Milli dildə yazılan lövhələr... Bir səhvin düzəlməsinə doğru atilan addım yaman büdrədi

 Gərək söykənəndə elə söykənəsən ki, dayağın olmadıqda yıxılmayasan. Bir xalqın dayaq kimi öz kökünə söykəndiyi də, onun öz mədəniyyətinin varlığı ilə hiss olunur. Millətin mədəniyyətinin varlığını büruzə verən bir amil də onun sağlam dilidir. Çünki dil, nitq özü dərk sayəsində formalaşır, bu zaman işlədilən söz də fikrin dəqiq mənasına yaxınlaşır. Şəhər küçələrindəki lövhələrdə, ana dilində yazılan ifadələr, millətin dərk etdiyini sübut edir. Öz dilində yazılan yazının altında, bir və ya iki xarici dilə tərcümə isə, millətin uzaqgörənliyini ifadə edir. Millət haqqında ümumi təsəvvür onun xırda çalarlarının cəmindən toplanır. Həyat elə quruluşa malikdir ki,... O həm bütövdür, həm fərdi. Bütöv fərdilərin cəmi deməkdir. Buraxdığımız cüzi, fərdi səhvlər haçansa bütövü silkələyərsə; xırda, düzgün olmayan hissələr çiliklənib töküldükcə bütöv də dəyərini mahiyyətini, görkəmini və nəhayət, hörmətini itirər. Həqiqətən, xırda qanunsuzluqların cəmi bir görkəmsiz quruluşlu həyat deməkdir. Bakı küçələrinin görkəmini heçə endirən bir-birinin içində tikilən uca binalar; bir neçə nəfərin “fərasətli” düşüncəsinin bəhrəsidirsə də, bir xalqın qabiliyyəti barədə keçmişindən gələcəyinə xəbər aparır. Köhnə Bakını xatırlayarkən qeyri-adi sənətkarlıq abidələri kimi yad edilən küçələr düşünən, keçmişi olan bir xalqdan xəbər verdiyi kimi, hər halda dar küçələrin narahatlıq rəmzi olduğu barədə bir xəbərdarlıqdır. Həmin səhvlərin yeni küçələrdə təkrar olunması xalq barədə gələcəyə nə xəbər aparacaq, görəsən?! Eləcə də ilk baxışdan əhəmiyyətsiz kimi təsir bağışlayan, savadsız yazılmış lövhələr, qanun-qayda ilə hesablaşmaq istəməyənlərin ağlının bəhrəsi olsa da, bütöv bir xalqın qabiliyyətini, səviyyəsini təmsil edir. Sərbəst  dayanmaq qabiliyyəti olmayıb, söykənməyi sevən bir xalq təsəvvürü yaradır. Xırda səhvlərimiz cəmlənərək bizim daxili dünyamızı tərənnüm edir. Bu da həllini axtaran bir problem olaraq, özünü, Vasif Sadıqlının yazısında - Anar müəllimə müraciətlə biruzə verdi. Məncə, bu, ortaya qoyulan problemin həlli üçün birinci hissə deməkdir. Atılan addım elə başlanğıcdaca büdrədi. Məncə, çox hörmətli Anar müəllim dərdə əlac üçün ona müraciət edilməsini bir sayğılı imdad səsi kimi qəbul edə bilərdi. Bu, iki qayğılı ruhun birləşəcəyi məqam,  iki qüvvə şəklində birləşmək şansı demək idi. Elə indi də gec deyil. Səhvsiz təkcə peyğəmbərlər olub. Əgər Vasif Sadıqlının müraciətində qəbahət varsa da, təbii haldır düşünürəm. Deyiliş tərzindəki cüzi səhvinin izinə düşməklə incimək də  kiçik qəbahət deyil, həm də problem öz həllini tapmayacaq deməkdir. Müraciət xalqın problemini çözmək əvəzinə, az qala didişməyə çevrilmək həddinə çatmaqdadır. Bir müdrik düşüncə yetərlidir ki, istiqaməti şərrin caynağından qoparıb xeyirə doğru yönəldə.