Mənim statuslarım

Müasir zamanda aforizmlər yerini “ağıllı” statuslara verib. Feysbukdakı layklara adət etdiyimdən həyatda fikrimi bəyənən adamlar gözümə elə bu söz kimi görünürlər. Adət piş şey imiş. Hətta qəzetdə məqalə oxuyub bəyənəndə də aşağıda “bəyən” düyməsi axtarıram ki, münasibət bildirim. Bir müasir nağıl uydurmuşam: – “Açıl, kompüterim, açıl. Uzaqda yaşayan əzizimi mənə yetir”. Bu vaxt skayp açılır və arzuladığım adam mənimlə üzbəüz olur. Elmin “sehrinə” bax! Qədim zamanlardan bəri insanlar arasında hər hansı bir əlamətinə görə ləqəb qazananlar çox olub. Bunların arasında yaxşıları da olub pisləri də. Mənə elə gəlir ki, bu dövrdə də texnikanın inkişafı ilə əlaqədar yeni  ləqəblər yaranacaq. Məsələn, bütün günü işini-gücünü buraxıb  ququlda axtarış edən birinə “Ququl Əli”, hər addım atanda özçəkim edib İnstaqramda paylaşana “ İnstaqram Aysel”, bir gündə on dənə mənasız statuslar yazan birinə də “Status Filankəs” deyiləcək. Yaxşı ləqəb qazanmaq üçün gərək yaxşı əlamətinlə ad çıxarasan. Məsələn, “Qanun Filankəs”  “Vicdan Filankəs” və s. Əvvəlki nənələrdən əfsanələr, rəvayətlər eşidirdik, müasir nənələrdənsə nəvələri seriala baxmağı öyrənirlər. Ədalətsiz insanlar ədalətli olmağın vacibliyini, gözəlliyini bilsə də ədalətsizlik edib də bunu hər vasitə ilə gizlətməyə çalışaraq özünü ədalətli göstərənlərdən xeyli yaxşıdırlar. (Uzun oldu, deyəsən.) Bir insanın üç tərəfi var; özü olduğu kimi, saxta tərəfi, bir də ətrafındakıların onu olmağa məcbur etdiyi məqamları. Paxıllıq hissi insanla bərabər doğulsa da intiqam hissi sonradan yaranır. Onu insanlarda ədalətsiz davranışlarla oyadırlar. Başqalarının özünüzdən ağıllı olmağını arzu edin. Çünki onlar özləri istifadə etməyəcək və o ağlı sənə öyrədəcəklər. Yaltaq qohumdansa paxıl qonşu yaxşıdır. Birinə aldanıb məhv olursan, biri isə səni həmişə ehtiyatlı olmağa məcbur edir. Xoşbəxtliklə bədbəxtlik yanaşı otaq kimidir – birindən digərinə keçmək çox asandır. Roskolnikov haqlıdır – vicdanın cəzası daha ağırdır. Əgər vicdan varsa. Soyadını dəyişib xoşbəxt olan bədbəxtlər. (Hər anlamda.) “Ver mənim eşqimi”... Eşqi necə qaytarırlar bilən varsa desin borcumuzu ödəyək. Dünyanın hər dərdi var. Ağacların qar dərdi var –  yağır budaqlarını əyir, geyimini soyundurur. Sevənlərin yar dərdi var – peşman oluncaya qədər axtarır. İnsanların var dərdi var –  ölüncə sərvət toplayır. Uşaqları ovundurmaq üçün oyuncaqdan tutmuş insanları məhv etmək üçün düşünülmüş silahacan hər şeyi düzəldə bilirik. Bircə xoşbəxtlik düzəldə bilmirik. Çünki bunu bizə başqasının verməli olduğunu düşünürük. Amma istəsək ən xırda hisslərdən də özümüzə xoşbəxtlik düzəldə bilərik. Uşaq vaxtı eşitdik ki, Çində ikinci övladı olanları cərimələyirlər, on bir övlad sahibi olan nənəm gözümə cinayətkar kimi göründü. – Qocalar niyə səhər tezdən oyanırlar? – Bir-iki saat da çox yaşayıb, işıqlı dünyanı seyr etsinlər deyə. Qocaların gözündə köhnəlmiş dünya gənclərin nəzərində “vaxtına hələ var”. Könülləri şad olsun deyə gecikmədən, itirəndən sonra təəssüflənməməyimçün yaxşı insanların haqqında indi yazıram. O yazılar avtobuslarda, parklarda dizlərimin üstündə, qonaqlıqlarda qınayıcı baxışların "müşayiəti" ilə yazılır. Yazarkən çəkilən şəkillərim təbii ki, təbii insanlara təbii görünəcək. Şübhələnənlər özləri bilərlər. “Ölüm haqdır” deyirik, amma heç kəs haqqa qovuşmaq istəmir. Bəzən adam yaşadığını görməmək üçün günlərlə yatmaq istəyir. Deyir indiki ölülər vəsiyyət eləmir. Ağaclar doğulandan ölənəcən insanlara xidmət edir. Oksigenindən başlamış kağıza qədər istifadə etdiyimiz bu canlıdan heç öləndə də əl çəkmirik. İlk dəfə beşik kimi üstünə uzandığımız ağaca son dəfə tabut olaraq “yerləşdirilirik” Hər cür- meyvəli də, meyvəsiz də sevdiyim ağacları bircə tabut şəklində sevmirəm. Əl-üzünü səhət tezdən işdə müdirin tüpürcəyi ilə yuyanlar, görəsən, evdəkilərin üstünə qışqıranda xəcalət çəkirmi? Amma yox insafsızlıq etdim yazıq elə evdəkilərin xətrinə əl-üzünü bu şəkildə yuyur. Gədəbəyin bölgələrindən birində mənasız və yersiz söz danışanlara “tav” deyirlər. Bu tavtologiya termini ilə bağlı olmasın? Avtobus gec gəldiyi üçün sərnişin qadın sürücüyə acıqlandı. Sürücü bir neçə dəfə “probka idi gəlmək mümkün deyildi” desə də qadın öz səsindən eşitmədi. Sürücü axırda qışqırdı: – Ay xanım, – dedi, – Azərbaycanca başa düşmürsünüz? Dedim ki, probka idi. Ana dilimizdən seçə bilmədiyimiz gözəl rus dili! Niyaməddin Musayevin son vaxtlar oxuduğu “İncimə” mahnısı ovqatı yüksəltmək üçün yaxşı mahnıdır, amma... 1) şair təbiətin "əvvəllər özünü qayda-qanuna uyğun apardığı illərindən" söhbət açır, neçə illərdir iqlimin dəyişdiyinin, qışda qar yağmadığının "üstünə gəlmir"; 2) təbii prosesləri dastan qoşurmuş kimi rəvayət hesab edib sevgiyə bağlayır, ən əsas da neçə illərdir çeynənən mənasız, şablon ifadələrə təzədən "həyat verdiyini" düşünür. "Bahar gələndə çiçəklər açar" Bu misra şeirə, nəğməyə yenimi gəlib? Və yaxud burda qeyri-adi nə var? "Korifeylərə sataşmaqla", Niyaməddin Musayevi (şeirin müəllifinin kim olduğunu bilmirəm) qalmaqala sürükləməklə reklam olunmaq istəyirəm. Nədənsə və yaxud kimdənsə narazı qalanda üz tutub şikayətlənəcəyimiz bir qurum, bir rəsmi orqan var.  Gedirik ya sakitcə dərdimizi anladırıq, ya da hay-küy salıb məcburən problemimizi həll elətdiririk. Bircə bəxtimizdən şikayət etməyə yerimiz yoxdur. Elə bir müəssisə olsaydı orda heç “Asan xidmət”də təşkil etmək işimizə yaramazdı. Atların çoxluğunu ilxı, qoyununkunu sürü, dəvəninkini karvan adlandırırlar. Bəs maşınların çoxlu düzülüşünə nə deyirlər? (Tıxac deməyin, bu maşınların depressiya halıdır.) Qarpız qədər adamın ümidlərini alt-üst edib depressiyaya salan heç bir meyvə, giləmeyvə, tərəvəz və s. yoxdur. Həvəslə alıb gətirirsən, kəsəndə həyatdan necə küsürsənsə həmin yayı risk edib bir də qarpız ala bilmirsən. Onu elə-belə bitki saymayın ha, lətifəsi uzaqlara gedib çıxır. Qız anaları kürəkəni, oğul anaları da gəlini kəsilməmiş qarpız hesab edir. Hələ qarpızdan zəhərlənmə lap pis olur.