Dünyanın ikili standartları: Qərb Ermənistanda baş verənlərə niyə göz yumur?

Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində müharibə şəraitində yaşayan, iyirmi faiz torpaqları təcavüzkar və bədnam qonşularımız tərəfindən işğal olunmuş Azərbaycan uzun illərdən bəridir ki, öz haqlı səsini beynəlxalq tribunalardan dünyaya çatdırmaqdadır. Ötən illər ərzində müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri də Azərbaycana səfər edərək Qarabağ münaqişəsinin acı nəticələrini, hansı tərəfin haqlı, hansı tərəfinsə haqsız olduğuna canlı şahidlik ediblər. Bu təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra sənədlər qəbul olunsa da, Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipləri ümdə məqam sayılaraq sürəkli olaraq təkrarlansa da, nəticədə torpaqları işğala məruz qalana deyil, işğalçıya haqq qazandırmağa cəhdlər ediblər. Onların sərgilədiyi ikili standartlar, xristian təəssübkeşliyi imkan verməyib ki, Azərbaycanın haqq işinə ədalətli mövqe nümayiş etdirilsin. Məhz bu səbəbdən Ermənistanın və ümumiyyətlə, dünya erməniliyinin yalanları bir çox dövlətlərdə dinlənilir, reallıqdan uzaq qərarlar qəbul olunur. Bu dünən də belə olub, bu gün də belədir... Artıq bir neçə gündür ki, dünya Ermənistanda “demokratik şüarlarla” hakimiyyəti qəsb edən Paşinyan iqtidarının törətdiyi növbəti cinayətləri görməməzlikdən gəlir və susmaqda davam edir. Söhbət ondan gedir ki, iyunun 16-da "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı Parlament tərəfindən ləğv edilərək təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilib. Onun həbs ediləcəyi istisna olunmur. Baş verənlərin maraqlı tərəfi ondan ibarətdir ki, Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalıb və o başına gətirilənlərin siyasi təqib olduğunu sübut edir. Bir sıra siyasətçilər haqlı olaraq belə hesab edilər ki, Ermənistan paytaxtında baş verən hadisələrin yekunu olaraq Paşinyan özünün keçmiş və gələcək siyasi rəqiblərini həbs etdirir, söz və mətbuat azadlığını məhdudlaşdırır. Bütün bunları aqressiv şəkildə həyata keçirərkən isə demokratiya pərdəsi arxasında gizlənir, korrupsiyaya qarşı mübarizə apardığını iddia edir. Beləliklə, həm də üniversal dəyərləri öz repressiya siyasətinə alət edir . Əslində, düşmən ölkədə baş verən bu qalmaqalın üsütndən “cəhənnəmə ki, qoy bir-birlərinin ətini didsinlər” deyib keçmək də olardı. Ancaq Sarukyanla bağlı son hadisələr fonunda “demokratiya və azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının susqunluğu adamı təəccüləndirir. Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan. Bəs bunun səbəbi nədir-əlbəttə ki, ikili standartlardır. Azərbaycanda baş verən ən xırda hadisələrə belə “həssaslıq” nümayiş etdirənlərin bu neçə gündə susması bir sıra sualları yaranmasına səbəb olur. Əvvala,  Q.Sarukyanın tərəfdarlarının Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərkən təhlükəsizlik qüvvələri tərəfindən qarşısının kobudluqla alınmasının və yüzlərlə adamın saxlanılmasının, eləcə də polisin aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq etməsinin adı nədir? İkincisi, Ermənistandakı məlum hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərb institutlarının “önəm verdiyi” bütün dəyərlərin ayaq altına salınması demokratiyanın təntənəsi sayılmalıdırmı? Əgər belə deyilsə. onda Qərb, ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi niyə susur? ABŞ-ın və Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Üçüncüsü, Qərb mənfur qonşularımızda baş verən hadisələrə göz yumması, özünü görməməzliyə vurması ilk hadisə deyil. Biz bunu şahidi hələ Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat edən vaxt olmuşduq. Hadisəyə heç bir reaksiya verilməməklə. Digər tərəfdən də, populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir və asfalta uzadır. Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur. Onun erməni oliqarx Samvel Aleksanyan ilə qohumluq əlaqələrinin formalaşması onun əsil niyyətindən xəbər verir. Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. Beləliklə, Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkilərini müşahidə edən Qərb təşkilatlarının rəyində bu ölkənin bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq  demişdi: “25 il il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”. Yenə həmin çıxışında baş nazir bildirir ki, “hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq”. İnsan haqlarının hər addım tapdandığı Ermənistanda Baş nazir yalan danəşır, bunu başa düşdük. Amma Qərb təşkilatlarının öz rəylərində bu işğalçı ölkəni “bütün başlıca azadlıqlara əməl edildiyi” yer kimi təqdim etməsi çox təəccüblüdür. Xanoğlan Əhmədov, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri