklif etdik ki, rəsmi ünvanlarına məktub yazılsın və desinlər ki, "Dövlət dili haqqında" qanunun 7.1-ci maddəsinə görə, ticarət və xidmət obyektlərinin adı azərbaycanca olmalıdır. Həmin obyektlərdə onların göstərdiyi xidmət və məhsul haqqında məlumat verilməlidir. Ayrı-ayrı bredin adı vətəndaşa onun hansı xidmət göstərməsi barədə heç bir məlumat vermir”.
Vasif Sadıqlı digər mübahisə doğuran məsələlərdən birinin beynəlxalq brendlərlə bağlı olduğunu qeyd edib: “Məsələn, “McDonald’s” kimi brend var. Onlar bildirdi ki, Paris konvensiyasına görə, bu bredlərin adı tərcümə olunmadan bütün ölkələrdə verilməlidir, biz də qoşulmuşuq, Milli Məclisdə də təsdiq olunub. Bildirdik ki, demirik “McDonald’s” adı olduğu kimi verilməsin, amma orada azərbaycanca da yazıla bilər. Bunun üçün də bir neçə nümunə göstərdik və istənilən brendlə bağlı bu mümkündür. Digər brendlər isə bunu heç vaxt edə bilməzlər, çünki onların biznes maraqları dövlət maraqlarından üstün tutula bilməz.
"Dövlət dili haqqında" qanuna görə, yalnız Azərbaycan dilindən istifadə edilə bilər, yalnız zəruri hallardan başqa. Bu zəruri halları da turistlərin daha çox olduğu ərazilərdə Azərbaycan dilində yazılan lövhənin altından əcnəbi dildə ondan daha kiçik ölçüdə verilə bilər”.
Vasif Sadıqlı deyir ki, problemin çözülməsi üçün daha bir görüşün keçirilməsinə qərar verilib: “Azərbaycan Dövlət Reklam Agentliyinin nümayəndəsi Bakının əcnəbi dillərin “işğal” olunmasının bir səbəbini də ayrı-ayrı brendlərin Əqli Mülkiyyət Agentliyində və İqtisadiyyat Nazirliyində bu cür qeydiyyatda alınması ilə əlaqələndirdi. Bildirdi ki, bu yaxınlarda biri Əqli Mülkiyyət Agentliyində “Mangal House Baku” adlı bir brendi qeydiyyata aldırıb və biz onlara etiraz edə bilməyiblər. Eyni zamanda firma adları da İqtisadiyyat Nazirliyində əcnəbi adla qeydiyyata alınıbsa, onlar da bunu əsas gətirirlər.
Nəhayət, problemin çözülməsi üçün daha bir görüşün keçirilməsi qərara alındı. Növbəti görüşdə Əqli Mülkiyyət Agentliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri də iştirak etsinlər və bizim iradlarıma cavab versinlər.
2001-ci ildə Prezidentin verdiyi fərmanda deyilir ki, kəskin tənqidlərə baxmayaraq, reklam çarxlarının hazırlanmasında bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir. Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir. Bu, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Prezidentin 18 iyun 2001-ci il tarixli fərmanıdır. Yəni, bu, ideoloji, tərbiyəyə mənfi psixoloji təsir 19 ildir davam edir. Sovet vaxtı Bakının küçələrində reklam lövhələrinin heç olmasa 70-80 faizi Azərbaycan dilində idi”.
Vasif Sadıqlı deyir ki, görüşdə 50 milyonluq Azərbaycan xalqının 10 milyonunun dövlət dili kimi Azərbaycan dilindən istifadə imkanının olduğunu da vurğulayıb: “Bu da ölkənin 20 faizində istifadə olunmur, çünki işğal olunub. Bir Bakı qalmışdı, indi onu da işğal ediblər. Biz buna dözməyəcəyik, istərdik ki, bu məsələ ilə Bakı Şəhəri İcra Hakimiyyəti səviyyəsində həll olunsun. Çünki həmin obyektlərə nəzarət üzrə müvafiq icra hakimiyyəti orqanı BŞİH-dir. Məsələ müsbət həllinə çatmasa, dayanmayacağıq, artıq imzalarımızın sayı 1000 nəfəri keçib.
İstədiyimiz nəticəyə nail olmaq üçün əlimizdən gələn bütün imkanlardan istifadə edəcəyik. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin plagiyat bir şüarı var, biz birlikdə güclüyük!”