Peşəm

("Arxivdən") Onu Şumerlər yaradıb bəşəriyyətə miras qoydu. Gil lövhələrlə başlayıb papirus, perqament, kimi formalarla inkişaf edərək kitab oldu. Saxlanması, qorunub gələcək nəsillərə ötürülməsi üçün “xanası”nı – evini də yaratdılar. İndi ona kitabxana deyirik. Bizdə də kitabxana işinin tarixi qədim dövrlərdən başlayır. (Saray, məscid, mədrəsə, xüsusi elmi və şəxsi kitabxanalr.) Nəsrəddin Tusinin rəhbərliyi ilə Marağa rəsədxanası, onun yanında kitabxananın yaranmasını, 1522-ci ildə Şah İsmayıl Xətainin kitabxana işinə dair dövlət fərmanı imzalamasını bir xalq kimi xoşbəxtliyimiz hesab edə bilərik. Kitabxanaçılıq fikirləri Şumerlərə məxsus olsa da sonrakı əsrlərdə bu peşə müxtəlif xalqlar tərəfindən yaşadılmış, zaman-zaman inkişaf etdirilmişdir. Aşşurbanipalın kitab sevgisinin nəticəsi olaraq Kallimaxın 20 il bu vəzifəni yerinə yetirməsi də  ümumbəşər fəaliyyətdir. Bu tərəfdən tale bizim də üzümüzə gülüb. Kəmaləddin Bəhzadın kitabxana sahəsində gördüyü işlər də bugünkü inkişafımızın rüşeymləridir. Zaman keçdikcə (on doqquzuncu əsrin birinci yarısında) ölkəmizdə kitabxana işi məktəb və mədrəsələrlə bağlı olmuşdur. XIX əsrin ikinci yarısında isə Bakı şəhəri ilə yanaşı digər regionlarda da kitabxanalar açılır. Əsrin axırlarında isə daha mühüm hadisə baş verir – Nəriman Nərimanov 1894-cü ildə ilk ümumi açıq milli Azərbaycan kitabxana-qiraətxanasının əsasını qoyur. ( təəssüf ki, dörd il sonra həmin kitabxana-qiraətxana çar hökuməti tərəfindən bağlanır) Həmin dövrlərdə  ziyalıların çoxunun şəxsi kitabxanası mövcud idi. Sovet hakimiyyətinin ilk illərindən yeni kitabxanalar yaranmağa başlayır. 1920-ci ildə ilk kitabxanaçılıq kursları, 1923-cü ildə isə Milli kitabxana açılır. Bakı Kitabxanaçılıq Texnikumunun yaranması da 1938-39-cu illərdə görülən işlərin sırasında yer alır.  1947-1948-ci ildə isə Azərbaycan hökuməti Bakı Dövlət Universitetinin filologiya fakültəsinin yanında kitabxanaçılıq şöbəsinin yaradılması haqqında göstəriş verir. Beləliklə kitabxanaçılıq peşəsinin elm kimi tədrisində yeniliklər baş verməyə başlayır. Kitabxanaşünasların bildikləri bu məlumatlar yəqin ki, başqa sahənin adamlarına, kitabxanaçılıq peşəsinə adi peşə kimi baxanlara da maraqlı oldu. Əgər kitabxanaçının işinin təkcə “kitab verib, kitab almaqdan” ibarət olmadığını öyrənsək digər peşələr kimi bunu da hər kəs sevəcək, seçəcəyi peşələr sırasına qatacaq. Əvvəllər arzulamadığım, indi sevdiyim bir peşə – kitabxanaçılıq haqqında yazmağı düşünəndə ağlıma ilk gələn “Bu yazının mahiyyəti nədən ibarətdir?” sualının verilməməsi üçün elə giriş hissədəcə məqsədimi aydın şəkildə bildirmək fikri oldu. İlk növbədə kitabxanaçılıq peşəsini məktəb illərində adi peşə sandığımın “xəcalətindən” çıxmaq, (bununla sanki Kitabxanaşünaslıq elmindən rəsmən üzr istədiyimi düşünürəm) bir də onun gözəlliklərindən bəhs edib, maraqlı tərəflərini insanlara çatdırmaq niyyətim bu yazını yazmaq üçün başlıca səbəb oldu. Kitabxanaçılıq peşəsini təbliğ etmək, adi bir iş sayılmamalıdır.  Kitabxanaşünaslarımızın işlərinə qarışmaq fikrində deyiləm. Mən bu peşənin bədii gözəlliklərindən yazıram. Məqsədimi açıqlayandan sonra əvvəldə işlətdiyim bir cümlənin  –  “əvvəllər arzulamadığım” fikrimin  izahına başlayıram. Bütün uşaqların böyüyəndə hər hansı bir peşənin sahibi olması arzusu onları gələcəyə daha da həvəsləndirir. Amma  çoxu böyüyəndə bu və digər səbəbdən istədiyi peşəyə yiyələnə bilmir. Elə məni kimi. Məktəbdə oxuyarkən jurnalist olmaq üçün ciddi-cəhdlə çalışırdım. İnanırdım ki, mütləq bu arzuma çatacam. Yazmaq istedadım, natiqlik qabiliyyətim məni arxayın salmışdı, lakin qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyə bilmədiyimdən arzuma çatmadım. Sonralarsa xəyallarımda yer ayırmadığım  illər ömrümü zəbt edərək hər şeyi dəyişdi. Yazmaq, xüsusilə də, radioda işləmək arzusunda olsam da əmək fəaliyyətimə kitabxanaçı kimi başladım. Əvvəlcə bir qədər yaxın keçmişdən bəhs edim. Şagird ikən kitabxananın ən fəal oxucusu biz idik  – bacım, qardaşım və mən. Məktəb kitabxanasından  o qədər kitab götürürdük ki, cansız rəflər də bizə kitablar qədər doğmalaşmışdı. Bəzən mənə elə gəlirdi ki, üst-başı çirkli uşaqlar kimi kitablar da toz-torpaqlı görkəmləri ilə yazıq-yazıq  bizə baxır. Həmin vaxt onların “məni götür” kəlməsini söylədiklərini də güman edirdim. Eləsi olurdu ki, tozdan sərlövhə və müəllifin adı görünmürdü. Kitab qoxusu bizə o qədər xoş gəlirdi ki, mütaliəyə həvəsimiz daha da güclənirdi. Amma bu həvəsim məni gələcəkdə kitabxanaçı olacağımdan “şübhələndirmirdi”. Əksinə passiv kitabxanaçımız məni bu peşədən soyudurdu. Qapını həvəssiz açır, mütaliəmizə də istiqamət vermirdi. Hansı kitab olur-olsun özümüz seçib götürürdük. Buna görə də kitabxanaçının yalnız  kitabxananın qapısını açıb-bağlayan şəxs olduğunu düşünürdüm.  Neynəyim gördüyüm beləsi idi. Ona görə də “böyüyəndə kitabxanaçı olacam” deyə ağlımdan bir şey keçmirdi. Həmin illər ölkənin iqtisadi və sosial baxımdan böhran içində olduğu dövrlər idi. Qarabağ uğrunda gedən döyüşlər, xüsusilə də, Xocalıdakı hadisələr böyüklərlə bərabər bizi də sarsıtmışdı. Odur ki, əyləncə bizdən uzaq idi. Məşğuliyyətimiz kitab oxumaq idi. Sanki bununla düşmənə qalib gəlməyin yollarını axtarırdıq. “Bir qalanın sirri” filmi və anamın təbliğatı faydasını göstərmişdi. Məktəb kitabxanasından başqa evimizə yaxın  ərazidə tarix müəllimimizin kitabxanası da vardı. Bu balaca kitabxana bizə  gözəl bir aləm kimi görünürdü. Özümüzü burada çox rahat hiss edirdik. Bir gün bacım yeni bir kitabxana “kəşf etdi” Sevincimizdən nə edəcəyimizi bilmirdik. Özümüzü Ameriqo Vespuççi sanır, tapıntımızdan qürurlanırdıq. O zaman fərqinə varmadığım bir məqam indi məni çox düşündürür. “Kəşf  etdiyimiz” kitabxananı sürücü işlədirdi. Deyilənə görə, məktəb vaxtı əlaçı imiş, amma ali təhsil ala bilməyib. Yalnız mütaliə ilə maraqlandığımdan sürücünün bu keyfiyyətinin fərqinə varmamışdım.  Bu günsə ona vaxtında etmədiyim təşəkkür üçün xəcalət çəkirəm. Dünyasını dəyişməsəydi məmnuniyyətlə səhvimi düzəldərdim.  Təəssüf ki, xidmətinin dəyərini heç kəs ona vermədi. İlk mütaliə etdiyim kitab İ.Əfəndiyevin “Üç roman” kitabı olmuşdu. Onu bacımla evimizdəki kitab rəfindən tapmışdıq. “Üç roman”ın nə demək olduğunu kitabı oxuyub bitirəndən sonra anladıq. (Kitabların adları da böyük önəm daşıyır.) Bunun ardınca müəllifin “Sarıköynək və Valehin nağılı” əsərini oxuduq. Beləliklə, mütaliəsevərlər olduq. Anam bundan məmnun qalsa da bəzən oxuduğumuz kitablara nəzarət edir, eləsi olurdu ki, onu oxumağı məsləhət görmürdü. Bir gün məktəb kitabxanasından M.İbrahimovun  “Pərvanə” romanını alıb gətirdim. Kitabxanaçının öhdəsinə düşən tövsiyələri anam etdiyindən kitabı bizim oxumağımızın  tez olduğunu söylədi. Təxminən dördüncü, ya da beşinci sinifdə oxuyurdum. Doğrudan da, bu yanlış seçim idi. Əsəri anamdan gizli oxudum. Dedikləri özünü doğrultdu. Romanın siyasi tərəflərindən heç nə anlamamışdım.  Əsər necə ağır təsir bağışlamışdısa  indi də o romanı təzədən oxuya bilmirəm. “Böyüklər çox bilirmişlər”. O.Kamalın “Yad qızı” əsərini də gizli oxumuşdum. Səhərəcən ağlamışdım. Yavaş-yavaş əzablarla tanış olurdum. Bir vaxt hiss etdim ki, məni prozadan çox  (onda nəsr deyirdik) poeziya ovsunlayır. (şeiri oxumağı, nəsri isə yazmağı sevirəm) Evə gətirdiyim şeir kitablarını elə həmin gecə yatmadan oxuyub sabah qaytarırdım. Poeziyada doğmalıq hiss edirdim. Günlər nə vaxt keçdisə xəbərim olmadı. Həmişə yeni insanlarla ünsiyyətə can atmağım tez-tez yeni obrazlarla tanış olmağımdan qaynaqlanır. (Ailəmizdə də hər kəs bu xüsusiyyətə malikdir. Həmişə yeni-yeni insanlarla tanış olur, köhnə dostlara da sədaqətimizi qoruyuruq.) Bir gün cəsarətimi toplayıb yazdığım bəsit hekayələrimi üzə çıxartdım. Gələcəkdə kitablarımın kitabxanalarda rəflərdə olacağını arzulamağa başladım. Gözümün qabağında dayanan kitabxanaçının gələcəkdə kolleqası olacağımdan xəbərsizcə görkəmli yazıçı olacağımı düşünürdüm. Kitabxanaşünaslıq elmindən xəbərsiz olan kitabxanaçımız mənə heç cür öz peşəsini sevdirmək marağında deyildi. Amma günlərin bir günü uzun illərin çətinliklərindən sonra bu peşənin elminə yiyələndim. Kitabxanaçının aşılamadığı marağı məndə elmi kitablar oyatdı. Kitablara olan sevgimdən onlara himayədarlıq etməyə qərar verdim. Bu peşəyə yiyələnmək, təbliğ etmək lazımdır ki, böyüyəndə həkim və yaxud müəllimə olacam deyən uşaqların sıralarına kitabxanaçı olacam deyənlər də qoşulsun. Kitabxanaşünaslıq elmini öyrənərkən dərindən çalışmağıma və həvəsimin böyük olmasına görə  müəllimim belə söyləmişdir: – Hər peşəni məşhur bir peşəkara görə tanıyıb sevirlər. İnanıram ki, kitabxanaçı deyə də səni sevəcək, sənə bənzəməyə çalışacaqlar. Boynuma qoyulmuş məsuliiyət məni bu ehtimalı doğrultmağa sövq edir. Əgər müəllim  belə bir peşənin təbliğini mənə etibar edibsə, onun yanılmadığını sübut etməliyəm. İşlədiyim kitabxanaya yalnız iş yeri kimi yanaşmıram. Peşəni sevdiyimdən, yeni mövzularda maraqlı tədbirlər hazırlayıram. Hər tədbirdə də məktəblilərə, eləcə də digər yaş qrupundan olan oxuculara  yeni ideyalar ötürürəm, hətta oxucularla Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin radiosunun “Məktəblilər” və “Uğur” verilişlərində də iştirak edirik. Rus kitabxanaşünası N.A.Rubakinin  “Kitablar arasında” əsərinin adını feysbukda yaratdığım səhifəyə verərək mütaliəni təbliğ edən şəkillər, videolar və digər maraqlı məlumatları dostlarımla bölüşürəm. (Kitabxananın rəsmi saytı da fəaliyyət göstərir.) Səhərlər kitabxananın qapısını açıb oxucuları kitablarla qovuşdurmaq mənə xoş təsir bağışlayır. Kitabların sayı qədər həmsöhbətim olduğunu düşünürəm və səhərlər evindən çıxıb könülsüz halda işə gedən hər kəsə deyirəm: – Peşənizi özünüz sevməsəniz heç kəsə sevdirə bilməz, işinizə ürəkdən yanaşmasanız cəmiyyətə zərər vurarsınız. Kitabların taleyi sizə tapşırılıb. Onu insanların xeyirinə yönləndirmək isə şəxsi keyfiyyətinizə bağlıdır.