Umud umudsuz deyil

  İngilis  politoloqu  ser  Ernest  Bekiyə  görə, siyasət – bu  mürəkkəb   vəziyyətlər  axtarmaq,  təbiətdə  mövcud  olub – olmamasına  baxmayaraq  belə vəziyyətlər  yaratmaq,  qeyri – düzgün  diaqnoz  qoymaq  və  lazımsız  dərmanlarla müalicə  etmək  sənətidir.                                                                                                        Azərbaycanın  son  otuz  ildə  başına  gətirilən  cürbəcür  siyasi  oyunlar ingilis  politoloqunun  tərif  verdiyi  siyasətin  acı  nəticələri  deyilmi?  Dünyanın böyük  siyasi  güclərinin  havadarlığı  ilə  xain,  hiyləgər  və  qorxaq  qonşularımızın Vətənimizin  ərazisinin  beşdən  birini  zəbt  etməsi  ilə  nəticələnən  “Qarabağ müharibəsi”  adlı  kabus  barədə  qərəzsiz,  düzü  düz,  əyrini  əyri  salnamə xarakterli  əsərlərin  yazılması  bu  gün  yaşadığımız  zamanın  ümdə  vəzifəsidir.  Vətən  torpağı,  milli  mənsubiyyətimiz  uğrunda  müqəddəs  savaşda  döyüşçülərin şücaəti,  tamahkar  düşmənlərimizin  Azərbaycan  torpağının  sayıq  keşikçilərinə,  həmçinin  analara,  bacılara,  ahıl  yaşlı  insanlara,  südəmər  körpələrə  insanlıq  adına  ləkə  gətirən  vəhşilikləri  barədə  hələ  çox  yazılacaq  və  yazılmalıdır.  Qoy  qəhrəman  Vətən övladlarının  rəşadəti,  xain  düşmənlərin  rəzilliyi  gələcək  nəsillərin  yaddaşına həkk  olunsun.  Bu,  istedadlı  qələm  sahiblərinin  ən  müqəddəs  borcu,  təxirəsalınmaz  işi  olmasa  tariximizin  qaranlıq  labirintlərində  itib  batarıq.  Keçmişimizi  unutsaq,  onu  hədəfə  alan  xain  əlləri  kəsib  atmasaq,  bizə  atılan gülləni  havadaca  sərrast  atəşlə  geri  qaytarmasaq  gələcəyimiz  bizi  topa  tutar. Salnamə  xarakterli  uğurlu  ədəbi  əsərlər  yaratmaq  bu  günümüzün  tələbidir.  Bu  günlərdə  Qarabağ  müharibəsini  döyüşçülərlə  birgə  səngərlərdə keçirən,  qanlı – qadalı  savaş  anlarının  canlı  şahidi  olan,  müharibənin  sərt üzünü,  amansız  qanunlarını   görə - görə  obyektiv  Qarabağ  salnaməsi  yaradanlardan  biri – keçmiş  hərbçi,  baş  leytenant,  qərargah  rəisinin  müavini, istedadlı  yazıçı  Əli  bəy  Azərinin  “Bizi  Umudsuz  qoyma”  hekayəsini  oxudum,  sanki  nəmli  səngərdə  oldum,  tankla,  avtomatla  düşmən  üstünə  yeridim,  müharibənin  gerçəklikləri  ilə  üz –üzə  qaldım. Hekayənin  süjet  xəttini  igid  Qarabağ  qazisi  tankçı  Umudun  döyüş  yolu təşkil edir.  Umud  Haramı  düzündəki  hərbi  hissələrin  birində  silsilə  dağlar kimi  çiyin – çiyinə  dayanan  əsgərlərdən  biridir.  Vətən  və  torpaq  sevgili,  ipə - sapa  yatmayan,  dəliqanlı,  düşməndən  intiqam  almaq  hissiylə  alışıb – yanan Umud  sanki  qoç  Koroğlunun  dəlilərindən  biridir.  Müharibə  itkidir,  qan – qadadır.  Məşhur  Çin  filosofu,  eramızdan  əvvəl  551 – 479- cu  illərdə  yaşamış  Konfutsi  demişdir  ki,  kədərsiz  vətənpərvərlik  olmur.  Həyatını,  sağlamlığını  itirməkdən,  kədərdən  qorxmayan,  ölümün  gözünün  içinə  dik  baxan  Umud  ön cəbhədə  düşmənə  qan  udduran  Vətən  oğludur. Hekayənin  düyün  nöqtəsi – yaranan  ziddiyyət  və  münaqişənin  başlanğıcı “Bəytəpə”  əməliyyatına  hazırlıq  zamanı  Umudun  xəstələnməsi – qızdırmalı  olması,  od  içində  yanmasına  görə  komandirin  onu  ehtiyata  keçirməsi,  sağ  cinahdakı  tankı  mərkəzə  gətirməsidir.  Döyüşdə  iştirak  edə  bilmədiyindən  məyus  olan,  yazıçının  dediyi  kimi,  “burnunu  sallayan”  Umudun  döyüşdən  qalmaq  istəməməsi  hadisələrin  sonrakı  inkişafını  sürətləndirir. Mayor  Orduxanovun  söhbətlərindən: “...Ermənilər  “Bəytəpə”  yüksəkliyində  və  oradan  sağa – sola  uzanan  təpələrdə  möhkəmlənmişdilər.  Üç  gün  idi  ki,  piyada  qoşunlarımız  hücum  edirdi,  təpələri  ala  bilmirdi.  Əmr  olundu  ki,  tanklarla  hücuma  keçək...  Biz  üç  tank  və  mənim  sərəncamımda  olan  PDM -2-nin  dəstəyi  ilə  səhərin  alatoranında  hücuma  keçdik.  Elə  birinci  həmlədə  itkisiz  “Bəytəpə”ni  götürdük.” “Bəytəpə”  götürüldükdən  sonra  döyüşçülər  arxayın  idilər  ki,  artıq  düşmən  onlara  hücum  etmək  iqtidarında  deyil.  Bir  anda  ermənilər  hücuma  keçib  mövqelərimizdən  birini  ələ  keçirəndə,  komandir  yenidən  hücüm  təşkil  edib,  tankçılara  tapşırıq  verib  PDM-2  ilə geriyə,  Umudun  tankı  duran  yerə  gələndə  “Umud  vurnuxur,  özünə  yer  tapa  bilmirdi, döyüşdən  kənarda  qaldığını  özünə  bağışlamırdı”.                  Yenidən  hücuma  keçən  iki  tank  və  əllidən  çox  atıcı  əsgərlə  mövqelərimiz  geri  alınanda  içində  qisas  vulkanı  püskürən  Umud  komandirin  “dur!”  əmrini  belə  eşitməyib  əlində  avtomatla  səngərə  atılır,  ermənilərin  basdırdığı  yeganə  minanın  partlaması  nəticəsində  yaralanır.  Mayor  Orduxanov  hər  iki  ayağı  dağılmış  Umuda  təcrübəli  hərbçi,  əsl  həkim  kimi  ilk  təcili  tibbi  yardım  göstərir: - Tez  gödəkçəmin  kəndirini  dartıb  çıxardım  və  onun  ayağının  birini  topuqdan  yuxarı  bağladım  ki,  qanaxma  dayansın.  Əsgərlər  də  o  biri  ayağını  bağladılar...                                                                        Umudun  ayağının  birinin  qanqrenaya məruz  qalaraq  itirəcəyindən  ehtiyatlanan  həkimlərimiz  onu  İrana  müalicəyə  göndərmək  qərarına  gəlirlər.  Umudun  İranda  sağalıb  qayıtması,  sərhəd – keçid  məntəqəsində  qarşılanması  həssas və  diqqətli  oxucunu  duyğulandırmaya  bilməz.  Umudun  Vətənində  bir  ayağının  kəsilməsinə  etiraz  edən,  onu  tam  sağaldacaqlarına  söz  verən iranlı  həkimlər  Umudun  iki  ayağını  dizdən  yuxarı  kəsərək  Azərbaycana  göndərirlər. Uzun  tumanlı  saqqalı  iranlı  “kolyaska”  ( mənim  fikrimcə,  yazıçı  bu  sözün  əvəzinə  “əlil  arabası”  yazsaydı  daha yaxşı  olardı )  ilə  Umudu  gətirəndə  mayor  Orduxanov  fikirləşir  ki,  halal  olsun  qardaş  ölkənin  həkimlərinə,  Umuda  kolyaska  da  bağışlayıblar:                                                                                              “Mayor  Orduxanov  sevinirdi...  Umudun  yaşamasına  sevinirdi...  Nə  qədər  acı  olsa  da  kolyaska  ilə  qayıtmasına  sevinirdi...  Umud  tankdan  sonra  piyada  qalmamışdı.  O,  yaxşı  bilirdi  ki,  ölkədə  kolyaska  problemi  var.  Belə  tezliklə  Umuda  kolyaska  ala  bilməyəcəklər.  Sənədləri  nazirliyə  göndərilə,  çək – çevirdən  sonra  ona  əlillik  qrupu  təyin  edələr,  növbəyə  yazıb  kolyaska  verələr,  bu  uzun  bir  mərəkə  olacaqdı.  Nə  yaxşı  ki,  qonşu  qardaş  ölkədə  bunu  başa  düşüblər.  Umud  kimi  əlilləri  vətənlərinə  kolyaska  ilə  qaytarırlar”... Mayor  Orduxanov  belə  acılı – şirinli  fikirlər  içində  sevinib – kədərlənən anda  görüşün  uzun  çəkdiyini  görüb  ciddiləşən  uzun  tumanlı  saqqallı  iranlının   səsi bütün  xoş  xəyalları  alt- üst  elədi: - Babam! – dedi. – Xəstanızı  götürün,  mən  kolyaskanı  aparmalıyam.  Vəxtim  yoxdu  gözləmağa...               - Belə də olur.  -  Mayor  Orduxanov  təəssüflə  dilləndi.                                                                                                         Bu  sətirləri  oxuyanda  fikir  məni  uzaqlara  apardı.  Fikrin  burulğanlarında  çarpışan  anda  bir  çox  cavabsız  suallara  cavabı  dahi  fəlsəfə  və  fikir  şairimiz  Bəxtiyar  Vahabzadənin   iki  misrasında  tapdım: Tərəflər kim idi?  Hər  ikisi  yad! Yadlarmı  edəcək  bu  xalqa  imdad?! Həm  də  Umudla  mayor  Orduxanovun  ağ  “Niva”da  sərhəd – keçid  məntəqəsindən  hərbi  hissəyə  gələrkən  yolboyu  söhbətləri  ilə yazıçı  bir  çox mətləbləri  işıqlandırır.  İrandakıların  ərazi  söhbətləri,  farslarla  ermənilərin  həmrəy  olduğu  bəzi  məqamlar,  Təbrizdə  ən  yaxşı  həkimlərin  erməni  olması  bu  günün  acı  reallıqları  kimi  təssüf  doğurmaya   bilmir... Bununla  belə  hekayənin  iki  qəhrəmanının – Umudla  mayor  Orduxanovun  bir söhbəti  Vətənin   bu  gününün,  sabahının  etibarlı  əllərdə  olması  inamını  artırır.  Canını,  qanını  itirəcəyindən  qorxaraq,  düşünə -  düşünə  yağı  üzərinə  gedən  oğullardan  qəhrəman  olmaz.  Vətən  eşqli  Umudun  komandirinə  bəzi  oxuculara  sadəlövh  görünə  biləcək  bir  neçə  sualında, görün  nə  qədər  əlahəzrət həqiqətlər üzə  çıxır: - Komandir,  deyirsiniz  yəni  tam  atəşkəsdir? – Umudun  fikrinə  nə  gəldisə  birdən  soruşdu. - Elədir,  Umud. – Mayor  qısa  cavab  verdi. - Yəni,  snayperlə  də  erməni  vurmaq  olmaz? – Umid  bu  dəfə  astadan  dedi,  elə  bil  komandirin  qulağına  nəsə  pıçıldayırdı. - Nədi,  Umud,  qisas  almaq  istəyirsən? – İsgəndər  bunu  eşitcək  müdaxilə  etdi.                                      - Umudun  qisası  çoxdan  alınıb! – Mayor  Orduxanov  Umuda  ağzını  açmağa  imkan  vermədi... İki  ayağını  itirmiş  Umudun  Vətən,  torpaq  sevgisinə,  düşmənə  nifrətinə,  intiqam  hissinə,  qələbə  əzminə  heyran  qalmamaq  duyğusuzluq  deyilmi? Əli  bəy  Azəri  bu  hekayədə  ideal  Azərbaycan  zabitinin  obrazını  yaratmağa  çalışmışdır.  “İdeal”  sözünü  təsadüfən  işlətmirəm.  Həm  Sovet  imperiyası  zamanında,  həm  də  bu  günümüzdə  yazıçının  ideal  zabit  axtarışına  dodaq  büzənlər  tapılacaq.  Axı  bəzi  insanlıq  hissindən  uzaq  zabitlərin  əsgəri  alçaltması,  təhqir  və  söyüşlərlə  dindirməsi,  tamahının  əsirinə  çevrilərək  təmənna  umması  hallarına  rast  gəlmişik.  Hələ  XII  əsrdə  dahi  Nizami  sözün  qüdrəti  ilə  adil  padşah  yaratmağa  səy  göstərirdisə,  belə  ədalətli  cəmiyyəti  arzulayırdısa,  niyə  biz  XXI  əsrdə ideal  ordu,  mərhəmətli  zabit  axtarmayaq?  Əsgərləri  doğması,  əzizi  bilən  zabitlərimiz  olub  və  həmişə  olacaq. Mayor  Orduxanov da  belə  hərbiçilərimizin  ümumiləşdirilmiş  obrazıdır.  Məncə,  elə  yazıçının  prototipidir.  Orduxanov  zəngin mənəvi  dünyalı,  döyüşçüləri  ilə qürur  duyan,  hər  bir  uğura  stimul  yaradan,  hərb  işinin  incəliklərini dərindən  anlayan  qorxmaz  zabitdir. Komandirin  Umudu  qərargah  rəisinin  ağ  “Niva”sında  qabaqda – özü  ilə  yan – yana  oturtması,  təhlükəsizlik  xidmətinin  zabitini  arxaya  keçirməsi  oxucuda  təəccüb  yaratsa  da  belə,  inandırıcıdır,  müharibə  dövrünün  yazılmamış  qanunlarına  yazıçının  özünəməxsus  mövqeyinin  göstəricisidir. Mayor  Oruxanov  keçmiş  döyüşçüsü  ilə  yanaşı  oturması  ilə  fəxr  edir, İsgəndər  pərt  olsa  da: - Bu  şərəfi  əldən  buraxmaram. – Mayor  Oruxanov  mühərriki  işə  saldı. - Hansı  şərəfi? – İsgəndər  pərtliyini  büruzə  verməmək  üçün  maraqlandı. - Umud  kimi  qəhrəman  döyüşçüyə  sürücülük  etmək  şərəfini.  Belə  şans  hər  dəfə  ələ  düşməz...           ...Umud  komandiri  haqqında  ağızdolusu  danışırdı: - Bizim  komandir  ayrı  komandirdi,  hər  yerdə  olurdu.  Neçə  ildir  müharibədir,  ermənilərlə  davadayıq,  mən  üç  döyüş  bölgəsi  dəyişmişəm,  hələ  belə  komandir  görməmişəm.  Harda  qızğın  döyüş  gedir,  komandir  tez  özünü  yetirir  ora... ...Sanki  Umudun  dili  açılmışdı. – Əsgərlər  səngərlərdən  baş  qaldıra  bilmirdilər.  Biz  tankçılar  da  nişan  alıb,  atəş  aça  bilmirdik,  elə  allah  umuduna   hərdənbir  birini  ermənilər  tərəfə  atırdıq.  Bir  də  gördük  arxadakı  təpənin  üstündən  hacıleylək  dimdiyini  şaqqıldatdı. - Nə,  hacıleylək?  Sənin  kod  adın  beləydi? – İsgəndər  mayordan  soruşdu.       - İmkan  ver,  qoy  daanışsın. - Ləzzət  eliyir,  hə,  əsgərin  dilindən  xoş  sözlər  eşitmək? -Əsgərin  söylədikləri  komandirin  ən  böyük  mükafatıdır.  Mənim  kod  adım  “Zireh”  idi.  Əsgərlər  PDM -2-yə  öz  aralarında  “Hacıleylək”  deyirdilər. - Yaxşı,  Umud,  danış.  Danış,  görək,  sənin  bu  komandirin  daha  hansı  oyunlardan  çıxıb  ermənilərin  qabağında. - Ermənilər  yaxşı  bilirdilər.  Komandirin  hacıleyləyi  şaqqıldayan  kimi  dığalar  siçan  deşiyini  satın  alırdılar...      Nə  qədər  ki,  Mayor   Orduxanov  kimi  zabitlərimiz  var,  Umud  kimi  qazilərimiz  umudsuz  qalmayacaq...        Əsərdə  Orduxanov  kimi zabitlərlə  yanaşı  kapitan  Zakir  Hüseynov  kimi  ürəyi  daş,  məsuliyyətsiz,  qədirbilməz  zabit  obrazı  ilə  yazıçı  ön  cəbhədəki  iki  əks  qütblü  hərbçi  xarakteri  yaratmışdır.  Belə  təsadüfi,  öz  yerində  olmayan   zabitlər  silahlı  qüvvərimizdə  varsa,  onlar  düşməndən  də  qorxuludur.  Alman   yazıçısı  Eberxardın  belə  bir  fikri  var:  “Qorxma  düşmənlərdən - ən  pis  halda  səni  öldürə  bilərlər.  Qorxma  dostlarından - ən  pis  halda  onlar  sənə  xəyanət  edə  bilərlər.  Qorx  laqeyd  adamlardan – onlar  nə  öldürür,  nə  də  xəyanət  edirlər,  lakin  onların  lal – dinməz  razılığı  ilə  yer  üzündə  xəyanət  və  qətl  mövcuddur”.  Zakir  Hüseynov  lal – dinməz  olmayan  laqeyd  adamların  ən  qorxulusudur.  Yazıçı  əvvəllər vaqon  bələdçisi,  sonra  hərbçi  olmuş  Hüseynovun  eybəcər  iç  dünyasını  qabarıq,  bütün  çılpaqlığı  ilə göstərmək  üçün  Umudun  gördüyü  yuxudan  məharətlə  yararlanmışdır. Umud  yuxuda  bir  qatarın  sərnişinidir.  Plaskart  vaqonda  yol  gedən  Umud  vaqonun  bələdçisi,  əvvəllər  onunla  bir  hərbi  hissədə  kapitan  olmuş  Zakir  Hüseynovu  tanıyır.  Ona  eyni  hərbi  hissədə  qulluq  etdiklərini  xatırlatsa  da,  nə  qədər  tanışlıq  versə  də,  ön  cəbhədəki  hadisələri  yadına  salsa  da  buna  bələdçi  Hüseynov  heç  bir  reaksiya  vermir.  “Deyəndə  ki,  mənəm,  Umud,  filan  vaxtı, filan  yerdə  yaralanmışdım,  Zakir  təəssüfə  çiyinlərini  çəkdi,  onun  ağzından  ikicə  kəlmə söz  çıxdı:  “ola  bilər!”  Bu  zəhərli  “ola  bilər!”  Umudun  ürəyinə  ox  kimi  batdı,  ona  səngərdəkindən  ağır zərbə  vurdu.  Eramızdan  əvvəl  yaşamış  hind  filosofu  Beydəbanın  döyüş  dostları  barədə  bir  cümləsi  bütün  dövrlər  üçün  dəyərlidir:  “Dostu  çətinliklə  əldə  edib,  asanlıqla  əldən  vermək  nadanlıqdır”.  Əli  bəy  Azərinin  yaratdığı  kapitan  Hüseynov  əsl  nadandır.         “Pravadnik”in  iki  ayağını  itirmiş  döyüşçüyə  vaqondakı  qəddar  münasibəti,  iki  pəzəvəngin  köməyi  ilə  onu  öz  yerindən  gah  ikinci  “polka”ya, quduz  tamahının  gücü  ilə  oradan  da  üçüncü  “polka”ya  qaldırması,  uşaqlı  qadınla  rəftarı  mənə  Azərbaycanda  Böyük  Vətən  müharibəsi  dövrünün  gerçəkliklərini  əks etdirən  nəsrimizin  incisi  sayıla  biləcək  yazıçı – şair  Gəray  Fəzlinin  “Yeddi  ulduzlu  səma”  romanındakı  “vərəmli  sinələr”i,  “çaxmaq  daşını  daşa  basan  yarasalar”ı – rəmziləri,  gombulları  xatırlatdı.  Bumbuz  ürəkli, piylənmiş  beyinli  Hüseynova  mayor  Orduxanovun  “pravadnikliyinə  salma”  kinayəsi  kapitan  Zakirin  hərbi  hissədəki  zabit  “nüfuz”undan  xəbər  verir. Hekayənin  sonunda  doqquz  ay  əvvəl  ordudan  tərxis  olunmuş  Umudun  kapitan  Hüseynovun  tərtib  etdiyi  siyahı  ilə  fərari  kimi  axtarılması,  hərbi  polislərin  ananın  fəryadına  laqeydliyi  oxucunun  ürəyinə  çarpaz  dağlar  çəkir. Orduxanovun  dedikləri  yaddaşları  təzələyir:                                                                     - Hüseynov,  bax  ha!..  Neçə vaxtdır  sənədlər  yığışıb  qalıb.  Apar  hamısını  bircə - bircə  kitaba  işlə.  Pravadnikliyinə  salma. Başqalarından  fərqli  olaraq  Hüseynovun  pravadnikliyini  yuxuda  görmüşdü  Umud... Doqquz  ay  əvvəl  kitaba  işlənilməli  olan  sənədləri  bir  ay  əvvəl  kitaba  işləyib,   Umudu  fərarilər  siyahısına  yazan  hüseynovların  “ayı  xidməti”  fərarilikdən  daha  pis  əməldir.  Hekayənin  əvvəlində  “ehh,  indi  vaxtın  nə  fərqi  var?..  Bunun  mənası  nə  olacaq?..  Mənim  ki...  elə  bu  çarpayıdı  ki...  uzadıblar...  uzanmışam...”  fikirləri  içində  çabalayan  Umudun  sonunda: - Yox,  ana,  getsəm  yaxşıdır.  Gəl,  mənim  əsgər  paltarımı  geyindir.  Deyəsən,  müharibə  hələ  davam  edəcək.  Piyada  deyiləm  ki,  tankçıyam.  Təki  məni  qaldırıb  tanka  oturtsunlar.  Atıcının  ayağa  ehtiyacı  yoxdur,  orda  hər  şey  göz  və  əl  ilədir”  fikirləri  Umudun  umudunun  yaşaması  deyilmi? Mənim  oxucu  düşüncəmə  görə,  əsərin  kulminasiya  nöqtəsi  budur!.. Hekayədə  Umudla  rus  qızı – tibb  bacısı  Yulyanın  saf  və  gizli sevgisi çox  lirik  duyğularla qələmə  alınmışdır.  Yulya  Sovet  ordusunun  peşəkar  zabiti, təyinatla  Azərbaycana  göndərilmiş  Gennadinin  qızıdır.  Gennadi  həyat  yoldaşı  Yevdakiya  ilə  Volqoqradda  tanış  olmuş,  evlənmiş,  böyük  qızları  Nadya  da  orada  doğulmuşdu.  Ailənin  kiçik  qızı  Yulya  isə  Salyanda   anadan  olmuşdur.  Yulya  tibb  texnikumunda  oxuyurdu.  Atası  Uzaq  Şərqə  hərbi  xidmətə  göndəriləndə  təqaüdə  çıxıb  Azərbaycana  qayıdacağını  bildirsə  də,  o,  geri  qayıtmır,  ailəsi  ilə  Volqoqradda  yaşamağı  qərara  alır.  Yulyanın  anası  və  bacısı  Volqoqrada  köçməyə  hazırlaşanda  o,  inadla  Azərbaycanda  qalacağını  bildirir:                                                                                              - Sizin  vətəniniz  Volqoqraddırsa,  mənim  də  vətənim  Azərbaycandır.  Siz  gedin,  mən qalıb  oxuyacağam. - Bəs  sonra? – Anası  israrla  soruşdu. – Sonra  gedib  müharibədə  yaralananların  yaralarını  sarıyarsan?               - Bəli! – Bu  Yulyanın  ağlına  da  gəlməzdi,  amma  anasının  deməyi  ilə  beyninə  girdi.                                            Texnikumu  bitirən  kimi  tale  Yulyanı  ön  cəbhədəki  hərbi  hissəyə  gətirdi.  Tankçı  Umudla  aralarındakı  saf  duyğular  ilahi  sevgiyə  çevrildi... Umud  hər  iki  ayağını  itirib  İrandan  qayıdanda  fikirləşirdi  ki,  Yulyanın  sevgisinə  cavab  verməsin,  onu  unutsun,  ona  yük  olmamaq  üçün  onunla  görüşməsin.  Amma  sərhəd – keçid  məntəqəsində  onu  qarşılayanlar  arasında  Yulyanın  da  olması,  onun  boynuna  sarılaraq  hönkürməsi,  “hər  ikisinin  bahar  buludu  kimi  dolması”  Umudun  qəlbini  zorlayaraq  unutmaq  istədiyi  sevgisini yenidən  alovlandırdı.                                   Saf  sevgisinə  sadiq  olan  Yulyanın  Umudun  hərbi  hissədən  evlərinə  yola  salınması  zamanı  bir  neçə  dəqiqəlik  söhbəti  ilahi  sevginin  əbədiliyindən  xəbər  verirdi: - Məzuniyyətə çıxsam,  sizə  gələ  bilərəm? – Qəfil  sual  Umudu  çaşdırdı. - Həə...  Niyə  gələ  bilmirsən...  Unvanımı  götür... - Ehtiyac  yoxdur... “... Bundan  sonra  sənin  ünvanını  hamı  tanıyacaq,  Umud!”  kimsə  Umudun  qulağına  pıçıldadı  bu  sözləri.  “İlahi,  bu  kimin  səsiydi?!  Yulyanın?  Yulya  ki,  bunu  deməyib  getdi!”... “... Getmə,  Umud!  Bizi  Umudsuz  qoyma!”  Həmin  səs  idi,  Yulyanın  səsinə  həm  oxşayır,  hən  də  yox.  Yaralananda  da  həmin  səsi  eşitmişdi... Bu  qeybdən  gələn  səs  idimi?  Bəlkə  Yulyanın  qəlbinin  səsiydi?  Bu  səs  ona  çox  doğma  idi.  Umud  əmin  idi  ki,  bu  səs,  bu sevən  qəlbin  hayqırtısı  heç  vaxt  Umudu  umudsuz  qoymayacaqdı... Fikir  yükü,  hadisələrin  çoxluğu,  aktullığı,  gənc  nəslin  vətənpərvərlik  duyğularını  coşdurmaq,  sabahımıza  inam  baxımından  bu  hekayə  bir  maraqlı  povest   çəkisindədir.  Yaxşı  olardı  ki,  yazıçı  Umudla  Yulyanın  ömür  yolunun sonrakı  çağlarına  da  işıq  salaydı.                                                                                                           Həm  də  Umudun  gördüyü  iki  yuxunun  hər  birində  iki maraqlı,  geniş  məzmunlu  hekayənin süjet  xətti  var... Təcrübəli  hərbçi – hərbi  hissə  komandirinin  müavini,  vətənpərvər  insan,  istedadlı  yazıçı  Əli  bəy  Azərinin  “Bizi  Umudsuz  qoyma”  hekayəsi  Qarabağ  müharibəsinin  reallıqlarını  əks etdirən,  son  illərdə  yazılan  maraqlı,  uğurlu,  şərəfli  tariximizin  yaddaşına  həkk  olunacaq  əsərdir,  Vətən  tarixidir..  .                                                     11 iyul  2018-ci  il.