Rəsul Mirhəşimli: "Saqiyan kəndinin adının erməni dili ilə heç bir əlaqəsi yoxdur"

Şamaxının Saqiyan kəndinin adının dəyişdirilməsi təklif olunur. Bu barədə Modern.az məlumat əldə edib. Məsələyə iyunun 8-də Milli Məclisin Toponomiya Komissiyasının iclasında baxılacaq. Şamaxı rayonunun müraciətinə əsasən, kəndin adının Günəşli qoyulması təklif olunur. Avropa.info saytının baş redaktoru Rəsul Mirhəşimli isə kəndin adının dəyişdirilməsi ilə bağlı təklifin yanlış olduğunu bildirib: "Yəqin müraciət edənlər hesab edilər ki, Saqiyan erməni adıdır. İş orasındadır ki, bu toponimin adı ərəbcə olan "saqi" sözünə fars dilindəki "an" (-lar, -lər) cəm şəkilçisi artırmaqla yaranıb. Kəndin adının erməni dili ilə heç bir əlaqəsi yoxdur. Bu ad daha çox sufilik dünyagörüşü ilə bağlıdır. Saqi termini təsəvvüfdə mürşidi-kamil anlamında işlədilir. Mürşidi-kamil təsəvvüf yoluna girən insana ilahi eşq ilə irəliləməsi üçün yol göstərir". Baş redaktorun fikrincə, bu Azərbaycan toponimlərinin tarixi adını dəyişdirmək yersiz qərar olar. Azərbaycan mədəniyyətində xüsusi yer tutan bu termin Şirvan bölgəsində daha çox Xəlvətilik təriqətinin təşəkkül tapması və buradan dünyaya yayılması ilə yaranıb. Saqiyan adı da bu dünyagörüşün geniş yayılması ilə meydana çıxıb. Osmanlı sultanlarının bir çox məsələlərdə Xəlvəti şeyxləri ilə məsləhətləşməsi və onların tövsiyələrinə uyması tarixi faktlar arasında mühüm yer tutur. "Tarixi adlarımızın üzərindən xətt çəkmək gərəkli iş sayıla bilməz"-deyə R.Mirhəşimli fikrini tamamlayıb.