Allaha şikayətçi uşaqlar

Mayis Səfərli,
Yurddaş Partiyasının sədri
Söz vaxtına çəkər, deyirlər. 1992-ci ilin isti yay günlərindən biri idi. Bir qrup ziyalımız ilə doğma Qubadlının sərhəd bölgələrinə gedirdik. Teymur Müskanlı kəndini keçib dolanbac yollarla dağlara tərəf - Azərbaycanın ilk Milli Qəhrəmanı rəhmətlik Əliyar Əliyevin komandir olduğu hərbi posta doğru irəliləyirdik. Kənddən xeyli aralıda 5-6 yaşlı iki uşağın əl-ələ tutaraq uca dağlara tərəf getdiklərini gördük. Biri qız, biri oğlan olan azyaşlılar maşınlarımızı görər-görməz ürkək ceyran balaları kimi qaçıb yaxınlıqdakı böyük bir daşın arxasında gizləndilər. Avtomobildən düşüb onlara səsləndim. Qorxa - qorxa gizləndikləri yerdən çıxdılar.
- Uşaqlar, tək - tənha hara gedirsiniz? - soruşdum.
Görünüşcə oğlandan bir az böyük olduğu hiss edilən qız titrək səslə və barmağını qarşıdakı uca zirvəyə tuşlayıb dedi:
- O dağın başına gedirik, əmi.
Mənim təəccübümü görən qızcığaz əlavə etdi:
- Oraya, Allahın yanına qalxırıq. İstəyirik ona deyək ki, qoymasın ermənilər kəndimizə bomba atsın...
O vaxtdan az qala bir qərinə keçir. Əgər həmin körpələr düşmən gülləsindən sağ qalıblarsa, - kaş ki, belə olaydı - yəqin indi onların övladları çıxmağa dağ axtarırlar ki, Allahdan onları kəndlərinə qaytarmağı diləsinlər...
Bu gün 1 iyun - Beynəlxalq Uşaq Günüdür. Planetimizdə 3 milyard uşaq yaşayır. Heç şübhəniz olmasın ki, onların da böyük əksəriyyəti Allaha şikayətçidirlər.
Yer Kürəsini başına götürən müharibələr, konfliktlər, aclıq, susuzluq, səfalət hər il milyonlarla azyaşlının həyatına son qoyur. Təkcə vəhşi ermənilərin Xocalıda törətdikləri soyqırımda 63 azyaşlı qətlə yetirilmiş, 76 uşaq əlil edilmiş, 26 uşaq hər iki valideynini, 130-u isə valideynlərindən birini itirmiş, hamilə qadınların uşaqları qarınlarından çıxarılıb öldürülmüşdür. Atəşkəs dövründə isə 34 azyaşlı həmvətənimiz erməni terrorunun qurbanı olmuşdur.
Nə qədər ki dünyada haqq, ədalət yoxdur, beynəlxalq qanunlar işləmir, gələcəyimiz olan uşaqlar firavan, sakit yaşaya bilməzlər. Uşaqları xoşbəxt ola bilməyən dünyamızın gələcəyi xoş görsənmir. İldə bir dəfə aksiya keçirməklə işlərini bitmiş hesab edən beynəlxalq təşkilatlar, ilk növbədə BMT, onun Təhlükəsizlik Şurası yaxşı olar ki, dünyada sülhün, əmin - amanlığın bərqərar olması, aclığın,yoxsulluğun, savadsızlığın milli, irqi diskriminasiyanın, zorakılığın aradan qaldırılmasında əməli fəaliyyət göstərsinlər. Bu nə mənim, nə də başqa bir kimsənin istəyi, tələbi deyil. Bu,həmin mötəbər qurumların nizamnamələrində nəzərdə tutulmuş öhdəlikləri və vəzifələridir...
Ğözəl bayram münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlamlıq ,sevinc dolu günlər, arzularındakı həyata govuşmağı diləyirəm!