QAŞINMAYAN YERDƏN QAN ÇIXARMAQ...

COVİD -19 bəlasının tibbi-bioloji fəlakətdən daha çox ictimai –siyasi müstəviyə keçdiyini görməmək mümkün deyil. Bu gün məlum virusun biomutasiyasından çox danışılır. Amma, bu bəlanın “siyasi mutasiyasından” danışmaq da yersiz olmazdı. Dünya, indiyədək hər hansı bir xəstəliyin, epidemiyanın, pandemiyanın bu qədər siyasiləşdiyinin şahidi olmamışdı. Hətta, - “müharibə siyasətin zor ilə ifadəsidir” - məntiqini əsas tutanlar da bu günkü qlobal situasiyanı üçüncü dünya müharibəsi adlandırmaqdan çəkinmirlər. Bir-neçə gündür ki, gündəmi zəbt etmiş məlum hadisələrə tərəfsiz, neytral, obyektiv hətta bir qədər uzaqdan baxdıqda olayın ümumi mənzərəsini daha aydın görmək mümkündür. Əvvəlcə, “zibil” amilinə - vətəndaşların iki gün ərzində hətta məişət tullantılarını belə atmasına icazə verilməməsinə baxaq?! Axı, adi məktəbli də bilir ki, hər cür zibil xəstəlik və infeksiya mənbəyidir. Onda qalmış bu zibili mənzilində, isti yay günlərində çürüdüb iyləndirərək saxlayasan ?! Pandemiyanın tüğyan etdiyi bir vaxtda mənzildə zibil qalağını saxlayaraq onun çürüyüb üfunət yayması yeni xəstəlik mənbəyi deyilmi? Xalqı koronavirusdan “hifz” etmək üçün canfəşanlıq edənlər bəs nə üçün vətəndaşa öz evini “zibilxanaya” çevirməyi rəva bilir? Məişət tullantıları ilə dolub daşan zibil qabının körpə, qoca və bəlkə də xəstə insanın yaşadığı mənzildə 48 saat saxlanmaması üçün bayıra çıxıb zibil atılmasında doğrudanmı cinayət tərkibi var? İki gün bütün zəruri tələbat malları satılan obyektlərin fəaliyyətini tamamilə dayandıraraq insanların hətta təbii bioloji ehtiyacları ilə manipulyasiya edilməsi karantin şəraitinə əməl edilməsimi deməkdir? Paytaxtın ən böyük yaşayış sahələrindən birində, yüzlərlə sakinin gözləri baxa-baxa “qanunçuluq” naminə qanunsuzluğa yol vermək, ədaləti bərpa etmək naminə ədalətsizliyə şərait yaratmaq bu insidentə heç bir aidiyyatı olmayan insanların rahatlığını pozmaq, onlara stress acısı, əsəb gərginliyi, psixoloji travma yaşatmaq xalqın sağlamlığını qorumaqmı deməkdir? Müdrik xalqımızın çox dərin mənalı bir deyimi var – “Qaşınmayan yerdən qaşıyıb qan çıxarmazlar...” . Bütün bu baş verənlərə diqqət yetirdikdə aydın olur ki, elə bil kimlərsə “qaşınmayan yerdən qan çıxarmaq” həvəsindədirlər. Axı, bu xalqa çoxdan - hələ Qarbağda Topxana meşələri ermənilər tərəfindən qırılanda “ emosiyalara uymamağı” tövsiyə etmişdilər. Bəs necə oldu ki, vətəndaş bir yana polis də o məşhur tövsiyəni unudaraq emosiyalara uydu? Axı vaxtilə asayiş keşikçilərinin uzmanı F.E.Dzerjinski hər şeyi “isti ürəklə, soyuq başla, təmiz əllərlə” həyata keçirməyi vəsiyyət etməyibmi? İndi kimdir günahkar - emosiyalara uyaraq polisin başına zibil atan mədəniyyətsiz vətəndaşmı, yoxsa elə özü də emosiyalara uyaraq dövlətin yüksək etimad göstərdiyi, geniş səlahiyyətlər verdiyi, arxasında dayandığı, asayiş keşikçisi kimi böyük bir missiya daşıyan “mədəni” polismi? Məşhur hind filminin qəhrəmanı Şakanın evdə olduğunu və asanlıqla tutulmaq imkanı yarandığını dilə gətirən birisinə polis rəisi belə cavab verir: - “Bizim məqsədimiz cinayətkarı deyil, cinayəti məhv etməkdir”. Ünvanına hədyanlar yagdırdığıımız sovetlər zamanında olduqca maralı bir kitabça çap olunmuşdu – “Milisin fəaliyyətində qanunçuluq və mədəniyyət”. O kitabçadakı müddəalar əslində bu gün də öz əhəmiyətini itirməyib. Bu gün müstəqil məmləkətimizin hər bir asayiş keşikçisi öz fəaliyyətində məhz bu iki dəyəri - qanunçuluğu və mədəniyyəti əsas tutmalıdır. Qanunçuluq və mədəniyyət hər bir hüquqi dövlətin qoşa qanadıdır. Əgər bu qanadlardan biri qırılıbsa, zədələnibsə, sağlam durumda deyilsə demək uçmaq da əbədi və əlçatmaz bir xəyal olaraq qalacaq. Cəlal Yaquboğlu