Üzeyir Hacıbəylinin  “O olmasin, bu olsun“ komediyasinda ana dili məsələsi

Ana dilimizin təəssübkeşləri  bütün zamanlarda öz doğma dilə  sevgiləri ilə onu yad ünsürlərdən qorumağa hazır olmuş və cidd-cəhdlə təşəbbüs göstərmişlər.   XX  əsrin əvvəllərində də indi olduğu kimi,dilimizi yad  təsirlərdən qurtarmaq, qoruyub yaşatmaq üçün mübarizə gərək idi. Əslinə qalanda dili korlayıb ona yad ünsürlər qataraq yaman günə qoyanlar da, və ya ondan tam imtina edib başqa dillərdə danışanlar da ziyalılar - intelligentlər idilər. Türkiyə, Rusiya və başqa ölkələrdə təhsil almış bu insanlar sanki ana dilində danışmağa utanır və buna görə də ya tamamilə ondan imtina edirdilər, ya da  başqa təhsil aldıqları ölkələrin dövlət dili ilə “kombinə“ edilmiş şəkildə istifadə edirdilər. Ruscanı rusdan, firəngcəni firəngdən yaxşı bilən“ (C. C.) bu intelligentlər, bu dillərə həqiqətən bələd olub, ana dilində danışmağı üstün tutan və təbliğ edən əsl ziyalıların qələminə hədəf olmuşlar: həm publisistikada, həm də bədii ədəbiyyatda. “Molla Nəsrəddin“in ana dili məsələləri ilə bağlı apardığı mübarizə, Ü.Hacıbəyli, M,Cəlil. S.M.Qənizadə, F. Köçərli və s. kimi söz və qələm sahiblərinin  publisistikadakı qələm şücaətləri barədə çox yazılıb və yenə yazılacaq. Jurnalistika ilə paralel bədii ədəbiyyatda da eyni problem maraqlı  süjet müstəvisində canlı səhnələrlə işıqlandsırılırdı.  . Əsrin əvvəlində tamaşaya qoyulan “O olmasın, bu olsun“  ( 1910- cu il ) komediyasında dövrün tam sosial-ictimai panoramı yaradılıb, Bakı əhalisinin ən müxtəlif zümrələrinə aid olan, ən müxtəlif peşə sahibləri olan insan tipajları, o cümlədən ziyalılarının obrazları yer alıb (oxuculara bu əsərin  ssenari əsasında çəkilən “O olmasın, bu olsun“ filmi daha yaxşı tanışdır). Burada kimləri görmürük: Bakı qoçularını, iranlı-həmşəri hambalları, pulunu qumara qoyub müflisləşmiş bəyləri, pul ilə cavanlığını satın almağın mümkünlüyünə inanan həpənd  baqqalları, gimnaziya tələbələrini, qəzetəçiləri...  Komediyada Ü,Hacıbəyli təkcə on beş yaşlı qızın Məşədiyə verilməsi  problemiini qoymayıb, burada o dövr Bakısının – Azərbaycanının başqa problemlərini də görürük - yoxsulların haqqının tapdanması (hambalın  “bir abbası “ məsələsi), qoçuluğun tüğyan etməsi – zorun həlledici olması, qadın-qız hüquqsuzluğu, savadsızlıq, rüşvətxorluq, dələduzluq, avamlıq... və bir də, ən başılıcası, dil məsələsi. Müəllif   obrazlar qalereyasının hər bir  “nüsxə”sinə  məxsusi nitqi ilə  fərqlənmək və öz zümrəsini, dairəsini təmsil etmək imkanı verir. Bu obrazların bir çoxu sanki öz dillərində danışmağı  özlərinə ar bilirlər. Rza bəy, qəzetəçi Həsən bəy, milliyyərçi Həsənqulu bəy... Məşədi İbadın qonaqlıq səhnəsindəki bəylər özlərini elə aparırlar ki, sanki  hansısa ayrı-ayrı millətlərə mənsub nümayəndələr bir-birini başa salmağa çalışırlar və bacardıqlarından azərbaycanca kəlmələrdən də istifadə edirlər. Dialoqlara və remarkalara diqqət etsək, bunu aydın görə bilərik: “ R z a   b ə y ....Əfəndilər, müsaidənizlə bir gaç kəlmə söz ifadəsinə əşəddü ehtiyacım vardır. (Heç kəs dinməyir). Əfəndilərim, sükut eyliyirsiniz, əcəba, müsaidə vermiyorsinizmi? (Yenə heç kəs dinmir) ...bir də cavab verməyəcək olsanız, bu mübhəm sükutinizi kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Bəkləyürəm, əfəndilərim (Yenə heç kəs dinməyir). Rüstəm bəy, bəndənizi təhqir etmək fikriniz var idisə, nə üçün bunu xanənizdə icra ediyorsunuz, başqa bir yerdə əda etmək qabil dəyildimi? R ü s t ə m  b ə y. Çox sağ ol, çox razıyam. Rz a   b ə y (acıqlı) Canım, siz anlamıyorsınızmı ki, mən nə diyorəm; ya həqarətmi? Oylə isə, mən burda oturmam. ...Canım, ... on dəqiqədir ki, sizdən söz deməyə izn istəyirəm, amma cavabında dinləməyirsiniz..” H ə s ə n q u l u   b ə y  Deməli, sən bizdən izn istəyirmişsən? Əşi, vallah, mən elə bildim ki, sən nitq söyləyirsən, başa düşə bilmədim. O  b i r i l ə r i  Vallah, biz də başa düşmədik. Bunun davamında Məşədi İbadın zərb-məsələ dönmüş cavabı: ”Axı o qədər qəliz danışırsan, bilmək olmur ki, nə deyirsən? Mən özüm “Tarixi-Nadir” kitabını  yarısına qədər oxumuşam. amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin?” Nitqi “osmanlıca“  üzərində qurulan  Rza bəydən sonra danışmağa başlayan  Həsən bəy “ russkoyazıçnıy”dır : H ə s ə n   b ə y. Qaspoda, mənə pazvolit eləyin ...Qaspoda! Platon demişdir ki, çelovek jivotnoe obşestvennoe... Məşhur uçyonıy Darvin də bütün hamıya dokazat eylədi ki, insan meymundan əmələ gəlibdir. Darvinin bu sözü ilə saqlasitsya olmaq üçün gedib Afrikadakı “buşmen“lərə və “kontintot”lara baxmaq lazım deyil. Ancaq dovolno, çto, bizim bu məclisimizdə oturan Məşədi İbada baxmaq lazımdır. Bu sözlərlə mən Məşədi İbadı askarbit eləmək istəmirəm... Mən yenə pavtorit  eləyirəm ki, mənim qəsdim Məşədi İbadı askarbit eyləmək deyildir...” (Bu  arada  avam  hesab  etdiyimiz  Məşədi İbad, heç olmasa,  öz hiddətini bildirməyə cəsarət  tapır  və “Mürtəd oğlu mürtədi yıxıb ağzına-ağzına vurasan...” deyir). Daha sonra Rüstəm bəyin öz qzını hansı məziyyətlərinə görə Məşədi İbada verməsini araşdıraraq  arqument gətirir: H ə s ə n  b ə y....Rüstəm bəy pulagir adam deyildir... Nakones, bəs nəyi ?... Məşədi İbad istinni müsəlmandır...; i tak, Rüstəm bəy öz qızını, mənim mneniyama görə, Məşədi İbadın istinni müsəlman olmağına görə veribdir...” Qonaqlıq bitərkən Həsən bəy xudahafizləşmək istədikdə Məşədi İbadın qəzəbli rəftarı ilə qarşılaşaraq yenə “rusca“ hiddətlənir: “Pazvolte, pazvolte, ya yemu zadam merzavsu!” Sonrakı səhnələrdə  Həsən bəy Məşədi İbadı “Sən keçən səfər məni askarbit eləmişsən, za eto mən  səni suda (məhkəməyə) çəkmişəm“, - deyə Məşədi İbadı hədələyəndə ondan 50 manat aldıqdan sonra: “Eto druqoye delo. Ərizəmi geri alıram“, - deyir. Məşədi İbad isə onu təqlid edərək: “Diriqoy, ya qeyri-diriqoy...” – deyir. Hamam səhnəsində intelligent bəylərin  nitqindən bəzi fraqmentlər: H ə s ə n q u lu   b ə y. Rza bəy prav... No vı, rassujdaete kak burjuy... Yedinstvennaya raznisa bundadır ki...” Daha sonra  intelligentlər arasında dialoq tamamilə  rusca gedir: H ə s ə n  b ə y ..Net, mən kak istinnıy narodnik protestuyu... H ə s ə n q u l u  b ə y. Da ostavte menya v pokoye! H ə s ə n  b ə y. Net ! Ya doljen protestovat! ... H ə s ə n q u l u  b ə y. Da, vı prosto obmanşik i vsyo! H ə s ə n  b ə y.  (bərkdən) Çto? Vı menya oskorblyayete? H ə s ə n q u l u  b ə y  (o da bərkdən) Da oskorblyu! Ara qarışır, Rza, Əsgər, sair qoçular qalxıb, onları aralaşdırmaq istəyirlər. H ə s ə n  b ə y . V takom sluçaye ya uxoju i potrebuyu udovletvorenie za oskorbleniye. (Gedir). Məşədi İbad Rza bəyə rüşvət verib özünün düşdüyü vəziyyəti qəzetində işıqlandırmasını ondan xahiş edərkən: “Bax elə yaz ki, xalq oxuyub Rüstəm bəyə zad eləsin, - deyir, - adı nədir? Siz ona nə deyirsiniz?” O, cavabında: “İzhari-niifrət“ - deyir. “-Hə, hə! İzhari-nifrət!“ Bu  məqamda  o dövrün bir çox mətbu orqanlarının dil problemi incə nüansla verilir - publisistikanın dili xalq tərəfindən anlaşılan, aydın xalq dilinə yaxın   olmalı olduğu halda, başa düşülməyən ifadələrlə doludur. Diqqət etsək, görərik ki, xalqın dilini alınma söz və ifadələrlə yükləyən, öz nitqlərində osmanlı ləhcəsini, ərəb-fars ifadə-ibarələrini, rus-fransız və sair Avropa dillərinin dil materialını gen- bol işlədənlər, dilin saflığını korlayanlar elə onu qorumalı olan ziyalılar - intelligentlərdir. Sadə insanlar isə daha çox təmiz ana dilində danışır, onların içindən çıxan bəziləri isə onları bir növ imitasiya edərək – ziyalı kimi görünmək istəyərək bu cür danışır, bunu mədənilik sayır. Müflisləşmiş zadəgan olan Rüstəm bəyin nitqində biz kənar ünsürlərə - bu cür “mədəniləşmə, intelligentləşmə“ cəhdlərinə təsadüf etmirik: adi qaydada da, xoşluqla danışdıqda da, kükrəyib- coşanda da saf dildə danışır, hətta  qəzəblənib Sənəmin üzərinə getdikdə belə, bir- iki vulqar söz işlətsə də, ana dili hüdudlarından kənara çıxmır: alınma sözlər belə, dilimizdə oturuşmuş olduğu üçün onun nitqində  “xaric” səslənmir. Onun Gülnazla musiqili dueti və duetin davamı olan dialoqu isə ata-övlad səmimiyyəti nümunəsi olacaq bir epizod olmaqla yanaşı, dil baxımından da gözəl danışıq örnəyidir. Gülnazın, Sərvərin, Sənəmin nitqi də ana dilimizin şirinliyini, zərifliyini, ətrini çox  təbiiliklə vurğulayır. Sərvərin nitqində işlənən “student“ sözü, həmçinin  “intelligent “ sözü isə müəllif nitqində də vardır, bunlar varvarizm deyil, sadəcə dilimizin o dövrkü lüğət fonduna daxil olmuş sözlərdən idi. Məşədi  İbadın nitqi də  ana dili hüdudlarından bir elə  kənara çıxmır, hərçənd ki bir məqamda “şarlatan“,  “abrazovonnı“  kimi kəlmələr işlədir. Gülnazla görüşdən qabaq papağını necə qoyacağını güzgü qarşısında məşq edən baqqalın ən sonda ağlına gələn bu olur ki, başıaçıq otursun: qızın onu intelligentlərə bənzədəcəyini ehtimal edərək bununla fəxr edir: “Hamısından yaxşısı budur ki, başıaçıq oturram, onda qızın xoşuna gələr, elə bilər ki, abrazavannıyam“. (Əslində Məşədinin məramı pis deyildi. Hər halda o, məlum epizoddan göründüyü kimi, qoçulara,  qumarbazlara, lotulara ... hətta “pambıq bəylərinə“ bənzəməsini qəbul edə bilmir,  ziyalıya, təhsilli adama oxşamasını istəyir. Bu insanın malı, mülkü, pulu var,  ancaq ziyalılığı yoxdur və bunu özünə problem hesab edir).  “Doğrudan da, mən bir qədər abrazavannıyam. Çünki uruslar mənimlə çox alış – veriş ediblər və mən onlardan urus dilini də yaxşı öyrənmişəm. Məsələn: işto xatu, bajaluska, funt vosim qəpik, menşi nelza, nelza... Aha, qız gəlir; indi gərək mən seryoznıski oturam...”. Məşədi İbad bunları öz-özünə söyləsə də və həmin ifadələr, çox güman ki,”urus” müştərilərlə alver edərkən karına gəlsə də, insafən, başqaları ilə mükaliməsində - nə Gülnaz və Sənəmlə, nə Rüstəm bəylə, nə bəylərlə, intelligentərlə danışıq zamanı bu kəlmələrdən istifadə etmir. Hətta qonaqlıq səhnəsində öz təmiz ana dilində deyil,  türkcə danışan Rza bəyə də özünəməxsus tərzdə irad tutur: “Axı, o qədər qəliz danışırsan ki, bilmək olmur ki, nə deyirsən. Mən özüm “Tarixi-Nadir” kitabını yarısına qədər oxumuşam, amma sənin dilini anlamıram, bu bisavadlar neyləsin?“ Deməli, özünün təhsilinin olmamasından narahat olan, bunu özünə  “kompleks“ hesab edən Məşədi İbad heç məclisdəkiləri də  “abrazovannı“ hesab etnmir, deməli, o “abrazovannı”lara oxşamaq istədikdə də belələrini nəzərdə tutmur, əsl  ziyalıya, təhsilli, xalqının mənəvi dəyərlərinə, dilinə sadiq, mədəni insanlara bənzəmək istəyirmiş,  öz ana dilində  mükəmməl danışmayan, nitqini osmanlı, ərəb-fars kəlmələri ilə “bəzəyən“, rus-Avropa dillərinin məhsulları ilə “yükləyən“, məclisdə özünü aparmağı bacarmayan, hərisliklə yeyib sərxoşluq edən, danışığını bilməyən, bayağı sözləri ilə  məclisdəkiləri təhqir edən, lap sonda isə savaşa çıxan  inteligentlərə yox. Buna görə də Məşədi İbadın onları bisavad adlandırması, sırf dil  faktoruna görə nəzərdə tutulmuşdusa da, yerinə düşür. Bu komediyada dil məsələsi, ana dili problemi başqa epizodlarda da özünü qabarıq göstərməkdədir, ancaq ən səciyyəvi olan nümunələri diqqət mərkəzinə çəkdik. Ümumilkdə isə Ü. Hacıbəylinin ana dili probleminə toxunduğu müxtəlif janrlı əsərlər içərisində ədibin oxucunu, tamaşaçını  bu problemin aktual həllinə yönləndirməsi çox təqdirəlayiq örnəkdir. Gültəkin AĞALI