"Qəm yağışı"nın vida soyuğu

(Xaliq Azadinin romanı haqqında qeydlər) Əslində, romançılıq da ədəbi tədqiqat işidir. Bunu bir ehtimal sanmayaq, çünki nəsrin ədəbi situasiyaları (geniş anlamda) bir roman xisləti yaradır və bu rakurs öz miqyaslarını əhatəli baxış bucaqları vasitəsilə xarakterizə edir. Doğrudan da, romançılıq təkcə bədii xarakteri ilə deyil, həm də ictimai zərurəti ilə ehtiva olunur. İstedadlı qələm sahibi Xaliq Azadinin romana, ümumiyyətlə, nəsrə münasibətindəki qabarıq aspektləri də bu zərurətin bir səciyyəsi kimi mənalandırmaq olar. Açığı, onun 2020-ci il tarixdə fitrətli yazar Əli bəy Azərinin redaktorluğu ilə «Zəngəzurda çap evi» nəşriyyatında işıq üzü görmüş «Qəm yağışı» (nəsr) kitabı da bu xarakterə zəruri əsas verir. Bəri başdan deyək ki, duyğusal tərənnümlə başlayan, pünhan məcralarda təlatümə uğrayan və sonra da bir anın içində daşlaşan məhəbbətə ithaf kimi səciyyələnən bu kitab müasir baxışlıdır, burada zəruri-effektiv və ədəbi məna ürəkyaxıcıdır, hadisələr oxucuda isti könül çırpıntıları yaradır, müəllif əsər boyu ictimai zərurətlərə (öz şəxsi fonunda) bir təsnifat verir, əsas da səmimi-konkret fikirlərin kompozisiya və bədii-ictimai məğzini maraqlı statuslar kimi təqdim edir. Bir özbək qızının bir azərbaycanlı oğlanla pünhan çevrələrdə qurduğu və qısa zamanda qəm yağışına çevrilən sevda yanğıları müəllifin təhkiyəvi zəmini olsa da, mövcud ədəbi reallıq tamamilə başqa münasibətlərdən qaynaqlanır: o mənada ki, yeniyetməlik və gənclik hüdudlarında çırpınan, ikitərəfli milli dəyərlərə aludə paradok yaradan İnqa və Azadın könül xoşluğu (bəlkə də) içlərində qəfil kükrəyən ötəri hissdir, fəqət zaman komponenti bu hissin qaynar bir sevgi olduğuna dəlalət edir və oxucu olaraq müəllifi saran odun-atəşin kövrək çınqılarına baxış ötürük. Bir növ, fəlsəfi-modern əhatə cızan “Qəm yağışı”nda mətn özünüdərk yaradır, mövzu bitkin məntiqlidir, müəllifin fikirtəqdimetmə dürüstlüyü həyatabaxışın sivil tərzləri kimi xarakterizə edir. Lakin fərdi mülahizədəki pessimistlik ovqata bir qədər əks təsir bağışlayır. Bu da şübhəsiz, müəllifin (ictimai ampulada) modern çək-çevirə məruz qalmasından irəli gəlir. Çünki buradakı məhəbbət də, o məhəbbətə müntəzir surətlər də (başqa əsərlərdəki kimi) eyni və oxşardır, fərqli olan xoşovqat zaman uçqununda fövqəl izdivaclara eyhamlı eniş etməkdir. Və səmimi deyək, müəllifin ədəbi ismarıcı vahiməlidir, qorxulu hislər yaradır. O mənada ki, “Qəm yağışı”nda məhəbbət bir kodeks olaraq təlatümlü həyat zərurətidir, müəllif eşqanə nüansları (nəticə etibarilə) bir kod altında sistemləşdirib. Romanı duyğusal edən təkcə sevgi hücrələri deyil, həm də milli duyğulardır. İnqanın da, Azadın da aludə olduqları məhəbbət onları (dərhal) təsir altına almır, əksinə, bu isti baxışlar ruhsal quruluşludur deyə, baş obrazlar vətən proseslərini sevgidən irəlidə görür, bu səmimiyyətə sanki bir büst qoyurlar. Elə əsər boyu duyğusallığın ictimai-ədəbi təsir miqyaslarını böyüyən və artan həddə gətirən də məhz bu mənalardır. «Qəm yağışı»nda milli heysiyyətə ünvan verən dramatik zərurətlər çoxluq təşkil edir. Baş obrazlardakı cürət, mübarizə məğzləri qabarıqdır, ən başlıcası, hər iki tərəf üçün (dediyimiz kimi) Vətən obrazı daha müfəssəldir. Müəllif (belə deyək) əsər boyu sevgini fərqli xarakterizə edir; sovet dövrünün sevda çınqıları ilə müasirliyin gətirdiyi çılpaq sevgilərə yerlə-göy uzaqlığında fərq qoyur, elə İnqa və Azadın çabaladığı nakam məhəbbəti də məhz bu paklıqda cilalayır. Təəssüf ki, sonradan bu saf sevgini vahimə dolu anların yaradacağı dəhşətlər müşayiət edir, ardınca da hər iki obraz nakam acıların içində bir səcdəlik haqqı tapır. «Qəm yağışı»nda adi hislərin məhəbbət qəlibində kükrəməsi - təcəllası mistik-ictimai səciyyə kəsb etsə də, ruhsallıq epik məğzi romançılıq qatlarına yüksəldir, müəllif sanki oxusunu əzabın dadına baxmaq şərəfinə nail edir, fəlsəfi ovqat yaradır. Maraqlıdır ki, bu ədəbi kreativlik təkcə İnqa və Azadın durğun baxışlarında məna vermir, həm də müəllifi bu fövqəl zərurətə (ciddi) sövq edir. Qeyd etdiyimiz kimi, romanda əvvəlki illərin ənənəvi ovqatları, insan-mühit və tale seyrçiliyi də diqqətdən kənarda deyil. Sosial qayə, ictimai həssaslıq və bu zəmində ehtiva edən həyat reallığı da oxucunu düşündürən əsas ədəbi elementlərdir. Bəlli ki, müəllif bu prosesdə fəal tərəfdir, əsas etibarilə ruhi istismarı qətiyyətlə pisləyir, etinasızlıq və diqqətsizlik hallarını xeyirxahlıqla tənqid edir. Bu rakursda romanda iç titrədən son səhnəni təqdim edək: «İlk əvvəl kiçik damcılardan başlayan yağış aramsız və gur yağan leysana çevrilmişdi. Azad gözətçinin daxmasının divarına söykənərək İnqanın yatdığı yerə zilləmişdi gözünü. Birdən düşündü ki, doğrudan da bu yağış indi boş-boşuna yağmır. Bu lesanı yağdıran İnqanın ruhudur. Nakam arzuların çağırışıdır. İnqa istəmir ki, Azad tez vidalaşıb getsin. Tək qalacağını bilir...» Bu epik parçada vida çığırtısı var. Müəllifi labirintə salan hislər onu ərzinə çatmaq istədiyi fikrin mahiyyətini tapmağa sövq edir. Və sonra da bu kodeks daha mürəkkəb əhatəli olur: oxucu da, müəllif də, elə baş obrazları nakam hücrədə sıxan epik təlatüm də çiliklənmiş güzgüdəki insan əksi kimi təsir verir. Bu mənada, «Qəm yağışı»nın sistem hüdudunda acı bir üzüntü, çılğın bir qəm şehi var. Baxışlarımız bu şehə bulandıqca hislərimiz fəza qatına qalxır, orada sanki Azadı təklik girdabına itələyən sevdasızlığın rəngini, İnqanın nakam eşqin tufanında yoxluğa atan həyatın fövqünü görmək istəyirik. (Müəllifin də dediyi kimi) bu, mümkünmü? ...Bütövlükdə isə tale və həyat gedişatı maraq doğuran «Qəm yağışı»nı Xaliq Azadinin uğuru hesab etmək olar.