AXC dövründə təhlükəsizlik və xüsusi xidmət orqanlarının fəaliyyəti (1918-1920-ci illər)

Mirzə Ənsərli,

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı XX əsrin əvvəllərindən – 1917-ci ilə qədər olan bu dövr Rusiya imperiyasının tarixində baş vermiş müxtəlif hadisələrlə zəngindir. Buna 1903-1904-cü illərdə baş vermiş Rusiya-Yaponiya müharibəsini, 1905-1907-ci illərdə daxildə sosial-demokratların, bolşeviklərin törətdikləri ixtişaşları və 1914-cü ildə başlamış Birinci Dünya müharibəsini misal göstərə bilərik. Bütün bu hadisələrin nəticəsində ölkədə ictimai-siyasi, iqtisadi vəziyyət böhran həddinə gəlib çatdı. 100 minlərlə əhalinin keçirdiyi tətillərdə iqtisadi şüarlarla bərabər, siyasi tələblər də  tez-tez səslənməyə başladı. 1977-ci il fevralın 28-də Çar üsul-idarəsinin, yəni mütləqiyyəti əvəz edən bir idarə sistemi yaratmaq üçün burjuaziyanın rəhbərliyi altında burjuaziya- demokratik inqilabı baş verdi. Çar hakimiyyətdən uzaqlaşdırıldı və martın 1-də knyaz G.Y.Lvovun rəhbərliyi altında Müvəqqəti Hökumət təşkil olundu. Həmin dövrdə bolşeviklər tərəfindən Fəhlə Deputatları Soveti də yaradıldı. Beləliklə, Rusiyada ikihakimiyyətlilik yarandı. Müvəqqəti hökumətin əsas məqsədi ölkədə qayda-qanun yaratmaq və Müəssisələr Məclisinə seçkilər keçirmək idi. 1917-ci il martın 9-da Müvəqqəti Hökumətin sərəncamı ilə Dövlət Dumasının 5 üzvündən ibarət Xüsusi Cənubi Qafqaz (Zaqafqaziya) Komitəsi (XCQK) və onun yanında İctimai Təşkilatların İcraiyyə Komitələrinin nümayəndələrindən ibarət Ölkə Şurası yaradılır. XCQK-nin tərkibinə IV Dövlət Dumasının üzvləri Xarlamov, M.Papacanov, M.Cəfərov, K.Ablaşidze və P.Pereverzev (sonra onu A.Çxengeli əvəz etdi) daxil olmuşdu. Komitənin sədrliyinə A.Xarlamov seçilmişdi. Müvəqqəti hökumət tərəfindən bu komitəyə Cənubi Qafqazda müharibə qaydalarına uyğun olaraq qayda-qanun yaratmaq üçün səlahiyyətlər verilmişdi. Bundan sonra Bakıda martın 17-də yeni hakimiyyət orqanı olan Bakı İctimai Təşkilatları Şurası və onun Müvəqqəti İcraiyyə Komitəsi təşkil olundu. Fevral-burjua inqilabından sonra Rusiyanın ərazisində, o cümlədən Cənubi Qafqazda gizli və açıq şəkildə fəaliyyət göstərən siyasi partiyalar fəallaşmağa başladılar. 1917-ci ilin iyulunda M.Ə.Rəsulzadənin, M.H.Hacınskinin və A.Kazımzadənin rəhbərlik etdikləri «Musavat» partiyası ilə Gəncədə yerli bəylərdən N.Yusifbəyovun, Ş.Rüstəmbəyovun və H.Ağayevin təşəbbüsü ilə yaradılmış «Türk Ədəmi Mərkəziyyət Federalistlər» Partiyası «Türk Federalist Müsavat Partiyası» adı altında birləşdirildi. Bu zaman «Daşnaksütyun» partiyası da öz fəaliyyətini genişləndirməyə başladı. Onların əsas məqsədi Cənubi Qafqazda «Böyük Ermənistan» dövlətini yaratmaq olmuşdur. Cənubi Qafqazda Peterburqda olduğu kimi bolşeviklərin yaratdıqları fəhlə, əsgər və kəndli sovetləri öz fəaliyyətlərini genişləndirərək hakimiyyət uğrunda mübarizəyə başladılar. Beləliklə, Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində də ikihakimiyətlilik yarandı: bir tərəfdə Müvəqqəti Hökumətin orqanları, digər tərəfdə isə sovetlər fəaliyyət göstərməyə başladı. Bu sovetlər içərisində Bakı Soveti daha güclü idi. Bakı Sovetinin tərkibində türklər yox idi. Olsa da bir-iki nəfər ola bilərdi. Sovetin tərkibinin əksəriyyəti ermənilərdən, ruslardan və başqa  qeyri-türklərdən ibarət idi. Noyabrın 7-də Peterburqda bolşeviklər zorla hakimiyyəti ələ keçirdilər və öz diktaturalarını qurdular. Bundan istifadə edən Bakı bolşevikləri Bakı Sovetində əsas vəzifələrə yiyələnməyə başladılar. 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarlar Sovetinin sədri Vladimir Lenin Stepan Şaumyanı Qafqaz işləri üzrə xüsusi komissar təyin etdi. Xüsusi Cənubi Qafqaz Komitəsində təmsil olunan menşeviklər, sağ eserlər, «Musavat», «Daşnaksütyun» partiyaları Rusiyada qurulmuş bolşevik hakimiyyətini tanımadıqlarını bildirdilər və «Müstəqil Cənubi Qafqaz Hökuməti» yaratmaq haqqında qərar qəbul etdilər. Noyabrın 25-də Zaqafqaziya (Cənubi Qafqaz) Komissarlığı yaradıldı. 1917-ci ilin sonlarında Ümumrusiya Müəssisələr Məclisinə  seçkilər keçirildi. Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə bolşeviklər cəmi 4,4% səs toplaya bildi. Musavatçılar, menşeviklər və daşnaklar isə 73% səs topladılar. Ümumrusiya Müəssisələr Məclisi bolşeviklər  tərəfindən buraxıldı. 1918-ci ilin fevralın 14-də  Cənubi Qafqazdan Ümumrusiya Müəssisələr Məclisinə seçilmiş türk, gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz Seymini yaratdılar. Seymin fevralın 23-də keçirilən ilk iclasında üç əsas partiya gürcü sosial-demokratlar (menşeviklər) 32, Azərbaycan türklərinin «Musavat» partiyası 30, ermənilərin «Daşnaksütyun» partiyası 24 deputatla təmsil olunmuşdu. Bunlardan başqa Seymdə gürcü və ermənilərin bir neçə kiçik partiyası, həmçinin Azərbaycan türklərinin «İttihad», «Hümmət», müsəlman sosialist qruplar (14 nəfər) iştirak edirdi. 44 nəfər olan Azərbaycan deputat fraksiyasına «Musavat» Partiyasının sədri M.Ə.Rəsulzadə rəhbərlik edirdi. 1918-ci il aprelin 22-də Cənubi Qafqaz (Zaqafqaziya) Seymində Azərbaycan türkləri, erməni və gürcü deputatları paytaxtı Tiflis şəhəri olmaqla Cənubi Qafqaz (Zaqafqaziya) Demokratik Federativ Respublikasının yarandığını elan etdilər. A.Çxengelinin başçılıq etdiyi bu hökumətdə Xudadat bəy Məlikaslanov dəmiryolları naziri, Fətəli xan Xoyski ədliyyə naziri, Nəsib bəy Yusifbəyli təhsil naziri, Məmmədhəsən Hacınski ticarət və sənaye naziri və İbrahim bəy Heydərov dövlət nəzarəti naziri postlarını tutmuşdu. 1918-ci il mayın 26-da Tiflisdə Cənubi Qafqaz Seyminin son iclası keçirildi. Gürcü heyəti Cənubi Qafqazı vahid dövlətdə birləşdirməyin qeyri-mümkün olduğunu bildirərək federasiyadan çıxdıqlarını elan etdilər. Bundan sonra Seymin buraxılması və Cənubi Qafqaz Federativ Respublikasının ləğvi haqqında qərar qəbul olundu. 1918-ci il mayın 27-də Azərbaycan türklərinin deputatları Tiflis şəhərində fövqəladə iclas keçirərək Azərbaycan Milli Şurası yaratdılar. 44 nəfərlik Şuranın ilk iclasında Məhəmmədəmin Rəsulzadə («Musavat» Partiyası) sədr, Əhməd bəy Ağayev müavin, Fətəli xan Xoyski (bitərəf) İcraiyyə Komitəsinin (hökumətin) sədri seçildi. Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini dünyaya elan etdi və hökumət təşkil olundu. İyun ayının 16-da Azərbaycan hökuməti və Azərbaycan Milli Şurası Tiflis şəhərindən Gəncə şəhərinə köçdü. İyunun 17-də Nuri paşanın tələbi ilə Milli Şura, iyunun 19-da isə Fətəli xan Xoyskinin rəhbərlik etdiyi I hökumət buraxıldı. II hökumətin təşkil olunması istiqamətində işlər görüldü. Yeni qurulan hökumətdə F.Xoyski yenə Baş nazir və ədliyyə naziri postunu tutdu. Bu hökumətdə hərbi nazir vəzifəsi yenə də nəzərdə tutulmamışdı. Bu dövrdə faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətində müdafiə naziri funksiyasını Azərbaycana köməyə gəlmiş Qafqaz İslam Ordusu komandanı Nuri paşa yerinə yetirirdi. Hələ Cənubi Qafqaz Seyminin təşəbbüsü ilə yaradılan Müsəlman Korpusunun komandanı general-leytenant Əli ağa Şıxlinskinin Hərbi Nazirliyini yaradılması ilə əlaqədar hazırlanmış layihələrin yerinə yetirilməsi imkan xaricində idi. II hökumətin qarşısında duran məsələlərdən biri Bakının bolşeviklərdən və daşnaklardan azad etmək idi. Qafqaz İslam Ordusu Bakı Sovetinin əksəriyyəti daşnak ermənilərdən olan ordusunun Gəncəyə hücumunun qarşısını ancaq Göyçayda aldıqdan sonra əks-hücuma keçərək nəinki Göyçayı, hətta Şamaxını da azad etdi.  İyulun 31-də Bakı Soveti öz fəaliyyətini dayandırdı. Bundan sonra Bakıda Senrokaspi diktaturası və Müvəqqəti İcraiyyə Komitəsinin Rəyasət Heyəti adında hökumət yaradıldı. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakıya daxil oldu və bundan sonra Bakı şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı statusunu aldı. Sentyabrın 17-də Azərbaycan hökuməti Fətəli xan Xoyskinin rəhbərliyi altında Bakıya köçdü. Osmanlı imperatorluğu Birinci Dünya müharibəsində məğlub olduğundan 1918-ci il oktyabrın 30-da bağlanmış Mudros müqaviləsinə görə türk qoşunları bir həftə ərzində Bakıdan, bir ay ərzində isə Cənubi Qafqazdan çıxmalı idi. Hələ oktyabrın 23-də hökumətin iclasında Hərbi Nazirliyin bərpa edilməsi qərara alındı. Noyabrın 1-də parlament Azərbaycan Nazirlər Şurasının yanında Hərbi Nazirliyin bərpa edilməsi barədə qərar qəbul etdi. Beləliklə, bu qərara əsasən noyabrın 7-də nazirlik təsis edildi. II hökumətin Baş naziri olan Fətəli xan Xoyski eyni zamanda  həm də hərbi nazir vəzifəsini yerinə yetirməyə başladı. Müavini isə tam artilleriya generalı Səməd bəy Mehmandarov oldu. Hərbi Nazirlik fəaliyyətini ingilislərin təkidi ilə Gəncədə davam etdirməyə məcbur oldu. Azərbaycan qoşunları da noyabrın 22-də türk qoşunları ilə Bakını tərk edib Gəncədə yerləşdilər. Hələ artıq iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumət Müsəlman Korpusunun adını dəyişdirərək Xüsusi Azərbaycan Korpusu adlandırdı. Azərbaycan hökumətinin Bakıda, Hərbi Nazirliyin  Gəncədə olmasını nəzərə alaraq Nazirlər Şurası sədri Fətəli xan Xoyski özünün sərəncamı ilə 1918-ci il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarovun hərbi nazir, dekabrın 29-da isə tam artilleriya generalı Əliağa Şıxlinskini nazir müavini təyin etdi. 1919-cu ilin əvvəllərində Denikin Şimali Qafqazı işğal etdi. Bu da gənc respublikanın gələcək taleyinə təhlükə yaradırdı. Denikin ordusunun generalı Prijevalski və 1918-ci il martın sonlarında Bakıda türklərə və başqa müsəlman xalqlarına qarşı ermənilərin törətdikləri qırğınların fəal iştirakçısı Hamazasp da rəhbərlik etdiyi silahlı dəstələrinə yeni əsgərlər toplamaqla məşğul idilər. Çox təəccüblü idi ki, rus-erməni hərbi hissələri Duma meydanına yaxın yerdə və şəhərin tamamilə müsəlmanlar yaşayan Quba meydanı hissəsində yerləşmişdilər. Gənc respublikanın varlığı ilə barışa bilməyən qüvvələrin arasında bolşeviklər də var idi. Onlar var gücləri ilə Sovet Rusiyasının xeyrinə işlər aparır və müstəqil milli respublikamızın yerində öz diktaturalarını qurmağa çalışırdılar. Onların əsas kadrları qeyri-türklər və qeyri-müsəlmanlar idi. Onlar əhali arasında müstəqilliyimizin əleyhinə təbliğat aparırdılar. AXC-nin varlığını qəbul edə bilməyən düşmənlərdən biri də Daşnak Ermənistan (1918-1920) idi. Ermənilər müstəqil dövlət qurduqdan dərhal sonra həm Azərbaycana, həm də Gürcüstan milli respublikalarına qarşı torpaq iddiaları etməyə başladı. Daşnak Ermənistanın xüsusi xidmət orqanlarının casusları fürsət düşən kimi Azərbaycanın daxilində təxribatlar törətməklə məşğul idilər. Onlar Azərbaycanda yaşayan ermənilərin və başqa xristian əhalinin köməyindən istifadə edirdilər. Daşnak Ermənistanında (1918-1920) milli dövlət qurulduqdan sonra xüsusi xidmət orqanları da formalaşmışdır. Bu orqanların kadrlarının  əsasını çar Rusiyasının «Oxranka»sında («Mühafizə») və silahlı qüvvələrinin hərbi kəşfiyyatında xidmət etmiş ermənilər təşkil etmişdir. Onlar uzun illər ərzində  topladıqları təcrübələrindən Daşnak Ermənistanında yenicə yaranmış xüsusi xidmət orqanları məharətlə istifadə etməyə başladılar. Onlar rus, gürcü, türk, fars, ərəb və ən azı Avropa dillərindən birini bilirdilər. Çoxu da peşəkar hərbiçi idilər. Onların istər Osmanlı, istərsə də yenicə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əleyhinə kəşfiyyat əməliyyatlarını aparan zamanı yerli xristian əhalisindən, xüsusilə  də ermənilərdən istifadə edirdilər. Həmin dövrdə AXC-nin əleyhinə Şimali Qafqazı işğal etmiş Denikinin ordusunun hərbi kəşfiyyatçıları, yeni yaradılmış  Sovet Partiyasının  həm Fövqəladə Komissiyasının  xarici Kəşfiyyat şöbəsinin və Fəhlə – Kəndli Qızıl Ordusunun Hərbi Kəşfiyyat İdarəsinin, Avropa ölkələrinin bəzilərinin, xüsusilə Böyük Britaniyanın həm mülkü, həm də hərbi kəşfiyyat orqanlarının əməkdaşlarının fəaliyyətlərini də nəzərdən  qaçırmaq olmaz. Erməni kəşfiyyatçıları eyni vaxtda AXC-ə və Osmanlı dövlətinə qarşı fəaliyyətləri əleyhinə  yuxarıda adını çəkdiyimiz dövlətlərin xüsusi xidmət orqanları ilə birgə fəaliyyət göstərirdilər. Biz bu kəşfiyyatçıların siyahısına beynəlxalq miqyaslı böyük şirkətlərin (Royal Datç Şel, Standart Oyl) xüsusi missiya yerinə yetirən mütəxəssislərin fəaliyyətlərini də əlavə edə bilərik. AXC-nin Bakıda, Gəncədə və başqa sahələrində, qəza mərkəzlərində və kəndlərdə yaşayan ermənilərin bir çoxu Tiflisdəki Erməni Milli Şurasının və «Daşnaksütyun» Partiyasının üzvü olduqlarına görə daima gənc müstəqil  milli dövlətimiz əleyhinə fəaliyyət göstərirdilər. Onlar topladıqları qiymətli  strateji əhəmiyyətə malik məlumatları Daşnak Ermənistanının xüsusi xidmət orqanlarına ötürürdülər. Onların başında Daşnak Ermənistanının  Bakıda açılmış səfirliyinin hərbi attaşesi dururdu. Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa «1918-1920-ci illərdə  Ermənistanın xüsusi xidmət orqanlarının Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətləri» məqaləsində ermənilərin  hər iki dövlətin əleyhinə  erməni xüsusi xidmət orqanlarının  fəaliyyətləri haqqında geniş məlumat vermişdir. O erməni dilini mükəmməl bildiyi üçün faktları erməni dilində çap olunmuş əsərlərdən götürmüşdür. Bu zaman Azərbaycan ərazisində, xüsusilə də Bakıda bolşeviklər Sovet Rusiyasının həm Fövqəladə Komissiyasının, həm də Fəhlə-Kəndli Qızıl ordusunun Baş Qərargahının hərbi Kəşfiyyat İdarəsinin əməkdaşlarının köməyindən daima istifadə edirdilər. Bakı neftinə, ümumiyyətlə  strateji bir ərazidə  yerləşən Azərbaycana hakim olmaq üçün Böyük Britaniya imperiyası bütün siyasi, iqtisadi və hərbi vasitələrdən istifadə edirdi. Bunlar arasında imperiyanın  xüsusi xidmət orqanlarının fəaliyyəti diqqəti daha çox cəlb edirdi. Bunlardan başqa Bakıda fəaliyyət göstərən beynəlxalq miqyaslı şirkətlərin (Royal Datç Şel, Standart Oyl) xüsusi missiya yerinə yetirən mütəxəssislərinin fəaliyyətlərini də nəzərdən qaçırmaq olmaz. Biz  buraya Osmanlı imperiyasının, Fransanın, Almaniyanın, Amerika Birləşmiş Ştatlarının və başqa dövlətlərin xüsusi xidmət orqanlarının fəaliyyətlərini də əlavə  edə bilərik. Osmanlı dövlətinin təcrübəli kəşfiyyatçıları gənc respublikamıza düşmən olan ölkələrin məkrli fəaliyyətləri haqqında imkan düşən kimi AXC-nin rəhbər orqanlarını məlumatlandırırdılar. Belə bir dövrdə gənc Azərbaycan Xalq Cümhuriyyətində daxili və xarici düşmənlərin məkrli fəaliyyətlərinin qarşısını almaq üçün xüsusi xidmət və təhlükəsizlik orqanlarının yaradılmasının vacibliyini dövlət və hökumət rəhbərləri çox yaxşı bilirdilər. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyətində (1918-1920) aşağıdakı təhlükəsizlik və xüsusi orqanları fəaliyyət  göstərib: 1. Hərbi Nazirliyin Baş Qərargahının general-kvartmeyster idarəsinin əks-kəşfiyyat və kəşfiyyat bölməsi (1919-cu ilin yanvar ayından iyun ayınadək); 2. Əksinqilabla Mübarizə Təşkilatı (1919-cu il iyun - 1920-ci il mart); 3. Hərbi Nazirliyin Baş Qərargahının general-kvartmeyster idarəsinin kəşfiyyat-əməliyyat bölməsi (1919-cu il iyun - 1920-ci il may); 4. Bakı general-qubernatorluğunun informasiya şöbəsi (1920-ci ilin 16 martından aprelin 28-dək); 5. Parlamentin mühafizə dəstəsi (1919-cu il fevralın 18-dən 1920-ci il aprelin 27-dək).  (Davamı var)