Bütöv Vətən həsrəti

Məğrur qartala bənzəyən qüzeyli və güneyli Azərbaycanın gərilmiş qanadlarının birisi o taydır, o birisi isə bu tay. Qoşa qanad həsrətli qartal zirvə aşarmı? Zirvələr aşa, səmadan baxa bilmiriksə kimdir günahkar? Taleyin “töhfə”si qonşularmı, Xan Arazmı, çoxdan qədəmlərimizə həsrət qalan Xudafərinmi? Məni  cavabı qarşısında aciz qoyan  suallar burulğanına baş vurmağa vadar edən yazıçı, publicist, jurnalist , bir çox yaddaqalan əsərlərin müəllifi Əli bəy Azəridir. Daha dəqiq desəm? onun  “Başdaşındakı şəkil” hekayəsidir. Yazıçının lirik qəhrəmanı Süleyman İran tərəfin kömrük məntəqəsini keçəndən sonra “əllərini gözünün üstünə tutub” Odlar Yurdunun o tayına - iki ağanın əlimizdən acgözcəsinə qamarladığı yarımıza  boylanır və tam əmin olur ki, o yarı da, bu yarı da, şair demiş, bir almanın iki üzüymüş. İlk addımdan “səsli - küylü, qaragüruhçu”, həyasız və dəllal taksi sürücüləri ilə rastlaşır. Lap bu yarıdakı kimi… Süleymanı təəccübləndirən taksilərin “podpres”indəki “Culfa” sözünün həm kiril, həm də latın qrafikalı ana dilimizdə yazılmasıdır. Tanrım, o taydakı bizlər bizi özümüzdən yaxşı tanıyırmış! Bilirlərmiş ki, bizim orta və yaşlı nəslin nümayəndələrinin bəziləri 25-30 il sonra da latın əlifbası ilə yazmağı, oxumağı öyrənməyiblər, daha doğrusu öyrənməyin marağında deyillər. Əvvəldən deyim ki, hekayədə bir nüans da marağıma səbəb oldu. Arazqırağı bölgədə də Qüzey Azərbaycanın şimal - qərbindəki kimi nənəyə “qoca” deyirmişlər. Əli bəy Azəri “Başdaşındakı şəkil” hekayəsini dünya azərbaycanlılarının həmrəylik günü adına yazmışdır. Araya qaratikan kolları - sərhəd məftilləri “əkən” “Gülüstan” (1813) və “Türkmənçay (1828) sazişləri qanı qanımızdan, canı canımızdan, torpağı torpağımızdan ayırıb yadelli etmək istəmişsə də, arzusuna çata bilmədi, həsrət, nisgil, bütövlük yanğısı daha da birləşdirdi onları. Araya Arazı qoyub sularını günahkar bilsək də. Amma Araz ayıran yox, birləşdirən, qan yaddaşımızın qida mənbəyi imiş… “Babam Hüseyxan kişi Şərəfnisə qocamı bahar bayramı vaxtı, Üçdibinə, qohumları gilə bayramlaşmağa gedəndə görüb bəyənib. Ailə qurandan sonra Sürtün kəndində yaşamalı olublar, daha doğrusu, Şərəfnisə qocam bura gəlin gəlib”. Yazıçı XX əsrin 20 - 30 - cu illərinin siyasi mənzərəsini elə təbii detallarla qələmə alıb ki, sanki bu hadisəlrin içərisindəsən.  Hüseyxan kimi kişilərin inqilabaqədərki xoşbəxt həyatını, Sovet hökümətinin kiçik kəndləri birləşdirib kəndlinin halal varına - yoxuna yiyə durmasını, “kulak” damğası ilə sürgün edilmə təhlükəsini, “qırmızı terror” dalğasını son yüz ilin əvvəllərinin tarixi kimi oxumuşuq və eşitmişik. Gələcək nəsillərin unutmaması üçün belə ədəbi əsərlərin tərbiyəvi əhəmiyyəti əvəzsizdir. Aillələri bir - birindən, müdrik kişiləri elindən - obasından didərgin salan imperiya rejiminin Sibir adlı qorxunc “silah”ı həmişə insanların başının üstüdə Domokl qılıncı kimi parıldayıb, sovet ilğımı gözlərimizi qamaşdırıb. “Ağıllı fikirləşincə, dəli vurub çayı keçər” deyiblər. Hüseyxan babam da fikirləşməklə çıxış yolu tapa biməyəcəyini görüb gecə ilə təsərrüfatını sürür Arazın o tayına. Şərəfnisə qocama da tapşırır ki, hazırlaşın, bir gecə də gəlib sizi aparacam. Şərəfnisə qocamın da elə o vaxtdan gözü yolda, qulağı səsdə qalır, amma nə Hüseyxan babam onları aparmağa gəlir, nə də bir xəbərini alırlar…” Hekayədə Hüseyxan kişilərdən ayrı düşən Şərəfnisə qocaların “gecə də, gündüz də gözü Xaçamaz yolunda , qulağı xoş xəbərlər sorağında qalması, səksən beşi adlayıb, doxsanı haxlayanda dizində təpər, ürəyində yağ qalmaması, əti də əriməsi, amma ümidini üzməməsi, bayatılarla özünə təsəlli tapması çox kədərli lirik - psixoloji əhval - ruhiyyədə təsvir olunur ki, istər - istəməz Şərəfnisə qocaların halına acıyırsan, ulu nənələrimizin ismətindən, sədaqətindən, övladcanlığından qürur duyursan. “Rus qaradovoyları Araz boyu mühafizəni elə gücləndirirlər ki, nə o taydan bəri, nə bu tərəfdən o taya bir adam gedə bilir. Sonra da üç - dörd yerdən tikanlı məftillər çəkib birdəfəlik əlaqəni kəsirlər. Hüseyxan babam o tayda qalır, Şərəfnisə qocam da iki körpə uşaqla bu tayda”. O iki uşaq da ismətini dünyanın gözqamaşdıran maddi sərvətlərindən göz bəbəyi kimi qoruyaraq böyük Türkün gələcəyini böyüdən Şərəfnisə qocaların, anaların, hörüyünün birini ağ, birini qara hörən gəlinlərin, Məmməd İsmayılın təbirincə desək, nəfsləriylə ismətləri arasına qoyduqları ümiddən asılan qılınclar idi.O qılncların parıltısının işığında böyüyən nəsil böyük türkün gələcəyi idi. Şərəfnisə qocaların ayağı altındadır cənnət dediyimiz ilahi məkan... Ən yeni tariximizin orta və ahıl yaşlı həmvətənlərimizin yaddaşında həkk olunan anları - sərhəd məftillərinə həsrətli, nisgilli azadlıq təşnəlilərin hücumu, qardaşın qardaşla, bacının bacı ilə xan Arazın bu tayından o taydakılarla dərdləşməsi unutqan olmayan insanların yaxşı yaddaşındadır. Əli bəy Azəri yaddaşımızı yenidən itiləyir, cilalayır ki,  bütövlük arzularımızın üstünü toz basmasın. “Adamlar maşından tökülən kimi  sərhədə tərəf cumdular, əllərindəki kəlbətinlər və digər kəsici alətlərlə sərhəd dediyimiz tikanlı məftilləri doğrayıb yerə tökməyə başladılar. Sərhədçi qülləsindən müşahidə edən əsgər güllə atmadı - bu hal bizə qəribə göründü və biz cürətlənib dirəkləri aşıranlara tərəf köməyə gəldik”... Hekayənin qəhrəmanı Süleyman sərhəd məftillərini qırıb düz Arazın qırağına gəlib qohum - əqrəbanı soraqlayanda  Hüseyxan babanın ölüm xəbərini eşidir: ...”Kişi gəlib ailəsini aparmaq üçün çox cəhd edib, amma alınmayıb. Əlacı hər yerdən üzüldükdən sonra  Üçdibin kəndində Şərəfnisə qocamın çox gənc ikən dul qalmış xalası qızı ilə evlənib. Hazırda Üçdibində Məhərrəm adında oğlunun öz arvad - əyalı ilə yaşadığını da o taydan dedilər”. Yəqin ki, çoxumuz qocalıb əldən düşmüş, başqalarına yük olmaqdan bezmiş ağsaqqal və ağbirçəklərin özü özünə “ay Allah, mənə rahat ölüm ver!” alqışını çox eşitmişik. Şərəfnisə qoca da “rahatlanıb canını tapşıra bilmirdi, ta ki, o taydan  Hüseyxan kişinin ölüm xəbəri gəldi, elə bil arvadın da gözünə işıq gəldi...  Havayı deyildi, altmış il idi xəbər gözləyirdi. Kimin ürəyi partlamazdı ki”. Şərəfnisə qocanın ilahi sevgisini, qısqanclığını (türk övladı yaranışından qısqanc doğulub, əgər o, qısqanc deyilsə, deməli, qanında qarışıq var, ərəb kimi, bəzi avropalılar kimi) yazıçı təxəyyülünün “hiyləgər” ədəbi priyomuyla qabardır: -Məhərrəm dedikləri adamı öz gözünlə gördün? - Qocama hardansa güc gəlmişdi. -Həə! - Həm cavab cavab verdim, həm də başımı tərpətdim. -Çox oxşuyurdu babana... - Qocamın çənəsi titrədi, sanki kişinin o tayda evlənməsini, oğul sahibi olmasını bu yaşında da qəbul edə bilmirdi. -Hə. - Babamı harda görmüşdüm ki, mən, şəklinə baxmışdım, o da sinədən yuxarı, bozumtul şəklinə. Yalandan da olsa təsdiqlədim ki, arvadın gözü yoldan yığışsın. Şərəfnisə qocanın fürsətdən istifadə edib Süleymana vəsiyyətini etməsi  hekayəsinin həm qürurverici, həm də nisgil qarışıq kövrək anıdır: -İmkan düşən kimi... gedərsən. Qəbrini taparsan... deyərsən ki... qocam... halallığını verib... rahat yat... Şərəfnisə qocaların ürəyi böyük olur. Özləri qocalıb yumaq boyda qalsalar da...   Hər işdə halallıq türkün qanındadır... “Arvadın səsi xırıldadı... bəlkə də boğazında xırıltılı səs eşidildi... tam hərəkətsiz qaldı... Sifətindəki son həyat işarəsi çəkilməyə başladı.” Şərəfnisə qoca bu fani dünyada altmış il nəfəsinə həsrət qalmış can yoldaşına haqq dünyasında yenidən qovuşacaqdı... Güney Azərbaycanda qonaq olan Süleymana Məhərrəm əminin sualı mənim fikrimcə, hekayənin kulminasiya nöqtəsidir: “Biz necə eyni xalq, eyni millətik ki, bizə türk, sizə azərbaycanlı deyirlər?”. Çox təəəccüblüdür ki, həm də təəssüf ki, yüz illərdir bu sualın cavabını tapmaq iqtidarında deyilik... Yazıçı Məhərrəm əmi ilə Süleymanın və Səməd dayıoğlunun  Kəleybərə, oradan da Babək qalasına səfərindəki incə mətləbləri ustalıqla qələmə almışdır. Mənzərələrin Daşkəsən yaylaqlarına, Qoşqar zirvəsinə  (bu toponim “Qoşa qardaş” anlamındadır) bənzəməsi Vətənin dağının, yaylağının, zirvəsinin, dərəsinin əkizliyindən, doğmalığından xəbər verir. Bütövlük başqa cür ola bilməz! Axı Vətənin əslində o tayı, bu tayı, şimalı, cənubu, iki Astarası, Culfası, Biləsuvarı olmaz! Məhərrəm əminin quzeydən gələn qohumları ilə şəkil çəkdirməsi hekayənin süjetinin bizi təəccübləndirəcək ən maraqlı məqamlarından biridir. Səmədin telefonu ilə qalanın ziyarətçilərindən birinin onların şəkillərini çəkməsində qeyri - adi heç nə yoxdur əslində. Amma ayrılanda Məhərrəm əminin astadan Süleymanın qulağına    - “Süleyman, sən dədəmin özüsən ki, varsan, səndən onun iyini alıram. Bunu unutma, imkan düşən kimi gəl” - pıçıldaması , şəkli göndərmək  yaddan çıxmasın nigarançılığı hadisələrin sonrakı axarına işıq salır. Azərbaycan ədəbiyyatında, kinosunda yaddaqalan tacir obrazlarına çox rast gəlmişik. “Başdaşindaki şəkil”dəki Mustafa və onun müşəriləri çağdaş zamanın tacir tipləridir. Pulu dini, imanı sayan müştərilərindən özünü ağıllı göstərməyə çalışan Mustafanın “həm nisyə götürdükləri malın pulunu gətiriblər, həm də yeni mal götürməyə gəliblər” cümləsinin arxasında tacir marağı və tamahı durur. Mustafanın alış - verişə başı o qədər qarışır ki, dayısının qırxı az qala yadından çıxır. Məhərrəm əminin vəfatının qırx mərasiminə gedən Süleyman qəbristanlıqda Babək qalasında şəklin nə üçün çəkildiyini anlayır: “Bu qəbir niyə o biri qəbirlərdən aralıydı, təkdi, tənhaydı? Qərib idimi? Hələ bir buna bax! Başdaşındakı şəklə bax! Başqa qəbirlərin başdaşına şəkil vurulmayıb axı... Bəs bu kimin şəklidir? Bu ki, mənəm. Bu ki, mənim şəklimdi.  Güzgüdəmi baxıram özümə? Yox, yox, bu güzgü deyil, başdaşındakı şəkildir. Mənim şəklimi niyə başdaşına vurublar? Qara paltarlı adamlar məni dövrəyə alıblar? Məgər mən ölmüşəm?” Süleyman acılı - şirinli xatirələrin qoynunda vurnuxurdu: “Yaxşı, bəs mən nə vaxt öldüm ki, xəbərim olmadı? Mən axı müharibədəydim, ermənilərlə vuruşurdum, Vətənimizi, torpaqlarımızı, min illər boyu məskən salıb yaşamış, ölmüş əcdadlarımızın qəbirlərini, bizə miras qoyduqları yurd yerlərini qoruyurdum... Mən axı söz vermişdim... Müharibəyə yollananda generala söz vermişdim ki,ölməyəcəyəm... Atəş səslərinin tüğyan etdiyi zamanda ilk övladımı dünyaya gətirənə, sonralar elə övladlarıma da söz vermişdim ki, müharibədə ölməyəcəyəm”... Əli bəyin həm döyüşçü, peşəkar hərbçi, həm də vətənsevər yazıçı kimi inamının möhkəmliyinin mayasında həyatın sınaqları qarşısında əyilməzlik, dözüm,  qələbə sevinci, düşməndən qisas almaq hissi və mübarizlik dayanır. Çadırın içərisində də qəbrin başdaşındakı şəkli görəndə Süleyman “özünü sorğuya tutdu, sual yağışına qərq etdi, yavaş - yavaş özünə gəldi”. Mollanın səsi onu fikirlərin əlindən aldı: -Camaat! - Molla danışmağa başladı. - Hər insanın axirətə yollanmazdan qabaq bir vəsiyyəti olur. Bu vəsiyyəti o, özü demir,mələklər dedirdirlər. Rəhmətlik Məhərrəm özünü burada qərib sayırdı, deyirdi ki, əsl Vətənimiz Arazın o tayıdır. Deyirdi, əvvəlcə orada qohum əqrəbamız yaşasa da, ortada tikanlı məftil olduğundan gedə bilmirdik, sonra tikanlı məftilləri qırıb dağıtsalar da erməni gəlib işğal elədi, bizə göz dağı çəkdi. Bu necə Vətəndə yaşamaqdır, adam da öz Vətənində qərib olar? Bu vəsiyyətinə də əməl edib bir az aralıda basdırdıq, qərib kimi... Bir də vəsiyyət etdi ki, bax, bu başımızın üstündə gördüyünüz şəkili böyüdüb həm mağara, həm də qəbrinin başdaşına vuraq... Düzdür, bizdə qəbirin başdaşına şəkil vurulmur. İslamda bu barədə heç bir qadağa da yoxdur, yəni vurmaq da olar, vurmamaq da. Amma rəhmətlik Məhərrəm deyirdi ki, atası Hüseyxan kişinin yarısı o tayda qalıb. Özü cismən bu tayda yaşasa da, ruhu o taydadı. Elə Məhərrəmin bu şəkli də rəhmətliyin o tayda yaşayan qohumları ilə çəkdirdiyi yeganə şəkildir. Məhərrəm deyirdi ki, bizi heç olmasa şəkildə ayırmayın, qoyun birlikdə olaq... Başdaşındakı şəkli ilə Süleyman o qədər doğmalaşdı ki, sanki ürəyi tən ortadan bölünmüşdü. Aman Allah, ürəyin də o tay, bu tayı olarmış!.. Əli bəy Azərinin çox qələm məhsullarına bələdəm. Onun hər ədəbi nümunəsi məni bu qənaətə gətirir ki, bu hərbçi yazıçının ən böyük uğurudur. Sonra da düşünürəm ki, Əli bəy ən böyük uğuruna yetibsə, bundan sonra nə yazacaq? Özünə, sözünə məsuliyyətlə yanaşanlar özü özünün obyektiv tənqidçisi olurlar. Bəxtiyar Vahabzadə demişkən, onlar bir şeydən razıdırlar ki, özündən narazıdırlar. Əli bəy də bilirəm ki, özündən razı deyil, eqosuz söz sahibidir.  Bu hekayəni də Əli bəy Azərinin uğuru sayıram. Amma  mütləq bundan da uğurluları olacaq... Mart 2019