Regional videokonfrans keçirilib

Ombudsmanın Gəncə və Cəlilabad regional mərkəzləri tərəfindən “Koronavirus pandemiyası dövründə məişət zorakılığı ilə mübarizə” mövzusunda 19 rayonun Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə geniş regional videokonfrans keçirildi 04.06.2020-ci il tarixində Ombudsmanın Gəncə və Cəlilabad regional mərkəzlərinin və Samux Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ağstafa, Şəmkir, Yevlax, Ağcabədi, Ağdam, Neftçala, Ucar, Lerik, Yardımlı, Astara, Cəlilabad, Masallı, Salyan, Sabirabad, Ağsu, Tərtər, Şəki və Xızı rayonlarında (ümumilikdə 19 rayon) fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin geniş iştirakı ilə “18 May-18 İyun İnsan hüquqları Aylığı” çərçivəsində “Koronavirus pandemiyası dövründə məişət zorakılığı ilə mübarizə” mövzusunda regional hüquqi maarifləndirici videokonfransı keçirilib. Videokonfransda çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu, bu əlamətdar tarixlə əlaqədar olaraq, insan hüquqları sahəsində ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə Ombudsman xanım Səbinə Əliyevanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan olunduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, bütün dünyada bir sıra sahələrdə əsaslı çətinliklər yaradan koronavirus pandemiyası ailədaxili münaqişələrin, məişət zorakılığı hallarının da artmasına səbəb olmuşdur. Bu səbəbdən bir sıra beynəlxalq təşkilatlar, BMT-nin Baş katibi pandemiya dövründə məişət zorakılğının qarşısnın alınması istiqamətində üzv dövlətləri daha geniş fəaliyyətə çağırıb. Səbuhi Abbasov ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla və məişət zorakılığı ilə mübarizəyə cəlb etmək məqsədi ilə Azərbaycan Ombudsman təsisatının geniş maarifləndirmə fəaliyyəti həyata keçirdiyini, hər il bu mövzuda müxtəlif kateqoriyadan olan əhalinin iştirakı ilə mərkəzi və yerli dövlət qurumları ilə birgə tədbirlərin təşkil edildiyini, bu istiqamətdə 25 noyabr-10 dekabr tarixləri arasında hər il 16 gün ərzində davam edən gender əsaslı zorakılıqla mübarizə kompaniyası zamanı ənənəvi olaraq müxtəlif maarifləndirici tədbirlərin və fəaliyyətlərin həyata keçirildiyini diqqətə çatdırdı. Videokonfransda həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında” AR-nın qanunu müddəaları barədə iştirakçılara ətraflı məlumat verildi. Tədbirdə çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzin rəhbəri Ziya İsmayılov Müvəkkil Səbinə xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə Ombudsman təsisatı tərəfindən məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə maarifləndirmə tədbirlərinin təşkilinin zəruri olduğunu, Ombudsmanın Cəlilabad regional mərkəzi tərəfindən də regional mərkəzin əhatə etdiyi rayonlarda geniş maarifləndirmə tədbirlərinin müntəzəm olaraq təşkil olunduğunu diqqətə çatdırdı. Ziya İsmayılov həmçinin məişət zorakılığı ilə mübarizədə ölkəmizin bütün rayonlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin potensiallarından da istifadə edilməsinin səmərəli nəticələr verə biləcəyini qeyd etdi. Ziya İsmayılov tərəfindən tədbir iştirakçılarına məişət zorakılığının mənfi mənəvi və sosial, hüquqi təzahürləri barədə ətraflı məlumat verilərək bu sahədə gələcəkdə də maarifləndirmə fəaliyyətin təşkilinin əhəmiyyəti önə çəkildi. Tədbirdə iştirak edən Heydər Əliyev Mərkəzlərinin nümayəndələri aktual mövzuda təşkil edilmiş videokonfransa görə Müvəkkilə minnətdarlıqlarını bildirdilər.