28 May Respublika Gününə həsr edilmiş videokonfrans keçirilib

Mayın 28-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr edilmiş videokonfrans keçirilib. Konfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin əməkdaşları, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran, Astara və Lerik rayonları üzrə bir neçə məscidin dini icma sədri və imamlar iştirak edib. Çıxışlar zamanı bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə demək olar ki, bütün sahələrdə uğurlar əldə edilmiş, müstəqilliyimiz rəsmi olaraq tanınmış və  müxtəlif ölkələrlə diplomatik əlaqələr qurulmuşdur. 1918-1920-ci illərdə mövcud olan dövlət-din münasibətləri barədə iştirakçılar məlumatlandırılaraq qeyd edilib ki, bugünki müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir.