Dünyada koronavirusa yoluxanların sayı 7,2, ABŞ-da isə 2 milyon oldu – Son statistika

Ölkələrdə karantin rejiminin davam etməsinə baxmayaraq, pandemiya səngimir. Koronovirusla bağlı ölkələrdə son vəziyyəti təqdim edirik. ABŞ-da koronavirusa yoluxanların sayı qorxunc rəqəmlərlə müşahidə olunur – 2 026 597 nəfər. Ölkədə ölənlərin sayı da hər keçən gün artmaqdadır. Bu günə qədər 113.061 nəfər virusdan ölüb. ABŞ-dan sonra virusa yoluxmaya görə yenə də ikinci sırada Braziliyadır. Ölkədə virusa yoluxanların sayı 710 887 nəfər olub. Bu ölkə hələ də pandemiyanın cəngindən qurtula bilmir. Bu günə qədər 37 312 nəfər virusun qurbanı olub. Xatırladaq ki, ABŞ bir müddət bundan əvvəl pandemiyanın tüğyan etdiyi Braziliya ilə sərhədlərini bağlayıb. Vəziyyətin gərgin olması və Ümumdünya Səhiyyə Təşkilatının gördüyü işlər öz səmərəsini vermədiyi üçün prezident Jair Bolsonaru artıq qurumdan ayrılacaqlarını bəyan edib: “Ölkəmiz ideoloji quruluşa görə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmağı nəzərdən keçirə bilər. Mən xəbərdarlıq edirəm: ABŞ ÜST-dən çıxdı və biz gələcəkdə bunu düşünürük. Ya ÜST ideoloji əsas olmadan fəaliyyət göstərəcək, ya da biz bu təşkilatdan ayrılacağıq”. Rusiyada isə ölənlərin sayı 6 142 nəfər olub. Ölkədə virusa yoluxma durmadan artır. Son olaraq 485 253 nəfərin virusa yoluxduğu bildirilir. Qeyd edək ki, bir çox rusiyalı siyasətçilər əslində ölkədə virusa yoluxanların və ölənlərin sayının göstərilən rəqəmlərdən dəfələrlə çox olduğunu iddia edir. Məsələn, bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinin keçmiş köməkçisi Andrey İllarionov ölkədə koronavirusa yoluxanların real sayının 5 dəfə çox olduğunu iddia etmişdi. Onun sözlərinə görə, ölkədə virusdan ölənlərin real sayı əslində 15-20 min nəfərdir. Andrey İllarionov verdiyi açıqlamada Rusiya tərəfindən bəyan edilən yoluxma sayına inanmadığını, real rəqəmlərin dəfələrlə çox olduğunu deyib: "Bu, müzakirə olunmayan həqiqətdir. Aprel ayında koronavirusdan ölənlərin sayı açıqlanan rəsmi rəqəmlərdən ən azı iki dəfə çox idi". İllarionov qeyd edib ki, Rusiyanın digər bölgələrində vəziyyət daha ağırdır: "Peterburqda real ölü sayı açıqlanan rəqəmlərin 12 qatı, Dağıstanda isə 25 qatıdır. Ümumilikdə baxanda isə, Rusiyada virusdan ölənlərin sayı 4-5 min deyil, 15-20 min arasındadır”. Hindistan isə artıq koronavirusa yoluxanların sayına görə Çini geridə qoymağa başlayıb. İsti şərq ölkəsi olan Hindistanda son günlərdə pandemiya ən pik həddinə çatıb. Rəsmi məlumata görə, ölkədə bu günə qədər 267 614 nəfər virusa yoluxub, 7 481 nəfər isə virusdan ölüb. Hindistan hazırda virusa yoluxmaya görə dünya ölkələri arasında 6-cı sıraya yüksəlib. Pandemiyanın ilk dövrlərində koronavirusun tüğyan etdiyi İtaliya artıq bir çox ölkələrlə sərhədlərini açıb. Həmin ölkələr arasında İslandiya, Norveç, İsveçrə, Böyük Britaniya, Vatikan və digərləri var. Ölkədə bir müddət əvvəl pandemiya səngiməyə doğru gedirdi. Laki karantin rejiminin yumşaldılması ilə yenidən yoluxma sayı artmağa başlayıb. Bu günə qədər ölkədə 235 278 nəfərdə virus aşkarlanıb, 33.964 nəfər virusdan ölüb.