Son nəfəsdə

-Həəə... Qismətimdə bu da varmış... Bu yaşımda bu günü də görməli imişəm. Onsuz da həyatda hər şey ürəyin istədiyin kimi olmur. Neyləmək olar. Dözməkdən başqa yolum yoxdur. Bu da bir ömürdür, yaşayıram. Binanın girişində dayanan qız həqiqətən gözəl idi. Elə bil Allah Təalanın boş vaxtına düşüb, tələsib eləmədən bər-bəzəyini verib. Amma nə olsun ki... Bu yaşda o mənim nəyimə lazımdır. Keçdi qardaş, keçdi və bir də geri qayıdan deyil. Bu zəhrimar işıq da düz gözümə düşür. Başımı yana əyim ki, şüa gözümü deşməsin. İnsafən burda adamla çox mədəni rəftar edirlər. Deyəsən, bu “mədəniyyət” də daha çox pul qopartmağa xidmət edir axı. Küçənin tinində asfaltın üstündə oturan o çəlimsiz, büzüşüb yumağa dönmüş qadına lap yazığım gəldi. Kirimişcə oturub yoldan keçənləri yazıq-yazıq seyr edirdi. Arıq və qara əllərinin üstündəki şişmiş damarlar da ki, adamın gözünə girirdi. Ovcuna beş manatı qoyanda gözlərində İlahi bir sevinc parıldadı, simasında minnətdarlıq hissini açıq-aydın gördüm. Valllah, indiki zamanda oxuyub baş xarab etməyə dəyməz. Bir-iki dükanın ola, icarəyə verib əllərin cibində kef içində yaşamaq olar. O dükanları isə qazanmaq lazımdır. Heyf ki, artıq gecdir. Deyəsən, elə müəllim pensiyası ilə sürünə-sürünə yaşamağa məhkumam. İndiki vaxtda ağıllı adam maşınla Bakıya gəlməz. Maşının benzin pulu ilə iki-üç dəfə şəhərə gedib-gəlmək olar, o ki qaldı, on beş ilin “Jiquli”si ola. Hələ radarları demirəm, hər tinbaşı bir radar, cərimələri yada salanda adamın boğazı quruyur. Görəsən, bu radar pulları hara gedir, həmin pula kim nəzarət edir? Milyonlar var e... orda. Dostum Eldar düz deyir: “Bakının bir küçəsindəki radarların sayı o boyda Kiyev şəhərində yoxdur”. İş yoldaşım Akif müəllimin də vəziyyəti çox pisdir, deyirlər bu gün-sabahlıqdır. Neyləyim, əlimdən nə gəlir ki, ona kömək edim. Yaxşısını Allah bilir. Sən Cəmilə fikir verdin? Kimin qucağında oturduğunu küllü-aləm bilsə də özünü bilməməzliyə vurur. Adamla da elə danışır ki, guya bu böyük bir istedaddır, hər şeyi bilir. Müdirini bu gün çıxartsalar, əmrin mürəkkəbi qurumamış onun da mitilini çölə atarlar. Qənbərin hərəkəti heç xoşuma gəlmir. Arvadı ağır xəstə, o isə sevgilisi ilə şəhərə gəzməyə çıxır, hələ keçən il sanatoriyada da dincəliblər. Özünə haqq qazandırır ki, evdə oturmaqdan başı pozulur, xəstəyə baxa-baxa özü də xəstələnir. Arada bunu edir ki, beyni təzələnsin. Gülmirə də bərk həyacanlı idi. Zalım qızı elə bil məni gedər-gəlməzə yola salır. İnsafən həyat yoldaşı kimi üstümdə zəhməti çox olub. Heç mən də onu incitməmişəm. Arada boş şeylər üstündə küsür. Özü demişkən o məsələdə kişinin ipinin üstünə odun yığmalı deyil, iki qaş arasında bildiyini edər. Ayda-ildə bir dəfə sanatoriyaya gedəsən və orda da Həzrəti Məryəmin nəvələrinə əl sürtməyəsən, heç insafdan deyil axı? Gör nə boyda binadır, içində əməlli-başlı azmaq olar. Hər kabinetdə elə soyuqqanlıqla adamdan pul istəyir və alırlar ki, heç ruhun da incimir. Hələ deyirlər ki, bura dövlətə məxsusdur. Yalansa mənim günümə düşəsiniz. Dövlət adı aıtında çapıb talayırlar. Elə bil ki, bu “dövlət” dədələrindən miras qalıb. Demirlər ki, bu dövlət elə bu xalqındır və vəzifəsi də xalqına xidmət göstərməkdir. Sabahda-zadda gərək Ariflə görüşüm, deyəsən, xətrinə dəydim. Düzəlməyinə ümidim olmasa da ona gərək bir şans da verəydim. Yıxılanın başını kəsmək insafdan deyil. Gərək ondan halallıq alım. Kərəmə əvvəldən etibarım olmayıb da. Bunu bilə-bilə şirin dilinə aldanıb ona yenə borc pul verdim. Gərək Gülmirəyə deyəydim. Kərəmin Allahı yoxdur. Ölüb eləsəm, nəinki pulu verməz, heç boynuna almaz. Yazıq atam, anam bu dünyada bir gün görmədilər. Kaş, keçən günləri qaytaraydılar, onların qulluğunda elə durardım ki. Səhvlərim cavanlığımla bağlı olub, bilə-bilə etməmişəm. Amma keçmiş axar çaydır, bir daha təkrar olmaz, geri dönüşü mümkünsüzdür. Deyəndə ki, sevgi evlənənə kimi davam edir, ondan sonra qarşılıqlı hörmət olur, heç kim mənə inanmır. Fikir vermisinizmi, sevgi simvolları kimi tanıdığımız Leyli və Məcnun, Romeo və Cülyetta, elə başqaları da imkanlı, pullu kişilərin uşaqları olublar. Heç gör kasıb uşaqlarından sevgi qəhrəmanları çıxıbmı? Əsla yox! Bu dusturun da müəllifi özüməm: “Pulsuzluq sevgi ilə əks mütənasibdir”. Bu zəhrimar da nazlana-nazlana axır. Hara tələsir e, dərdi yox, qəmi yox. Əslinə baxanda onun da ömrü son damcıda bitir. Hər damcı ilə ömründən bir səhifə düşür. Deyəsən, hələ bir saata kimi yaşayacaq. Vallah, o Məmiş müəllimə söz tapmıram deməyə. Hər dəfə söhbətində ölkədə haqsızlığın baş alıb getməyindən şikayətlənir, özümüz birtəhər yaşasaq da uşaqları çətin günlər gözlədiyini bəyan edir. Amma seçkilərdə topa ilə bülleteni də elə özü atır. Üstündə də deyir ki, bəs neyləyim, balalarım acından ölməlidir? Burdan çıxan kimi gedib qızlarımı ziyarət edərəm, onların ata ocağında həmişə gözləri olur. Nəvələrimi də bir-bir görüb hədiyyələrin verərəm. Qonşu Əbdul müəllimin vəziyyəti görən necədir? Yazıq gündə ölüb dirilir. Xərçəngi Allahın lənətinə gəlsin, qırdı bu milləti. Ölümün yarısından çoxu bu murdarın payına düşür. Elə bil ölkəyə xərçəng virusu atılıb. Arada fikirləşirəm ki, kimlərsə bu xəstəliyin yayılmasında maraqlıdırlar. Axı, burda böyük, çox böyük pullar dövr edir. Balaca oğlanı da ev eləsəydim, canım dincələrdi. Bu ağır yük də mənim çiynimdədir. Heyif deyildi bizim vaxtlar, valideynin bir sözünü iki eləməzdik. İndiki uşaqlarla bacarmaq olmur. Başım deyəsən dumanlanır. Bunlar hara getdilər, ətrafda kimsə görünmür. Bayaqdan bir-birinə ilişirdilər. Başımın üstündəki işıq da saralmağa başlayır. Bəs gözlərimi niyə aça bilmirəm? Birdən ölüb edərəm. Allah, qurbanın olum, belə eləmə, mənə yazığın gəlsin, subay balam var. Bax, ağ işığa bürünmüş bir nəfər üstümə gəlir. Gəlir, gəəliiir... -Hə qızlar, xəstəni əməliyyat otağına aparın. 6-7 oktyabr 2019-cu il