Soyun xatirələri - Şeirlər

Bir qızın ahında məhv olan ömür
Sona yetişmişdi sevginin yolu,
Daha mənasızdı, hədər yoluydu.
Mənim danışığım qismətə bağlı,
Onun baxışları kədər doluydu.
Bir qəfil, qaş ilə göz arasında,
Ayrılıq özünü araya saldı.
Getdim… kürəyimin tən ortasında,
Bir qızın gileyli baxışı qaldı.
Bəlkə də gəncliyin qaydası budur
Hər kəsi bir eşqin dadı yandırır.
Heç nə sərinlətmir, heç nə azaltmır,
Məni o baxışın odu yandırır.
Durmadan izləyir yolumu hər gün,
Keçdiyim yollara mərmilər səpir.
Gedib qarşısında diz çökmək üçün,
Onu axtarıram mən ləpir-ləpir.
Yaraya çevrilib indi, yaraya,
Ağrısı azalmır, acısı bitmir.
Elə istəyirəm dönüb geriyə,
O qızın könlünü alam, barışam,
Tərslikdən şütüyür üzü yuxarı,
Ömür yollarında bircə qatar da,
Geriyə qayıtmır, gəncliyə getmir.
Bir yanlış min səhvin anası imiş,
O üzdən min cürə səhv elədim, səhv.
Bütün həyatımın gözəlliyini,
Bir qızın ahında məhv elədim, məhv.
Soyun xatirələri
Yazdığım şeirlərin sənə gücü çatmadı,
Geriyə gətirmədi.
İstədim yenə yazım həsrətinin yükünü
qələm də götürmədi.
Getdiyin nə qədərdir, gündü, aydı, ildimi?
Cəmi beş-on gündümü, mininci fəsildimi?
Zaman durub mənimçün, mən bilmirəm özün de.
Günlərin necə keçir, incimərəm düzün de.
Sığallı, tumarlı yar, sığalın yerindəmi?
Ürəyin yenə məndə, əllərin ərindəmi?
Deyir gündə neçə yol, çəkilirsən xəlvətə.
Qarğayırsan həyata, sevgiyə, məhəbbətə.
Ölünü də söyürsən, dirini də söyürsən,
Mənə qarğış yağdırıb, ərini də söyürsən.
Unut getsin hər şeyi, gəl bu qədər ağrıma.
Heç mən də kef çəkmirəm, nolar, məni qarğıma.
Sənsiz ömür də çaşbaş, gah sazaqlı, gah ilıq,
Ruhum alaqaranlıq, arzularım yarımçıq.
Arzuya bax... Nə arzu, arzumu qaldı məndə?
Gördüyün cavan oğlan, qəfil qocaldı məndə.
Gül ətirli duyğular, görüşlər səndə qaldı.
Ən qərib həyəcanlar, öpüşlər səndə qaldı.
Sevgim də səndə qalmış, təsəlli tap, ağlama.
Soyun xatirələri, üzərində saxlama!
"Qayıt qatar yoluna..."
Mən qabaqlar səninlə həmyaşıd oğlan idim,
Mənim oxuduqlarım, bildiklərim çox idi.
Sənin ədan böyükdü, nazın, qəmzən çox idi.
Onda dünya başqaydı, insanlar sevgi dolu,
Adamların içində kin-küdurət yox idi.
Onda sən oxumağa aldığın kitabların,
Arasından qurumuş gül ləçəyi tapardın,
Anlayardın kim qoyub, hansı səbəbdən qoyub,
Əzib barmaqlarında, küləyə sovurardın.
Sevən ürəyim təki çiçəyə də qıyardın.
O zaman kefimiz kök, damağımız çağ idi,
Sənin anan sağ idi, mənim atam sağ idi.
Onda icra başçısı bizim köhnə məhləni
söküb dağıtmamışdı,
Onda hələ sağ idi xəyalımın Annası,
Özünü bir qatarın altına atmamışdı.
Sonra bizim o köhnə, uçuq-sökük məhlədə,
Qara zurna gurladı, "Vağzalı" səsi gəldi,
Qohum-qonşu sevindi, arzular dilə gəldi.
Onda gözləri zəif, arıq-cılız bir oğlan,
Köhnə maqnitafonda qəmli mahnılar qoyub,
Uşaq kimi ağladı, gözləri bulaq oldu,
bulaq oldu çağladı.
İndi çox illər keçib, çoxlu fəsillər keçib,
Bizim də yerimizə yeni nəsillər keçib.
İndi sən mənlə yaşıd, ətli-canlı bir xala,
Mən səninlə həmyaşıd cavan bir oğlan kimi.
Sənin mənmlə yaşıd arzuların yox olub,
xəyalların yox olub,
Ötən bu illər boyu səndə kədər çox olub,
Məndə səninlə yaşıd sevgililər çox olub...
Qəfil durub üstümə ovunmağa gəlmisən,
Əlinlə öldürdüyün körpəcə bir sevgiyə -
min ilin ölüsünə toxunmağa gəlmisən.
Özü-öz taleyini seçib ağlayanları,
Kədəri şərbət bilib içib ağlayanları,
ovundurmaq olarmı?
Daşlara, qayalara toxunmuş arzuları,
Yad kişinin dilində oxunmuş arzuları,
"Vağzalı" notlarında soyunmuş arzuları,
İndi yeni həvəslə soyundurmaq olarmı?
Ya bağla zəncirini, yenə əsarət axtar,
Ər dediyin o dibsiz məzar səni gözləyir.
Ya da ki, get, özündə bir az cəsarət axtar,
Qayıt qatar yoluna... qatar səni gözləyir.