Ağıl və dəyəri

(Böhran günlərindəki problemlərə xitabən) Vallah incə-incə şeir yazanlara həsəd aparıram - öz qəzəbimə baxanda. Deyir, bir söyüşcül kişi varmış. Bir əfəndi (bilgisinə sayğıdan doğularaq hörmət mənasında deyilirmiş bu söz) kişiyə deyir: -Sən söyməyi tərgitsən, hətta kürkümü sənə bağışlamağa razıyam. Elə bu dəm birinin onlara tərəf gəldiyini görürlər. Deməyəsən, qatıq yeyibmiş, üst-başına tökülən qatığın axıntısını təmizləmədən yola çıxıbmış. Bunu görən söyüşcül kişi kürkü sahibinə qaytarıb: -Götür, əfəndi, kürkünü, mən belə hallarla rastlaşdıqda söyməsəm,  dözə bilmərəm, - deyir. Elə ən adi tipli lətifələri də, müdrik ruhlu şeirləri də dinləyəndə, “lətifənin və ya şeirin nə demək istədiyi anlaşıldımı?” - düşünərkən “Görəsən, müəllif nə demək istəyir?” şeirini yazmışdım. Quran-namaz içində üzənlərinsə ən adi, qarşılıqlı davranışları qavramadığına baxınca “Quran səsi” adlı şeir yaranıb. Bir şəhərə, bir kəndə, bir balaca müəssisəyə rəhbərlik edən şəxsə baxarkən ağıl işlətmədiyini görəndə  düşünürəm: “Kimidə ağıl var, kimidə yoxdur” deyirlər. Bu, o deməkdir ki, ağlı olan, bir problemin həllinin 5-6 yolunu görə bilir. Deməli, hansı məqam üçün yolun hansının sərfəli oduğunu düşünmək, ağıllı adamın, bəlkə, ağlına gəldi. Digəri isə bir yol bilir ki, bu da öz xeyrinin sərhədindən çox uzaq getməməklə. Hətta ikincini bilə, ya bilməyə heç. Qeyd: Ağıl deyərkən, xeyirxahlıq qarışan düşüncənin açdığı geniş yoldan söhbət gedir. Bicliyin açdığı yol bura aid deyil. Bicliyin açdığı 5-6 yol insanı şərə doğru sürükləyir. Öz ağlı sayəsində elmə gəlmək, deməli, eşidə bilmək qabiliyyəti deməkdir. Eşidirsə, ağlının inkişaf edəcəyi ehtimalı var, demək. Hələ bu fikirlərin də nəyin içindən nə törəndiyini  açıqlayan bir neçə kitablıq izahı var. Ağıllının başçı seçilməsi, ağrısız başla yaşayış qura biləcək deməkdir; Ağılsız adamı rəhbər işə təyin etmək öz oturduğun budağı balta ilə kəsmək deməkdir. Bəhsgirlik ucbatından elmə gələnlər tam məsuliyyətli işlərdə yerləşdisə, insanlığı Allah qorusun. Onu da bilirəm, hər birimiz deyəcəyik: “Mən bağadan iraq”. Biz niyə belə deyəcəyik? (Bu barədə isə insan xüsusiyyətlərinə dair əvvəlki yazılarımda). Əlbəttə ki, nəsihət dinləməklə mövqeyini dəyişməyə heç kim razı olmaz. Yəni, “deyəsən, sənin ağlın mənimkindən aciz oldu, gəl yerimizi dəyişək”, “biz belə etsək, kommunizmvari bir həyat yarada bilərik”, - belə deyəkmi? Belə deyə bilərik, amma, əvvəla, heç kim öz ağlını tərəziyə qoyub dəqiq ölçməz. Bu arada xeyirsöyləməzə dedilər: -Arxamca bir xeyir söylə, səfərdən qayıdıb kürkümü sənə verəcəyəm. Deyir: -Əvvəlcə kürkü ver. Nə olar, nə olmaz, - birdən səfərdən qayıtmazsan... Kommunizmvari həyat qurmağı dərk etdirmək üçün insan şüurunda yüzilliklərlə düzəliş aparılmalıdır. Yüzilliklərdə kim ölə, kim qala. Övladlarımızın qalacağını düşünəcək şüur yaratmaq üçün isə,... İnsanı məcbur etmək olmaz, düşünməyə vadar etmək olar (Sokratdan) İnsanın, irəliləmək üçün önündən yana ötürdüyü ünsürlər, sabah arxadan vurulan zərbə deməkdir. Bir neçə qat həqiqətləri dərk edən müdriklər fikirləri sıxıb-sıxıb, sıxılmış cümlədə belə ifadə edir: “Ağıllı başçı işıqlı həyat deməkdir”. Düşüncəsiz idarəçi xalqın dar günündə ətlə dolu soyuducunu tədbirsiz (təmizləməyə) söndürən evdar qadına bənzəyər.