Yas yeri

Dərdlərimiz də, problemlərimiz də çoxdur. Nə danışmaqla, nə də yazmaqla bitən deyil. Bunların bitməsi üçün, ilk növbədə özümüz “düzəlməliyik”. Problemdən yaranan dərd də bizə bir dərd olur. Bir sözlə, biz dərd əhliyik. Diri vaxtımızda olduğu kimi öləndə də qayğılarımız çox olur. Problemlərdən ölməklə də yaxa qurtara bilmirik. Ölən rəhmətlik canını qurtarsa da yaxın adamları çətinliyə düşür.  Ailə üzvünü itirən adamın vəziyyəti  hər tərəfdən gərgin olur. Bir yandan əzizini itirməyin ağrısı, bir tərəfdən də ehsan xərcləri, dərdinə şərik olmağa gələnlərə diqqət göstərməyin məsuliyyəti yazıq ölü sahibini əldən salır. Vay o günə ki, qonağın hansınasa xüsusi diqqət göstərə bilməyəsən, səndən incik gedə. Ondan sonra giley-güzara başın elə qarışır ki, az qala dərdini unudasan. Ya əsəb keçirirsən, ya da xəcalət çəkirsən. Amma yaxşı olar ki, buna heç əhəmiyyət verməyəsən. Qoy zəhmət çəkib dərdinə şərik olmağa gələnlər sənə əlavə  dərd verməsinlər. Yas mərasimlərində qadın mollalarının daha çox ağlatmaq məqsədi ilə ard-arda düzdüyü qəmli hekayətləri dinləmək məqamının yetişməsini heç istəmirəm. Neçə illərin müsibətini qafiyələndirib elə söyləyirlər ki, adamın az qala bağrı yarıla. Bəzilərinin tükürpədici səsinə heç tab gətirmək olmur. Onsuz da yaxınını itirən adamın qəlbi göynəyir, onu təkrar-təkrar təzədən niyə göynədək ki? Hamı öz dərdini unudub onların ağlatdıqlarına ağlayır. İmkan vermirlər ki, ölü sahibi göz yaşlarını əzizi üçün töksün. Bu qadınlarda bəyəndiyim bircə cəhət var ki, o da arada şəhid olmuş Azərbaycan oğullarını da yad etmələridir. Amma birdən ağlıma gəlir ki,bəlkə, bu da orada olan oğlunu, ərini,qardaşını və s. itirən xanımların ən həssas hisslərinə toxunub daha möhkəm ağlatmaq məqsədi güdür... Elələri də olur ki, adamları heç ağlada da bilmir, əksinə əsəbləşdirir. Yas mərasimindən çıxan qadınların müzakirələri də ürəkaçan olmur. (yəqin ki, çox eşitmisiniz.) Əgər ölünün sahibi üzünü cırıb, saçlarını da yolmayıbsa onda qəlbindəki ağrının böyüklüyünə heç kəs inanmayacaq. (Çünki dərdimizdən, problemimizdən qışqıra-qışqıra danışmağa adət etmişik, zəif səslə söylədiklərimizə əhəmiyyət verən olmur.) Əzizimizi itirəndə ürəyimiz gedib yıxılmasaq kədərimizi səmimi qəbul etmirlər. Ağı demək qanımıza necə işləyibsə çox zaman bunu bacarmayanlar da başqalarına qoşulub nəsə demək istəyirlər. Bu ölü sahibinə “hörmət” əlaməti sayılır. Yəni o sənin ölənini ağladı, mütləq sən də onun öləni olanda “borcunu” qaytarmalısan. Bu toyda ev sahibinin şəninə tərif deyilməsinə bənzəyir. Bunu şöhrətin eybəcər formalarından biri hesab etmək olar. Daha bir ağrılı məqam da savadsızlığımızın yas mərasimlərində də özünü göstərməsidir. Əzizini ağı deyərək son mənzilə yola salanların arasında bir qız atasının cənazəsinin üstünə yıxılıb belə bir ritorik sual vermişdi: – Ata niyə dinmirsən, yoxsa qış yuxusunamı getmisən? Qış yuxusuna nəyin getdiyini bilməyən adamlar varmış. Elə güman etməyin ki, buna şəbədə edirəm. Qətiyyən! Hamımızın torpağa tapşırdığımız yaxınlarımız var. Buna gülmək insanlıqdan sayılmaz. Ümumiyyətlə, heç nəyə gülə bilmirəm. Gülmək vaxtı deyil. Heç ağlamağın da yeri yoxdur. Düşünmək lazımdır. Bəlkə, elə bir məkan seçək ki, oraya yalnız düşünmək, problemlərimizi çözmək üçün toplaşaq. Gülməyə də, ağlamağa da yerimiz var. Bir az da düşünməyə vaxt ayıraq.