Məhəmməd Əlinin “Toplu” kitabı haqqında düşüncələrim

Mən “TOPLU” kitabını oxuyub aşağıdakı düşüncələrimi yazmaq qərarına gəldim: Şair haqqında qısa arayış: Məhəmməd Əli Namət oğlu Hacıyev 1950-ci ildə günəşli Azərbaycanımızın dilbər guşələrindən biri olan ecazkar təbiətli qədim Qəbələ bölgəsinin ərazisində yerləşən ulu Şah dağının ətəyində məskunlaşmış, üç tərəfdən möhtəşəm dağlarla əhatə olunmuş, alimlər yurdu Qəmərvan kəndində kolxozçu ailəsində dünyaya göz açmışdır. O, kiçik yaşlarında Qəmərvan kəndində yaşamışdır. 1959-cu ildə ailəsi ilə birlikdə Qəbələ bölgəsinin Cığatelli kəndinə köçmüşlər. O vaxt Cığatelli kəndində olan ibtidai məktəbin birinci sinifinə doqquz yaşında qəbul olmuşdur. İbtidai məktəbi “əla” qiymətlərlə bitirən Məhəmməd Əli rayonun Xırxatala kəndindəki səkkizillik məktəbin beşinci sinifinə köçürülmüşdür. O, həmin məktəbi də “əla” qiymətlərlə bitirmişdir. Mən Məhəmməd Əliyə səkkizinci sinifdə dərs demişəm. Ədəbiyyata, poeziyaya, şeirlər yazmağa marağı çox idi. Məktəb illərində yazdığı şeirlərdən bir neçəsi respublika dövrü mətbuatında dərc olunmuşdu. Həmin səkkizillik məktəbi bitirdikdən sonra Bakı şəhərində riyaziyyat təmayüllü məktəbdə təhsilini davam etdirib. Təmayüllü məktəbi bitirən kimi Azərbaycan İnşaat Mühəndisləri institutuna qəbul olunub. İnstitutu fərqlənmə diplomu ilə bitirərək “mühəndis” ixtisasına yiyələnib. Öz ixtisası üzrə Bakı şəhərində əmək fəaliyyətinə başlayır. İşlədiyi təşkilatlarda işlərini uğurla davam etdirir. Məhəmməd Əli həm də çox gənc yaşlarından ədəbi yaradıcılıqla məşğul olmağa başladı. Şair “Dağlardan ayrı”, “Sevincim acıdır, kədərim şirin”, “Özümü axtarıram”, “Söz sənindir”, “Çörəyimin duzu yoxdur”, “Gedirəm üzü gündoğana”, “Duyğularımı səpdim dənizə”, “Sovurur yellər məni” şeirlər, “Etiraf” adlı hekayələr və publisistik yazılardan ibarət kitabların müəllifidir. Mən “TOPLU” şeirlər kitabını oxuduqdan sonra belə bir düşüncəyə gəldim. Düşünülmüş beynin məhsulu olan o səpgidə şeirləri iç dünyası saf, təmiz, səmimi sevgi və milli-mənəvi dəyərlər (saf mənəviyyat) zəngin olan insanların iç dünyasından süzülüb misralara düzülüb yazıla bilər. Məhəmməd Əli sözün həqiqi mənasında vətən, millət və təbiət aşiqi olub, haqq-ədalətin qulpundan tutub, yalnız iç dünyasından gələn poetik ifadələri tərənnüm edən çox mükəmməl bir vətəndaş şairdir. Şairin vətən haqqında, millətin qayğıları, ağrı-acıları haqqında, təbiət təsvirlərinə həsr edib tərənnüm etdiyi şeirlərin ahəngi onu təsdiq edir ki, o, həqiqətən təbiət aşiqi olan bir şairdir. Mənim düşündüklərimə görə o, güclü və çox təsirli bir romantikaya söykənib, təbiət hadisələrini peşəkar bir yazar kimi tərənnüm edir. Məhəmməd Əlinin təbiət təsvirlərinə həsr edib yazdığı “Bahar nəğməsi”, “Dağlara qar yağıb”, “A dağlar”, “A dağlar qoynunda”, “Dağlar, sənin qoynunda”, “Bizim dağların”, “Bu dağların”, “Novruz küləyi”, “Gözəldir”, “Yağışdan sonra” və sair bu kimi şeirlərində dağlar, dərələr, əlçatmaz şiş qayalar, musiqi ahəngi ilə şırhaşır axan soyuq bulaqlar, maral, ceyran, cüyür, dağ kəli gəzən möhtəşəm təpəliklər, başı görünməyən qayaların üstündə qıy vurub süzən qartal səsi, heyrətləndirici və vahiməli səslərlə uğuldayıb sonsuzluğa qədər axıb gedən çaylar, yaşıl meşələr güclü bir hayqırtı ilə, şaqraq bir pafosla, həzin bir pıçıltıyla könülləri oxşayan ahəngdar bir səslə zümzümə edə-edə ətrafdakıları heyrətləndirir. Bir sözlə, təbiət gözəlliklərinə həsr edilib yazılan şeirlər qürurlandırıcı bir emosionallıqla tərənnüm edilmişdir. Həmin şeirləri oxuduqca davamlı şəkildə maraq artır, yaylaq havası olan şeirləri oxuduqca doymursan. Şairin yaradıcılığında vətən mövzusu daha çox yer alır. Onun “Vətən” adı ilə beş şeiri var. Elə burdan görürük ki, Məhəmməd Əlinin vətən sevgisi bitməz-tükənməz sevgidir. O, vətəni öz varlığından da çox sevir. Şair “Vətən” adlı şeirlərinin birində deyir: Sən ulu bir dağsan, Mən coşqun bulağam. Sən nəhəng ağacsan, Mən incə yarpağam, Vətən! Sən çəmənsən, çölsən, Mən bala ceyranam. Sən mənə “öl” desən, Mən sənə qurbanam, Vətən! Məhəmməd Əli öz qələmini şeirin müxtəlif formalarında sınaqdan keçirir. O, “Qarabağ” şeirində öz şairlik ilhamını elə kökləyir və demək istəyir ki, hər kəs Qarabağ ağrısını hiss edir, bu açılmaz, çözülməz düyünü açmağın yollarını düşünür. Qarabağ – cansız can, Sahibsiz bir məkan. Qarabağ – qəlbimdə çarpaz dərd, Əlacı – mərd oğlu mərddir, mərd. Bu şeirdə Qarabağ həsrətini çəkən şair deyir: “Qarabağ dərdi – nişan alıb ürəyimizi...” Şairin “Qarabağ səsləyir bizi” şeirində o, ürək yanğısı ilə Qarabağın həsrətini çəkir. Məhəmməd Əli həm də böyük ümidlə qeyd edir ki, mərd, igid oğullarımızın odlu-alovlu hayqırtılarıyla Qarabağımızı düşmən tapdağından azad edəcəyik. Şeirdə deyilir: Hünərə, qeyrətə səsləyir bizi, Burdakı  hər ağac, hər qaya, hər dağ. “Cəngi” çalır sanki, Üzeyir özü, Deyir: Vətən oğlu, bir ayağa qalx! Burdakı  hər ağac, hər qaya, hər dağ. Qalx ayağa, ey igidlər, Qarabağ səsləyir bizi. Şair bu şeirində elə bil mərd igidlərin yanlarında durub, onları qəhrəmanlıq göstərməyə səsləyir. “Şuşa” adlı şeirində deyilir: Yazsam da göz yaşım ilə bu şeiri, Qəlbimdəki sönməz vulkandı, Şuşa. Vətən eşqi ilə coşub-çağlayan, İntiqamdı, Şuşa! Üsyandı, Şuşa! Məhəmməd Əli iç dünyasında vulkan kimi püskürən hirsini, qəzəbini gizlətmir. Çünki şairin ürəyi bu dərdə acıyır. Ürəyin təlatümü verilir bu şeirdə. Şair vətənimizi, Azərbaycanımızı sidq ürəkdən sevən bir vətəndaş şairdir. Onun “Azərbaycan” şeirində Azərbaycanın necə bir yurd, necə bir torpaq, necə bir and yeri, necə bir varlıq olduğunu və cənnətə bənzətdiyi gözəl odlar yurdunu qürur hissilə tərənnüm edir. O, bu şeirdə doğma vətənə, Azərbaycanımıza olan səmimi sevgisini bildirir. Azərbaycan – yerin qəlbindən qopan od, atəş! Azərbaycan – yerdən göylərə nur saçan günəş! Azərbaycan – qədimdən qədim ulu bir torpaq, Azərbaycan – inam, and yerim, müqəddəs ocaq. Azərbaycan – dahilər yurdu, şanlı məmləkət, Azərbaycan – cənnətlər içrə əbədi cənnət. Məhəmməd Əli “Gözəldir” şeirində də vətənə olan ülvi sevgisini, məhəbbətini bildirir: Könlüm aşiqid ana yurdumun, Qışda aran, yayda yaylaq gözəldir. Bağçada gül-çiçək, çəməndə lalə, Budaqda yamyaşıl yarpaq gözəldir. Könlüm ayrılmayır öz yurd, elindən, Bülbül ayrılarmı qönçə gülündən? Azərbaycan sözü düşməz dilimdən Başım üstə üç rəng bayraq gözəldir. Məhəmməd Əlinin bədii yaradıcılıq miqyası çox böyük və əhatəlidir. Ədəbiyyatşünaslarımızın, ədəbi tənqidçilərimizin qarşılarında böyük bir vəzifə durur ki, onlar şairin ədəbi irsini tədqiq etsinlər, öyrənsinlər və yeni olan poetik tapıntıları ictimaiyyətə çatdırsınlar. Məhəmməd Əlinin poetik ruhu ilə azərbaycançı şair kimi, vətənini, millətini sevən, milli vətəndaş təəssübünü çəkən və təbiət vurğunu olan bir şair kimi yaddaşlarda qalır. Şair görkəmli şairlərimizi, yazıçılarımızı da unutmayıb. Bir neçəsinə həsr edilmiş şeirləri var. Məhəmməd Əli şifahi xalq ədəbiyyatını yaxşı bilən şairlərdən biridir. Şairin ədəbi irsini öyrənmək qiymətli bir nümunə olardı. 2006-cı ildə “Söz sənətdir” adlı şeirlər kitabı İranİslam Respublikasının paytaxtı Tehran şəhərində çap olunub. Məhəmməd Əli Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, “Dirili Qurbani” ədəbi məclisinin üzvü olaraq səmərəli fəaliyyətinə görə “Qızıl qələm”, “Məmməd Araz”, “Araz”, “Həsən bəy Zərdabi”, “Yurd və vətən fədaisi” və sair ədəbi mükafat və diplomlara layiq görülüb. O, daim axtarışda olan alovlu bir şairdir. Ədəbi yaradıcılığı çoxşaxəlidir. XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Xalq şairi Məmməd Araz yazır: “Onun şeirlərində poetik təsvirin rəngarəngliyi dərin məna tutumu, özünəməxsus deyim tərzi, ahəngdarlıq bir-birini tamamlayır. Məhəmməd əli şeirlərində bir səmimiyyət duyulur. İstedad və ilhamına güvənərək söz və ifadələrini cilalayır”. AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Teymur Kərimli yazır: “Məhəmməd Əlinin təbiət mövzusunda yazdığı şeirlərini oxuduqca hiss edirsən ki, bunlar dağda, daşda, təbiət qoynunda, düşüncələr qoynunda nəğmə kimi yaranmış, sonralar kağıza köçürülmüşdür”. Ədəbi tənqidçi filologiya elmləri doktoru Vaqif Yusifli yazır: “Məhəmməd Əli vətənpərvər şairdir... Ümumiyyətlə, yurd sevgisi Məhəmməd Əli şeirlərinin leymotivini təşkil edir. Bu, onda olan həqiqi yurd sevgisindən irəli gəlir”. Şairə Fərqanə Mehdiyeva onu təbiət şairi adlandırır. Məhəmməd Əli həm də Azərbaycan dövlət televiziyasında və radiosunda, eləcə də dövrü mətbuatda müntəzəm olaraq şeirləri və aktual mövzuları əhatə edən publisistik yazıları ilə çıxışlar edir. Şairin ədəbi yaradıcılığına ümumilikdə nəzər saldıqda görürük ki, o, həyatın bütün sahəsinə aid olan şeirlər yazıb. Yəni, deyə bilərik ki, şair heç nəyi unutmayıb və heç nəyi yaddan çıxartmayıb. Həyatın hansı bir sahəsini düşünsək, şairin o sahəyə aid şeirlərini görərik. Bununla da, belə bir nəticəyə gələ bilərik ki, Məhəmməd Əlinin poetik duyumu, onun poetik düşüncələri çox genişdir və şeirləri çox düşündürücü və çox dəyərlidir. 20.05.2020, Qəbələ rayonu, Xırxatala kəndi