Sənə qurban

Doqquzmərtəbəli binanın qarşı tərəfində - yolun o tayında inşa edilən, dəbdəbəli görünüşü və arxitekturası ilə hamını heyran qoyan baxçanın  tikintisi  başa çatmışdı.  Qadın  pəncərədən obyekti müşahidə edir və  planlarını qururdu. Artıq bir ay idi ki, baxça fəaliyyətə başlamışdı. O, yenə də birotaqlı , təmirsiz,  divarları kif bağlamış və  gec-gec təmizləndiyindən ağır qoxulu mənzilinin pəncərəsindən hər gün buraya neçə uşağın gəldiyini sayırdı. Sonra baxçanın yaxınlığında dayanıb bir neçə  bahalı maşının nömrəsini və markasını, hansı maşında hansı valideynin gəldiyini təsadüfən çəkilən adlardan öyrənməyə çalışdı: - Aha, deməli, 90MM…7 nömrəli  “Leksus”un yiyəsinə Vaska deyirlər. 95AT…8 nömrəli “Xammer”in  sahibini arvadı  Çingiz deyib çağırdı… Gözətçi ilə tanış olub digər məlumatları da  əldə etdi.  Yaşlı  gözətçi  hər dəfə  buradan  “təsadüfən” keçərkən onunla rastlaşan və çantasından müxtəlif şirniyyatlar çıxarıb ona verən qadına əməlli-başlı isnişmişdi: -Dayı, sənə qurban, oğlumun evi bu tərəfdədir, bax o aşağıdakı üçmərtəbəli ev onundur.  Ay dayı, sənin işləyən vaxtındır, sənə qurban? Sənin indi gəlin, oğul-qız qulluğu görən vaxtındır.  Üzü bu qədər nurlu adam görməmişəm. Hiss olunur ki, yaxşı adama oxşayırsan, sənə qurban, - deyən şirindil qadın  kişinin könlünü almış, ürəyinə yol tapmışdı. Bir neçə belə “təsadüfi” rastlaşmadan sonra onu maraqlandıran əsas məlumatlar ovcunda idi. Qoca gözətçi  baxçanın aşpazından,  süpürgəçi və tərbiyəçilərdən məlumatları yağdan tük çəkən kimi çəkib maraqlanan  ünvana ötürdü. Sonra iki il əvvəl toyda tanış olduğu və lazım olacağını düşünüb “əlində saxladığı” yaşlı,  şöhrətpərəst və yüngülxasiyyət aktrisanı dilə tutub onun köhnə dəbli şıq paltarını və ayaqqabısını birovuz  aldı,  geyinib baxçaya  getdi. Müəssisəyə uşaq gətirən bir neçə valideynin adını çəkərək onlarla qohum olduğunu və müdiri tanıdığını   katibəyə deyib görüşmək üçün  icazə aldı. Zər-ziba içərisində itib-batan gənc müdir  xanım onu  hardan tanıdığını xatırlaya bilmədi və soyuq qarşıladı. Qadın  yadında saxladığı adları bir-bir çəkib  X-in  təhlükəsizlik  orqanlarında böyük vəzifədə işlədiyini, onun yaxın qohumu olduğunu deyərək müdirin buzunu birtəhər əridə bildi. Ona da elə bu lazım idi: -Naza xanım, sizin baxça bütün  şəhərdə  böyük səs-küyə səbəb olub. Belə müəssisə heç yanda yoxdur. Yoldaşınızın imkanları böyükdür, bilrəm. Qohumum deyirdi ki,  baxçanı  əriniz   tikdirmiş və heç bir təhsiliniz olmasa da,  bura müdir  təyin olmusunuz. Bu tərəflərin ən imkanlı iş adamlarının uşaqlarını bura cəlb edə bilmisiniz. O adamların hamısını tanıyıram,  -  dedi,-  qohumum danışıb.  Hər uşağı neçə manata götürdüyünüzü ,  onları yuxarı qiymətə qəbul edib  aşağı qiymətə qeydiyyata almanızı da,  vergini necə verdiyinizi də danışıblar. Ancaq bunlar məni maraqlandırmır. Başqa işim var. Danışa-danışa baxır və Naza xanımın təəccüblə açılmış gözlərindən, batmış nitqindən bildi ki, ox  hədəfə dəyib. -Bilirsiz, Naza xanım, bunları danışmaqda bədxah niyyətim  yoxdur. Desəm, inanmayacaqsız, sizə qurban,  mən sizə kömə eləmək, baxçanın şöhrətini daha da qaldırmaq istəyirəm. Söhbətin belə dəyişməsi Naza xanımın təəccübünü daha da artırdı: -Ay xanım, məqsədinizi deyin. Axı məndən nə istəyirsiniz? -Başınıza dönüm, sizə qurban, nə məqsədim olacaq ki?  Mən pis adam deyiləm, sözümün canı var, - deyib sonra əlavə etdi,- deyin, bir stəkan çay gətirsinlər. Boğazım quruyub. Naza xanım zəngin düyməsini basıb katibəyə çay gətirtdi. Qadın çantasını açıb çox bahalı bir neçə konfet çıxarıdı. Stolun üstündəki büllur qənddana  qoyub birinin kağızını açdı: -Yoldaşıma xaricdən pay gətirmişdilər. Xalis italyanskidir, sənə qurban(artıq “siz”  “sən”lə əvəz olundu). Götür,  çay içərsən,-deyə konfeti dişləyib çaydan iri bir qurtum aldı. ...Qadının əri taksi sürücüsü idi. İki gün işləyəndə, iki gün də evdə yatar: - Hələ aldıqlarım qurtarmayıb,- deyər, işləməkdən boyun qaçırardı. Zəif və cılız bədənini çirkli yorğana büküb qırıq divanın üstündə büzüşərək yatardı. O isə əri yatan kimi paltarlarının cibini eşələyər, tapdığı pulları götürüb gizlədər, kişini yenə zorla iş dalınca göndərər: -Get, canın çıxsın, işlə, qazan. Küçüklərini mən saxlamayacam ki,-deyərdi. Konfeti  isə qızının çantasından oğurlamışdı.  Pərəstişkarlarını ad gününə dəvət edən qızı hərdən çaşır,  ildə  iki-üç dəfə doğum gününü qeyd etmək  üçün eyni adamla restoranda görüş təyin edirdi.  Kələyin üstü açılanda  bəziləri qaçar, sadəlövhlər isə tora düşüb hədiyyə qoltuqlarında onu  gözləyərdilər. Hər vəziyyətdən çıxmağı bacaran qızı pərəstişkarlarına   aldırdığı bahalı hədiyyələri, şirniyyat şeylərini  gizlədib evdəkilərdən qoruyurdu. Keçən həftə qızının çantasını birtəhər ələ keçirib  konfetləri  götürmüş, gizlədərək bu gün üçün saxlamışdı... - Naza xanım, sənə qurban, bayaq dedim, baxçanın şöhrətini qaldırmaq, ən imkanlı adamların uşaqlarını buraya cəlb eləmək lazımdır. Mənim yaxşı tanışlarım var. Özüm jurnalistəm. Baax, - deyib çantasından saxta yolla çap etdirdiyi  vizit kartlarını çıxardı, - ölkənin ən hörmətli, nüfuzlu qəzetində işləyirəm. Jurnalist sözünü eşidəndə Naza xanım qaş-qabağını töküb sifətini turşutdu. -Sənə qurban, elə bilmə ki, buradan nəsə yazmaq, səndən pul qoparmaq istiyirəm, yox.  Baxçan haqda elə bir kitab yazacam ki , bütün ölkəyə səs salsın. Sonra nazirliyə də ötürərsən .  Neçə illik jurnalist təcrübəm var.  Savadlı adamam, elə məqalələr yazmışam, daşdan keçib,-deyə qadın dil boğaza  qoymadan ötürdü. Naza xanımı maraq bürüdü. -Bilirsən, sənə qurban, baxçada olan bütün uşaqların,  işçilərin  adlarını, tərcümeyi-halını,  vəzifələrini yaz,  şəkilləri ilə birgə  ver mənə. Qalanı ilə işin yoxdur. “Jurnalist” xanım işi necə quracağı barədə hər şeyi Naza xanıma ətraflı izah etdi. Səhəri gün  qızının vasitəsi ilə tanış olduğu və qəpiyə güllə atan  jurnalistlə görüşüb  təklifini dedi: -Sənə verdiyim faktlar əsasında hər adam və uşaq üçün dəbdəbəli, tərifli bir mətn yaz.  Üç yüz manat verəcəm. Kitabları, köhnə qəzetləri tök qabağına,  köçür. Peşən odur dəə, nə var yazmağa? Sonra nəşriyyata gedib uzun çək-çevirdən sonra ucuz qiymətə nəşri  və tirajı danışdı. Bir neçə gün sonra artıq kitab hazır idi.  İlk nüsxəni götürüb Naza xanımın yanına getdi: -Sənə  qurban, bax gör,  necə  hazırlamışam?  Ölkədə hansı baxça, ya müdir haqda  kitab nəşr olunub? Varmı? Yoox. Birinci sənsən. Hər birini əlli manatdan danışmışdıq. Di sən pulunu hazırla. Mən bir-iki günə  hamısını çatdıracam. Kitabın üz qabığında Naza xanımın böyük şəkli və: “Hamımızın anası nazlı Nazamız”-sözləri yazılmışdı. İlk səhifədə vərəq boyda  başqa şəkli,   onun haqqında çox poetik, dəbdəbəli metaforlarla dolu   məqalə yazılmışdı. Hər işçi və uşağın şəkli, onun haqqında yazılmış mətn yeni səhifədə verilmiş, uşaqların arzuları, böyüyəndə kim olmaq istəmələri, həmin peşəyə uyğun şeir və şəkillər də yer almışdı.Şeir və şəkillər haqda ideyanı verən jurnalistin haqqına bir neçə manat  əlavə  olunmuşdu. Naza xanımın uçmağa qanadı yox idi. -Hə, sənə qurban, demişdim axı, məndən sənə ziyan gəlməz, – deyə “jurnalist” xanım dilləndi,- o  metronun yanında böyük  özəl baxça var haa, müdirinin adı nəydi, unutdum,  nə qədər yalvardı ki, onun  haqqında yazım kitabı,  dedim , yox, Naza xanım haqda yazacam. Söhbət əsnasında dediyi baxça və müdiri haqda məlumatları da Naza xanımdan yavaş-yavaş çəkdi. Daha o baxçanın gözətçisinə şirniyyat yedirtmək lazım gəlmədi.  Həyətə çıxan kimi məlumatları unutmamaq üçün bloknotunu çıxarıb  kobud xətlə  qeydlər etməyə başladı: -Adı mnayə.  əri slman evdihmə qambinatı işdədir.  həmi də un dəyrmanı var. özü naxcvannıdı.  qardaşı masqvada bznismendi..adı  mibariz.maşnı qalvagen. Bir neçə gün sonra kitabları baxçaya təhvil verdi. Şəkillərini və  özləri haqda yazılmış mətnləri görən işçilər, uşaqlar və valideynlərin sevinci yerə-göyə sığmırdı: -Sağ ol, Naza xanım, mənim də adım kitaba düşdü. Ay Allah, şəklim nə yaxşı, qəşəng çıxıb. Necə gözəl sözlər yazıblar axı. Adamın canına yağ kimi yayılır. Hamı bir neçə gün yazılan təriflərin oyatdığı ovqatdan sərxoş kimi gəzdi. Sevinə-sevinə kitabı açıb şəkillərini və mətni fəxrlə qohum-qonşuya göstərdilər. -Əlli manat nədir ki? Elə bilərik, bir  kafeyə  gedib yeyib-içmişik. Kitab həmişəlik qalandır, -deyərək pulu yığıb verdilər. “Sənə qurban” xanım  müdirin şirinlik üçün verdiyi əlavə pulla birgə  üç min manatı götürüb banka getdi. Hesab açdırıb əmanətini banka qoydu.  Pulu evdə saxlamaq olmazdı. Əmanət kitabçasını isə evdə, ya çantasının xəlvəti gözündə  gizlətmək daha asan olardı. Sonra   Naza xanım haqda  kitabın bir nüsxəsini götürüb metronun yanındakı baxçaya üz tutdu. 10 may 2020