Xoşbəxtliyin rəngi

  Qadınsızlıq sükutu divarların canına elə hopmuşdu ki, Kamildən çox ev tutqun görünürdü. Yatağı evin saçları hesab etsək görərik ki, bir əl onu qarışdırıb otağın üzünə dağıdıb. Çoxdan yuyunmayan adamlar kimi mebellə döşəmənin rəngi dəyişmişdi. Pəncərədən sallanan pərdə  içərinin görünməyinə mane olmaqdan çox çöldən evə düşən işığın qarşısını kəsirdi. Ləkələr onu da özündən çıxartmışdı. Lakin bütün bunlar Kamilin vecinə də deyildi. Arvadıyla oğlunun həsrəti ilə müqayisədə bu onunçün əhəmiyyətsiz şeylər idi. Bu gün evə tez gəlmişdi, toya gedəcəkdi. Buna görə heç maşını da həyətə salmamışdı, bir azdan qayıdacaqdı. Şifoneri töküşdürüb toya geyməyə paltar axtarırdı. Arvadının ütüləyib getdiyi sonuncu köynəyi əyninə keçirdi. Artıq beş ay idi ki, onu görmürdü. Payızın soyuq küləkləri sanki bir yarpaq kimi onun sevincini götürüb aparmışdı.Təbiət adəti üzrə yenə də fəsilləri təzələsə də onun qəlbində hələ də soyuq yellər əsməkdə idi. İşə də könülsüz gedib gəlirdi. Yenə də içirdi. Guya bununla özünü ovundururdu. Özü də bilirdi ki, bu bəhanədir, özünü aldadır, amma tərgiməyə də cəhd göstərmirdi. Elə bu zəhirmarın üzündən tək qalmışdı. Bəzən içdiyi zaman ürəyindən keçirdi ki, “kaş evdə olaydı, yenə məni danlayaydı, bəsdir içmə  deyəydi”. Lakin nə qapı açılır, nə də səs gəlirdi. İndi  sonuncu köynəkdən də əl  izləri silinəcək, daha qayğısını da üzərimdə hiss etməyəcəm”. Elə bu vaxt küçədən gumbultu səsi eşidildi. Kamil tələsik geyinib çölə qaçdı. Səsin gəldiyi tərəfə getdi. Doğru təxmin etmişdi, səs maşından qopmuşdu.  Həyəcanla maşını nəzərdən keçirdi. Heç nə yox idi. Maşının ətrafında   beş- altı nəfər oğlan uşaqları vardı. Deməli, onlar nəsə edib- deyə Kamil düşündü. Hirslə uşaqlara: – Gedin o yanda oynayın də, maşınla nə işiniz var? – dedi. Uşaqlar səslərini çıxarmadılar, ya Kamildən çəkindilər, ya da suçlarından. Həyətə qayıtdı  və birdən-birə peşimançılıq hissi keçirdi. – Nahaq acıqlandım – dedi öz- özünə – gərək heç nə deməzdim, yəqin topu vurublar maşına, cəhənnəmə ki, dəmirdi də, uşaqlardan da qiymətli deyil ki. Buna görə gərək xətirlərinə dəyməzdim. Üst-başlarından da kasıblıq yağır, yazıqdırlar. Dərindən köks ötürüb könülsüz-könülsüz güzgünün qabağına keçdi, özünü  səliqəyə salıb telefonu və açarları götürüb təzədən həyətə çıxdı. Ayaqqabısını təmizləmədi, gözucu baxıb – yaxşıdır – dedi. Darvazanı bağlayıb küçəyə çıxdı. Uşaqlar hələ orada idilər. Kamil mülayim görünməyə çalışdı. Bayaqkı sərtliyini onlara unutdurmaq məqsədilə – hə, top oynayırsınız? – deyə başqa söz tapmadığından yersiz sual verdi. Uşaqlar gülümsündülər. Kamilə elə gəldi ki, bununla uşaqlar ona – “bəyəm görmürsən?” – deyirdilər. İndiki uşaqlar belədilər, nə desən cəsarətlə adama tutarlı cavab verirlər. – Bax bu idi maşına çubuq vuran – deyərək, kök balaca oğlan yoldaşlarından birini göstərdi. Kamil üzünü turşudub oğlana: – Adam yoldaşını satmaz – dedi, – bu yaxşı xasiyyət deyil, – bir də maşına niyə ağac vurusunuz? Sınar axı. Uşaq utandısa  da özünü itirmədi. Kamil saatı bilmək  məqsədilə telefonuna baxdı  və – Vay səni! Yenə hər şeyi qarışıb – dedi. Dara düşən adamlar kimi üzündə çarəsizlik duyuldu. Telefondan istifadə etməyi hələ də yaxşı öyrənməmişdi. Onu da bilirdi ki, indi belə şeyləri uşaqlar böyüklərdən yaxşı bilirlər. Elə bil yeni dövran böyüklərdən uşaqların qisasını alırdı. Hansı yana baxırsansa telefonunu uşaqlara verib balanslarını artırdan və yaxud nəsə bir iş gördürən böyükləri görürdün. İndi uşaqların zəmanəsi idi. Böyüklərin hər şey üstündə tənbeh etdiyi uşaqların. Amma indi onlar uşaqlardan kömək istəyirlər. Kamil də yardım istəməli oldu, uşaqlara  tərəf çönüb: – Kimin telefondan başı çıxır – deyə soruşdu? Uşaqlar bir ağızdan xorla- Mənim! Mənim!-deyə qışqırışdılar. Bir-birinə aman verməyərək telefonu götürməyə cəhd etdilər. Kamil əlində çubuq tutan oğlana yaxınlaşdı. Arxadan uşaqlardan biri tələsik onu səslədi: – Əmi, əmi ona verməyin, balansınızı oğurlayacaq, – dedi – o, həmişə belə edir. Kamil duruxdu, amma büruzə vermədi. – Sənin telefonun var? – deyə oğlandan soruşdu. Oğlanın əvəzinə başqası dilləndi. – Hə, anasından gizli alıb – Kamili  narahatlıq bürüdü. Özünü suçlu kimi hiss etməyə başladı. – “Anasından gizli alıb, demək atası yoxdu. Bəs bu qədər pulu hardan alıb?” – deyə düşündü. Oğlunu xatırladı. “Birdən o da anasını eşitmədi, səfehlik etdi” – Qəfildən ağlına  gəlmiş bu  fikirləri qovmaq istədi. – Bəs sən dərs oxumursan? – deyə oğlana qınayıcı nəzərlərlə baxdı, – telefon sənə gərək deyil axı. – İqra oynayıram – nəhayət, oğlan özü dilləndi. – Maşın oyunlarıyla maraqlanırsan. – Kamil onun sözünə düzəliş etdi. Məzəmmətlə: – Olmaz belə dostum – deyərək, doğrudan da dostuna ərk edirmiş kimi telefonunu onun ovcuna qoydu. –Yaxşı, bunu düzəlt ver mənə, beləcə yaxşı işlər gör, başqalarına faydan dəysin, özünə pislik etmə, dərslərini oxu. Görürsənmi, necə bacarıqlısan, mən öz telefonumu düzəldə bilmirəm, amma sən bunu bacarırsan. Deməli, gərəkli ola bilərsən. Oğlan sakitcə telefonu götürüb gözlərinə yaxınlaşdırdı, bir iki düyməsini qurdalayıb Kamilə qaytardı. – Proqramı pozulub “vosstanovit” elədim götür. – dedi. – Afərin sənə, mənə böyük kömək etdin Özünə pislik etmə yaxşımı? – deyib- Kamil uşaqlardan aralandı. Maşına minəndə oğlana tərəf baxıb mənalı tərzdə siqnal verdi. Sanki bununla  “sözümüz sözdür  ha” – demək istəyirdi. Siqnal oğlanın qulaqlarında əks-səda verdi. “Özünə pislik etmə,  başqalarna faydan dəysin” – yaxşı sözlərdir – deyə oğlan dodağının altından təkrarladı. Anasının bacısına tez-tez  dediyi sözləri xatırladı – “sözlərimi sırğa elə qulağından as”.  – Hə, indi  bildim anam sırğa deyə nəyi nəzərdə tuturmuş” – Orxan, özünə kontur atdın? Sualdan ilk dəfə olaraq diksindi. Şit-şit gülən dostu onu təhqir edirdi. “Axı niyə belə bir pis iş tutmuşam ki, indi məni ələ salırlar” deyə özünü  qınadı. Dostuna qəzəblə baxıb: – Ay axmaq, görmədin telefonu ovcuma qoydu? – dedi.  – O, sizə yox, mənə inandı. Kənardakı oğlan onu qızışdırmaq məqsədilə: – Orxan, gördün kişiyə o xəbər verdi sənin kontur... – Axı Orxan ona pislik edəcəkdi – deyə xəbər verən oğlan onun sözünü kəsdi. Orxan isə uşaqların gözlədiyinin tam əksinə olaraq: Əgər o xəbər verməsəydi əmi də bilməyəckdi – dedi, – mən də bu pis işə davam edəcəkdim. Uşaqlar heyrətlə ona baxırdılar. –  Daha etməyəcəksən? –  deyə xəbərçi uşaq təəccüblə soruşdu. – Əlbəttə, etməyəcəm. Gördün o əmi sənin sözünə məhəl qoymayıb telefonu mənə verdi. Mən onda  utandım. Orada dayana bilməyib evə tərəf üz tutdu. “Necə də səfeh olmuşam” Yol boyu yalnız bunu düşündü. Maşının arxasınca baxdı. Maşın artıq gözdən itmişdi. Əminin də  ondan dərs aldığı Orxanın ağlına gəlmirdi. Hardan bilsin ki, onun həyat tərzi Kamilin gözlərini açdı, onda məsuliyyət hissi oyatdı. Onun şəxsində Kamil neçə vaxtdır görmədiyi oğlunun həyatından ciddi narahatlıq keçirməyə başladı. İndiyəcən oğlu üçün yalnız darıxmışdı. Bu cür şeyləri ağlına gətirmirdi. Hisləri al-üst olmuşdu. Bu balaca qonşu uşağı gözlərinin qarşısından getmirdi. Uzaqdan ona sanki, bir uşaq boylanır, nə edəcəyini  gözləyirdi. Kamil şənlik evinə gecikmişdi. Qapıdan daxil olanda birdən-birə gurultulu səs ona müharibə vaxtı yaxınlığında partlayan mərminin səsini xatırlatdı. O dəhşəti təkrar yaşadığını zənn edərək az qaldı ki, geri qayıdıb səsdən qulaqlarını xilas eləsin. Amma gözü bəy stulunda əyləşib xoşbəxtcəsinə gülümsəyən dostuna sataşınca ürəyi yumşaldı. İrəli yeridi. Həmişə toylarda etməyə ən çox ərindiyi bir məqamdan – hamı ilə  bir-bir əl tutmaqdan  yenə də qaçmağa çalışdı. Bu ona  ağır yük qaldırırmış kimi görünürdü. Əllər çox idi, hamısını bir-bir sıxmaq Kamilə kimdənsə borc pul istəmək kimi üzücü təsir bağışlayırdı. Ona elə gəlirdi ki, kimin qarşısına gedib əl uzadırsa o da eyni hissi yaşayaraq məcburən əl verir. Çox vaxt da uzaqdan bir-birini görəndə özünü görməzliyə vurub yönünü çevirənlərin olduğunu bildiyindən də bu mənzərədən lap təngə gəlmişdi. Ona görə də elə uzaqdanca hamı ilə salamlaşıb keçib əyləşdi. Kamilə elə gəlirdi ki, bütün nəzərlər onun üzərindədir. Dost-tanışlar, hətta qadınlar da onun geyiminə fikir verdiklərini aydınca hiss edirdi. Hamı bilirdi ki, xeyli vaxtdır arvadı ilə ayrı yaşayırlar. Tər-təmiz ütülənmiş köynəyi hər kəsdə şübhə oyadırdı. Arvadının əl izlərini itirməmək üçün onun bu köynəkləri necə qoruduğundan heç kəsin xəbəri yox idi. Amma baxışlardan başqa şeylər oxunurdu. Məclisdə əylənə biləcəyi məqam tapa bilmirdi. Masabəyinin xoş arzularının müşayiəti ilə rəqs edən bəylə gəlin bu anlarda ömürlərinin xoş anlarını yaşayırdılar. Kamil isə  onların hansı çətinliklərdən keçməli olacaqları haqqında düşünürdü. İnsanlar bu anlarda ancaq xoş hadisələr düşünürlər. Bu anlarda heç kimin toydan sonra yaşayacağı günlər ağlına gəlmir. Masabəyi sözləri  şövqlə düzüb-qoşduqca Kamil acı-acı gülürdü. Dodağının altından: – “Elə bilir üç-dörd xoş arzu diləməklə gəlinlə bəyin xoşbəxt olmasına kömək edə biləcək” – deyirdi. Beynindəki fikirlər sanki qarışqalar kimi simasına daranmışdılar. Qarışqalar qaynaşırdı: “Toy mərasimi bitəndən sonra bu gurultulu musiqinin cingiltiləri qulaqlardan çəkilməmiş toy edənlərin mübahisələri  bu evə gəlmək istəyən xoşbəxtliyi artıq geri qaytarır. Xoşbəxtlik ordan-burdan boylanıb özünə yer etməyə çalışdıqca sərt rəftarlar qapı pəncərəni bərk-bərk örtür”. – Gələn il bu vaxt evinizdən körpə səsi... Zaman maşınının altında qalıb əzik-üzük olmuş arzulara qulaq asmağa hövsələsi çatmadı: – “Yazıq körpələr…” – deyə köks ötürdü. – Valideynləriniz sizin dünyanızı zədələyəndən sonra səhvlərini anlayırlar”. Xoşbəxt olmağın qaydaları Kamilə indi maşın sürdüyü yollar kimi aydın görünürdü. Əvvəlcə istədi, mikrofonu masabəyidən alıb bayaqdan bəri düşündüklərinin hamısını məclisdəkilərə söyləsin. Desin ki, – “Uşaqları ovundurmaq üçün oyuncaqdan tutmuş insanları məhv etmək üçün düşünülmüş silahacan hər şeyi düzəldə bilirik. Bircə xoşbəxtlik düzəldə bilmirik. Çünki bunu bizə başqasının verməli olduğunu düşünürük. Amma istəsək ən xırda hisslərdən də özümüzə xoşbəxtlik düzəldə bilərik. İnsanlar onlara xoşbəxtlik arzulanmağına adət etdiklərindən özləri buna çalışmırlar. Gücün çatmayanı istəməməklə, insanları səhvləri ilə birgə sevməklə adam elə xoşbəxt olur ki”, amma özünü birtəhər saxladı. Sözünü onu anlamayacaq adamlara söyləməkdənsə övladına qovuşmağa can atırdı. Zaldan çıxıb qapının sol tərəfində qoyulmuş qutuya yaxınlaşdı. Zərflərdən birini götürüb üstünə: “Sizə dilucu xoşbəxtlik təklif edənlərə əhəmiyyət verməyin. Bunu özünüz əldə edin. Uzaqda deyil, əgər istəsəniz tapacaqsınız” sözlərini və yazılacaq məbləğı qeyd edib zərfi qutuya saldı. Bir göz qırpımında pilləkənləri  enib şənlik evindən çıxdı. İnsan səhvlərini dərk etdiyi zaman məmnun olur. Bu onunçün yeni bir başlanğıca yol açır. Elə bil ona qeybdən xoş sözlər söyləmişdilər, o da bu sözləri kiməsə çatdırmaq üçün bərk tələsirdi. Heç vaxt maşını olduğu üçün nə sevinc, nə də lovğalıq hissi duymamışdı. İlk dəfə olaraq maşını olduğuna sevinirdi. Bu anlarda bu balaca maşın ona isti bir yuva kimi görünürdü. Gedib arvadıyla oğlunu gətirəcək, onlarla birgə uzun yollardan keçəcəkdi. Cəld hərəkətlərlə maşına tərəf getdi. Açarı çıxarıb qapını açdı. Axşamın sərin havasından ciyərlərinə çəkib sükanın arxasına keçdi. Elə bil səs tonu qalın olan bir adam qəhqəhə çəkməyə başladı. Bu səsə adət etmişdi. Hər dəfə maşının bu səsinə oğlu diksinər, arvadı gülər, o da qorxan uşağa görə tutular, gülən arvadına görə də pərt olardı. Lakin bu gün bu səs ona elə xoş gəldi ki, elə bildi ki, doğrudan da kiminləsə danışıb gülürdü. Kamil maşını “qəzəbləndirmək” istədi. Sürəti artırıb yerindən götürüldü. Bu anlarda sanki maşın yeriyərək tövşüyə-tövşüyə danışan adama çevrildi. Elə bil sürətindən maşın  özü də qorxurdu. Nəsə düşünüb sürəti azaltdı. Xoşbəxt hisslərdən məhrum olacağının qorxusundan asta sürməyə başladı. Yox, bu dəfə ehtiyatlı olacaq, daha heç bir səhvə yol verməyəcəkdi. Xoşbəxtliyin sirrini tapmışdı. Bu sirri arvadıyla oğluyla  bölüşməyə tələsirdi. İnsanlar bir günlük toyda özlərini xoşbəxt hiss edib sonra bu hissi itirdikləri halda, Kamil həmin məfhumu toydan sonra tapmışdı. Onu bir də  itirməyəcəkdi. Nədənsə  insanlar həmişə gec tapdıqları xoşbəxtliyi qorumağa çalışırlar. Əgər bu səadət ona erkən qismət olubsa mütləq onu itirəcəklər. Kamilə birdən-birə elə gəldi ki, ətrafda gördüyü hər şey al-əlvan boyanıb. Elə bil kimsə onun sevdiyi rəngləri bir-birinə qarışdırıb dünyanı rəngləmişdi.  Bu onun hisslərinin rəngi idi.