Bəlalı dil haqqında qeydlər...

 Qaspıralının, Əli həy Hüseynzadənin ümumtürk ədəbi dili konsepsiyası vaxtında bu işin əsasnaməsi kimi qəbul edilirdi. Amma indi dünyanın siyasi, ictimai və mədəni mənzərəsi dəyişib... Ortaq türk dili ideyası həmişə siyasət kimi ortaya atılıb. Bu gün də elədir... O zamanlar Ə.Hüseynzadə Türkiyədə üzv olduğu “İttihadi-Tərəqqi” cəmiyyətinin tapşırığı ilə (1903) Bakıya gəlib həmin tezisləri reallaşdırma siyasəti yürüdürdü. Ortaq türkçə ideyasının əsl mahiyyəti “Osmanlıca” hədəfi idi. Bu işin praktik icraçısı da ilk növbədə Ə.Hüseynzadə olmuşdu. Həmin cəmiyyətin Qafqaz siyasəti həm də dillə bağlı idi. “Həyat” qəzeti isə əsas maarifləndirici vasitə idi. Bu ideyanın əleyhdarları içərisində Azərbaycançılıq düşüncəsini əsas götürənlər (“Mollanəsrəddinçilər” və b.) xalq danışıq dili əsasında ədəbi-mədəni, anlaşıqlı və daha doğma, işlək, praktik dil materiallarını əsas götürməyi şərt kimi qoyurdu. Və bu məqamda yollar ayrılırdı. F.Köçərlinin bu fikrini isə çox sevirəm: “Kaş o alicənab (Ə.Hüseynzadə - İ.M.) İstanbulda oturub bizim bu şümbəxt Qafqaza gəlməyəydi...”. Ə.Hüseynzadənin Bakıdan birdəfəlik getməsi məsələsi də qəliz və əməllicə araşdırma tələb edən sualdır... Ziyalıların böyük əksəriyyəti (xüsusən Azərbaycanda) “türkçü” olduğu üçün yox edildi. SSRİ Elmlər Akademiyasının böyük alimlərindən bir çoxu da bu “suç” üstündə məhv oldu. “Aleksandr Nikoloyeviç nədən yox edildi? (A.N.Samoyloviç 1937-ci ilin iyul ayında Kislovodska gedir və orada yoxa çıxır - İ.M). Bununla bağlı ancaq ehtimallar edə bilərik. Adları sadalanan F.İ.Şerbatski və P.K.Kokovtsovun əksinə iqtidara qarşı müxalif mövqe nümayiş etdirməzdi. A.N.Samoyloviç iqtidara həddindən artıq bağlı olmaqla seçilib, hətta N.Y.Marrın nəzəriyyəsini mənimsəməyə çalışıb. O, hər hansı müxalif partiyalardan birinə aid olmamışdı. Akademik dairələrdə yayılan onun əsilzadələrdən (dvoryan) və “Ukrayna hetmanı” olmasının həbs səbəbi kimi göstərilən dedi-qodu xəbərləri cinayət qovluğunun sənədlərində sübut olunmur. Üstəlik, akademiklər arasında “dvoryan” əsilli çox sayda adam vardı. Bu məsələdə hər hansı bir “Ukrayna millətçiliyi”ndən də bəhs edilməsi mümkün deyil. Həqiqətə daha uyğun olanı “türk izi” ola bilərdi. A.N.Samoyloviçin türk elm adamlarıyla sıx əlaqələri vardı və Türkiyədə tanınırdı. Onun cinayət qovluğunda bu məsələ yer almış olsa da, önəmli qismini əhatə etmirdi. Digər tərəfdən, M.K.Atatürkün vəfatına qədər (1938) Sovet-Türk əlaqələri olduqca sağlam idi”. (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov. “Məhv edilmiş türkoloqlar”). Rus türkoloqlarına da “casus” damğası vurulurdu. Məhkəmə qovluqlarunda SSRİ Elmlər akademiyasının Şərqşünaslıq İnstitunun müdiri A.N.Samoyloviç və başqa türkçü alimləri “Yapon casusu” kimi də günahlandıran izahatlar və diğər sənədlər yer alır. Samoyloviç Peterburqda Şərq Dilləri Fakültəsində oxuyarkən yaponiyalı tələbə Ueda ilə tanış olmuşdu. Bu xırda detal ittihamı böyütmək üçün fürsət yaradırdı. Azərbaycan alimləri, yazarlarına isə “İran casusu”, “Türkiyə casusu” damğası vurulurdu. Hətta inqilabdan çox-çox əvvəl Türkiyədə, İranda təhsil alanlar, həmin ölkələrin ictimai-siyasi, sosial-mədəni mühiti ilə tanış olanlar belə şübhəli şəxs qismində rahatca güllələnə bilirdi... Bu gün və sabah kimsən, hansı əqidəyə, məsləkə qulluq edirsən, fərqi yoxdur. Dünənin, keçmiş - hələ 1917-ci il inqilabının havasının belə duyulmadığı zamanların sorğuları çeşidlənir,  cildlənirdi.  Çin və Yaponiya üzrə mütəxəssis A.N.Voznesenski (1881-1937) çar dövrünün diplomatı olmuşdu. 1917-ci ildə inqilabın tərəfinə keçmiş, 1917-1918-ci illərdə Xarici İşlər Komissarlığında türkoloq alim E.D.Polivonovla birlikdə işləmişdi. Daha sonra diplomatik fəaliyyətdən uzaqlaşmış və  1937-ci ildə güllələnmişdi. Şərqşünas alim Samoyloviçin öldürülməsini isə “Məhv edilmiş türkoloqlar” kitabının müəllifləri və tədqiqatçılar  (Aşnin, Alpotov, Nasilov) belə izah edirlər ki, Voznesenski və Bremman həbs olunanda işgəncə zamanı bir çox adlar sadalayır və Samoyloviçin də adı Yaponiya tərəfdarı kimi hallanır. Ya da sadəcə hər ikisinin tanışı olan Samoyloviç adları əvvəlcədən ölüm siyahısına salınan bu adamlarla tanış olduğu və türkoloq olduğu üçün sıradan çıxmalıymış... Bununla məsələ bitmirdi, bir-birini ələ vermək, bir-birini satmaq zəncirvari üsulla uzanıb artırdı. Samoyloviçin adını çəkmiş, onu ələ vermişdilər. Samoyloviçin özünün verdiyi ifadələrdə isə başqa 3 nəfər cinayətkar kimi qeyd olunurdu. 1. Tatar türkoloqu V.Ə.Zabirov. (Samoyloviçin tələbəsi olmuşdu) 2. Moskva Şərqşünaslıq İnstitunun sabiq müdiri, qazax əsilli S.C.İsfəndiyarov. 3. P.İ.Vorobyov. Alimləri hətta illərlə apardığı tədqiqatlarından imtinaya məcbur edirdilər. Eston əsilli, 1923-cü ildən Bakıda fəaliyyət göstərən, Azərbaycan Universitetində, SSRİ Elmlər Akademiyasının Azərbaycan bölməsinin Dil və Ədəbiyyat İnstitunun müdiri vəzifəsində (1935-1937) çalışmış, Oktyabr inqilabından əvvəl və sonra dəfələrlə siyasi baxışlarını dəyişmiş, ictimai görüşləri və  fəaliyyəti üzdə olan professor Artur Rudolfoviç Zifeld xeyli dil bilirdi. Yoldaşlarının da dediyi kimi, “pantürkist” olmasa da, türk heyranı idi (hətta  qızının adını “Uraltay” qoymuşdu Ural-Altay...). Azərbaycanı öyrənmə cəmiyyətində xidmətləri vardı. Türk dilləri üzrə mütəxəssis olan bu adam hələ XX əsrin əvvəllərində türklərin şumerlərlə əlaqəsini əsaslandıran araşdırmalar aparmışdı (həmin araşdırması türk alimi Y.Akçura tərəfindən “Türk yurdu” jurnalında yayımlanmışdı). Həbs olunandan sonra “əksinqilabçı” kimi fəaliyyəti boynuna qoyulmuşdu. Və o artıq həyatda olmayan B.Çobanzadə, V.Xuluflu, G.Qubaydullin, H.Zeynallı və başqalarını özü ilə eyni əqidə sahibi, əksinqilabi əməkdaşlıq mənasında əlbir fəaliyyət göstərən adam kimi təqdim etmiş, necə deyərlər, onları gec də olsa “ələ vermişdi”. Həmin adamlar da (B.Çobanzadə, V.Xuluflu, G.Qubaydullin, H.Zeynallı) öz izahatlarında Zifeldi “satmışdılar”... Belə məlum olur ki, repressiya illərinin məhkəmə salonlarında ən çox işlədilən ifadələr bunlar olub: “əksinqilabçı”, “pantürkist”, “panislamist”, “müsavatçı”, “köhnə müsavatçı”, “xarici düşmənlərə işləyən agent” və s. Məhkumların izahatları isə bu sözlərlə dolu idi: “yuvarlandım”, “etiraf edirəm”, “təhrik edildim”, “peşmanam”... Əfv ərizələri yazdırırdılar,  amma əfv etmirdilər...  A.R.Zifeld də iki günün içərisində bütün keçmişini “etiraf” etmiş, pantürkizmə “yuvarlandığını” boynuna almışdır. Yəqin ki, işgəncələrə dözə bilmədiyi üçün “boynuna almışdır” ki,  1931-ci ildə “pantürkist” B.Çobanzadəni partiya iclasında müdafiə edib onun işdən çıxarılmasına imkan vermədiyi üçün peşmandır... Daha ağrılısı isə o idi ki, Mahmud Kaşğarlının “Divani-lüğət-it türk” əsəri haqqında bu sözləri yazmağa məcbur edilmişdi: “Mən etiraf edirəm ki, bu kitabı yetərinə incələməmişəm və onu artıq yox olmuş bir çox dillərlə əlaqədə dil araşdırmaları üçün nadir nüsxə hesab etmişəm”. Təsəvvür edirsinizmi, türk dili mütəxəssisi, professor üçün bu cümləni yazmaq nə qədər ağırdır? Onun “cinayət” maddələri də qəribə səslənir. Məsələn, günahlarından biri “M.Kaşğarlının pantürkist kitabı”nı (“Divanü lüğət it-türk”) tərcümə etmək, ikincisi -“zərərli elmi araşdırma aparmaq”, üçüncüsü - “Pantürkist B.Çobanzadəni müdafiə etmək” və s. idi. Zifeld hətta dostlarının, eləcə də türkoloq alimlərin onun haqqındakı ifadələrinə təəccüb etmiş, iftira atdıqlarını yazmış və çox təəssüf və təəccüblə “Nə üçün Qubaydullin mənə iftira atdı?” - deyə sarsılmışdı... Həmin illərin çap olunan arxiv materiallarında bir qəribə “süjet xətti”, gedişat da müşahidə üçün maraqlı gəldi. Deməli, tutulanlar nə vaxt ki, amansızlıqla döyülür, onda hər şeyi açıb danışır və “etiraf dolu izahatlar” yazırlar, sakit və rahat olanda, fiiziki təzyiqlərin dayandırıldığı günlərdə isə tam başqa cür ifadələr verir, əvvəlki izahatların zorla yazdırıldığını bildirir və özlərini günahkar bilmədiklərini israrla bəyan edirlər....