Fikir bir söz min

Elə ki, yazacağın mövzuya hardan başlayacağını bilmirsən, əlindəki lal-dinməz  qələmlə birgə yonulmuş heykələ dönürsən. Bir həftə ərzində artıq 3-4 kərə heykəl vəziyyətinə düşdükdən sonra, nəhayət ki, elə bil qeybdən bu  heykələ nəfəs verildi. Yazının əvvəlini müxtəlif cür başlasam da axırda yazmaqda çətinlik çəkməyimi etiraf etməklə giriş etməyi qərara aldım. Ömrünü sözə həsr etmiş, hər yazısı nəzəri material hesab oluna biləcək qələm əhli  haqqında yazmaq adamdan xüsusi qabiliyyət tələb edir. Odur ki, yazıçı-publisist İntiqam Mehdizadənin haqqında yazmağa “cəhd edirəm” deyib də özümü bəri başdan sığortalamaq istəyirəm. Məsuliyyətli mövzulara toxunanda bütün hisslərim özümə qarşı senzura hücumuna keçir. Elə bu qorxu-hürkünün təsiriylə  də başlayıram yazmağa ki... İ.Mehdizadə haqqında artıq ikinci dəfədir fikirlərimi bir yerə toplamağa bayaq qeyd etdiyim kimi cəhd edirəm. Əgər ikinci dəfədirsə, deməli, ilk yazıda demədiyim nəsə qalıbmış. Bu anda yadıma uşaqlıqda müşahidə etdiyim bir məqam düşdü. Bir ağbirçək həmişə nənəmlə şirin-şirin söhbət edirdi. Bəzən bu söhbət saatlarca çəkirdi. O qədər danışardı ki, bəzən gözümüzdən yuxu tökülə-tökülə  qulaq asırdıq ona. Ağbirçək sağollaşıb gedəndən sonra dərindən nəfəs alıb, yenicə özümüzə gəlməyə başlayırdıq ki, bir də görürdük təzədən geri qayıdır. – “Hə, onu deyəcəkdim axı, az qala yadımdan çıxacaqdı" deyə unutduğu məqamı bircə kəlməylə ifadə edib  qayıdırdı.  Sən demə, ağbirçək unutduğu bu bir fikrin əvəzinə bayaqdan bəri əməlli-başlı dastan danışıb yorurmuş bizi. Sözün qüdrəti  də elə budur. Düzgün ifadə edilməzsə bircə kəlmə ilə çatdırıla biləcək fikrin əvəzinə uzun-uzadı danışmaq olarmış. Bu xatirəm İntiqam müəllimin haqqında niyə ikinci dəfə yazmaq fikrinə düşməyimin səbəbini mənə  gözəlcə izah elədi.  O yazıda demədiyim nə qədər fikirlər var ki, illərdir mənə rahatlıq vermir. Odur ki, həmin ağbirçək kimi mən də təzədən qayıtdım mətləb üstünə..  Qayıtdım deyəm ki.... Əvvəlcə yazıma onun həyatından yazmaqla başlamaq istədim. İsmayıllıdan ayrılıb ilk dəfə Bakıya gəldiyi gündən ta indiyədək yaşadıqlarını sözə bələyib  kağızdan olan əbədi beşiyə qoyacaqdım. Lakin özünün keçdiyi ömür yolu barədə yalnızonun özünə xas olan incəliklə necə  danışdığını xatırlayıb bu fikirdən vaz keçdim. Hər halda, yazıda o incəliyi göstərə biləcək bədii portret çəkmək mənim gücüm xaricindədir. Bunu yalnız onun özündən eşitmək gözəldir. Uşaqlığını, gəncliyini, atalı-analı günlərini nəvələrə danışdığı nağıl şirinliyi ilə bizə söyləmişdi. Onun necə maraqla, ustalıqla həyat hekayələrini danışması dinləyənlərə o qədər xoş gəlmişdi ki, sonradan bunu lentə almadığımıza görə çox təəssüfləndik.  İlk dəfə olaraq  real həyatda baş verən gözəl nağıl dinləmişdik.Jurnalistlik fəaliyyəti haqqında yazmağı isə heç əvvəldən qərarlaşdırmamışdım. Çünki jurnalist Şəlalə Məhyəddin qızının onun fəaliyyəti haqqında yazdığı məqaləni oxumuşdum. Çiyin-çiyinə çalışdıqları bir məkanda – Azərbaycan Dövlət Radiosunda zaman-zaman İntiqam müəllimdən görüb-götürdüklərini, onun əməkdaşlarla rəftarını, hər təklifini,iradını anbaan izləyən Şəlalə xanım mükəmməl şəkildə hər şeyi sözə döndərib "525-ci qəzet" in səhifəsinə həkk edib. Aldığı mükafatlar, müəllifi olduğu verilişlər, həmkarlarına olan münasibəti və ("və”yazanda  mənə “bu bağlayıcıdan çox istifadə etmə” deyib) daha nələr haqqında bu məqalədə oxumaq mümkündür. Şəlalə xanım İntiqam Mehdizadə haqqında eqoistcəsinə hər şeyi yazmış,bizlərçün əl yeri qoymamışdı. Hələ bir  məqaləsində ustalıqla digər həmkarlarının da fikirlərinə yer ayırmışdı. Şəlalə xanımın məqaləsini İntiqam Mehdizadə haqqında vikipediya da adlandırmaq olar. İntiqam müəllimin haqqında yazılmış yazıları, söylənilmiş fikirləri oxuyandan sonra düşündüm ki, onun haqqında yalnız öz müşahidələrimi, fərdi düşüncələrimi yaza bilərəm. Çünki istedadlı qələm sahibinin fəaliyyəti həm dövlətimiz, həm də həmkarlarımız tərəfindən yetərincə dəyərləndirilib. Bir sözlə,  haqqında çoxları  yazıb, bircə özündən savayı. Ona görə də bu yaxınlarda onunla görüşəndə maraqlı xatirələrini dinləyib bir növ də qınaqla “Niyə bunları qələmə almırsınız, axı sizin dilinizdən eşitdiyim xatirələr adi əhvalatlardan ibarət deyil. Nə qədər ziyalılarımızla, görkəmli şəxsiyyətlərlə ünsiyyətdə olmuş, nəhəng sənətkarlardan müsahibələr  almış, hətta çoxusuyla dostluq əlaqələriniz yaranıb. Bəs bunları niyə qələmə almırsınız.  Bilmirəm İntiqam müəllim bu barədə düşünəcək ya yox, amma mənim o qeyri-adi əhvalatlara heyifim gəlir. Onları kitab kimi görmək, oxumaq yaxşı olmazdımı? Onunla söhbət zamanı heyrət etdiyim bir məqam da oldu. Ziya Bünyadovdan Hərbi Komandirlər Məktəbinin həyətində aldığı müsahibəni hər kəlməsinədək şeir kimi əzbərdən söylədi. Nə vaxtsa efirə getmiş o müsahibəni məmnuniyyətlə kitabdan da oxumaq istəyirəm. Radioya yenicə gələn gənclərə İntiqam müəllim həmişə qayğı göstərdiyini onu tanıyanlardan çox eşitmiş, özüm də şahidi olmuşam. Bu qayğını ehtiram şəklində ona qaytaranlar da,“böyüyəndən” sonra unudanlar da olub. Belə unutqanlardan birinə yumoristik tərzdə cavab verməsini söyləyəndə  xüsusi zövq almışdım. Bəli, bu yumşaq, gülərüz adamın qisası da elə ironik gülüşüdür. Kinayəli gülmək. İntiqam müəllim kini-küdurəti özünə heç vaxt yaxın buraxmayıb. Yaxşı əməllərinin bəhrəsi  yaxşı insanların timsalında daim qənşərinə çıxıb.Onlar da İntiqam müəllimin adını  daim minnətarlıq hissiylə vurğulayırlar. Xatirələri qəlbdə səliqə ilə  saxlamaq, onları taleyin bəxşişi kimi  büküb, əziləyib  bir küncə qoymaq  olarmış. Ağaclar kimi xatirələrin də həmişəyaşıl olanı, saralıb xəzələ dönəni varmış sən demə. İntiqam Mehdizadənin xatirələri şaxlığını, şuxluğunu, yaşıllığını daim qoruyub saxlayır. Çünki onlar öz sahibinin qəlbinin dərinliklərindən su içir. Ona görə də hər yazısının ən şirin məqamları elə xatirələrə söykənənlərdi. Xatirələr o vaxt solur ki, sahibi o onlardan yaxa qurtarmaq istəyir. İntiqam müəlliminsə ömür yolunun hər anı dəyərli olduğundan xatirələri də qiymətlidir. O xatirələrini hisslərinin işığıyla elə canlandırır ki, dinlədikcə sən də onunla bərabər  filmi izləyirmiş kimi olursan. Danışdığı hər hadisə adamın gözləri önündə canlanır.  Keşməkeşli həyatı kimi xatirələri də enişli-yoxuşlu, ancaq həm də nizam- intizamlı olan bu adamın  hər mövzuda söhbəti ədəbi nümunə təsiri bağışlayır.  Kitabxana qaydası ilə müqayisə etsək elə bil bu mövzuları İntiqam müəllim şöbələrə ayırıb, sistemli şəkildə könlünün taxçalarına yığıb. Hansı mövzuda istəsən yaddaşına nəzər salıb ehtiyatla taxçadan o mövzunu seçib götürür.Bu bənzətməm heç də təsadüfi deyil. Axı, ömrünü son nəfəsinədək kitabxana işinə həsr eləmiş  mərhum həyat yoldaşı Züleyxa xanım onun zövqünə bələd olduğundan daim rəhbərlik elədiyi İncəsənət şöbəsinə daxil olan yeni kitabları oxuyub qaytarmaq şərtiylə ona hədiyyə edərdi. Ən çox da hər ilin Fevral ayının 14-də, “Sevgililər günü”ndə. Xatirələrində Züleyxa xanıma ayırdığı xüsusi bir şöbə də var. O şöbədəki mövzular sevgidən, həsrətdən, yalnızlıqdan  ibarətdir. Bunu özü deməsə də vaxtilə redaktoru olduğu "Bulaq" verilişinin xəttiylə Kəlbəcərdə ezamiyyətdə olarkən Laçın rayonuna gedib Güləbirtdə, Sarı Aşıqla Yaxşının qəbrini ziyarət etdiyini danışanda  gözlərindən axan yaşlar söylədi. Dünyada oxşarı olmayan o mənzərəni təsvir edərkən biz də sarsıntı keçirdik. İntiqam müəllimin dostluqda da sevgidə də sədaqətli olduğunu hisləri büruzə verir. Şair dostu Ramiz Rövşəndən, onun ata - anasından, elə məhəbbətlə danışır ki, adamın dostluğa olan inamı daha da artır. Hər kəsə vəfalı olan İntiqam Mehdizadə zahirən şən görünsə də Qarabağın adı çəkilərkən qəhərlənməsi onun vətənpərvər olduğunu  ətrafdakılara xəbərçidən betər çatdırır. Vətənpərvər olmasaydı yurdunu bürüyən dəhşətli faciələr zamanı “Boz qurdlar marşı” adlı şeir yazıb, ona musiqi bəstələnməsi, insanlarda yüksək əhval-ruliyyə oyatması üçün dəridən-qabıqdan çıxmaz, marşların insanları qələbəyə səsləməsini vacib bildiyindən günlərlə bəstəkar Rəşid Nəsiblə, müğənni dostu Flora Kərimova ilə birgə meydana atılmazdı. Təəssüflər olsun ki, bəstəkarın qəfil ölümü bu mahnının tam halda araya-ərsəyə gəlməsini əngəllədi. Bununla belə gözəl bir şeirə bəstələnmiş həmin əsər indilərdə də öz aranjemançısını gözləməkdədir. Damarımda türkün qanı, dilimdə Allah sözü Öp Quranı, min atını, çək tətiyi, at dizi Şəhidlərin qanı hopmuş torpağına səcdə et Hürriyyətə qovuşmaqçın dünyanın sonuna get! (və s.) Bu misralarasa  ürəyinin telləri ilə özü musiqi bəstələyib. Şeiri ahəstə səslə oxuyub zümzümə edərkən bunu aydınca hiss edirsən. Xocalıda bir qız gördüm maral baxışlı Mənə “xoş gəlmisən” deyib qaçdı yox oldu. Cüt hörüklü, şəhla gözlü, ahu yerişli Yerə girdi, göyə qalxdı, uçdu yox oldu. *   *  * Sonra dünya çalxalandı,nağıllar bitdi. Acı-acı rüzgarların cənginə düşdük. Viran qalmış obalarda bayquşlar ötdü İtin-qurdun sobasında qovrulduq-bişdik. Oba köçmüş, yurd talanmış, ocaqlar sönmüş. Yelləncəklər küləklərə əsir düşmüşdü. Bulaqların pıçıltısı cavabsız qalmış Gözəllərin oylağında qanqal bitmişdi. Bu misralar yalnız Vətən təəssübü, əsir düşmüş qız-gəlin dərdi daşıyan qəlbdən qopa bilər. Qəlbinin dərinliyində özünə yurd salmış bir nisgili misraya döndərən İntiqam müəllimin qürbətdə yaşayan  qız övladına həsr etdiyi Su gəlməsə arx dolarmı Qürbətdən Vətən olarmı? Nəvəsiz baba olarmı? Gəl, nəslimin davamı, gəl bəndi ilə başlayan şeirindən bir arzu boy göstərir. “Gəl nəslimin davamı, gəl” deyə bəlkə də, o ömrü boyu sevib əzizlədiyi peşəsini davam etdirəcək nəvə arzulayır. Kim bilir, bəlkə İntiqam müəllim bu anlarda otağın bir küncündə gələcəyin jurnalisti ola biləcək ciyərparalarilə xəyali söhbət edir, onunla oynayır, atıb tutur.Vaxt gələcək babasını yoran nəvə ömrünün bu çağlarını sevə-sevə qələmə alacaq. Masamın üstündə haqqında yazılmış nə qədər yazılar var. Oxuduqca bir gerçəyi dərk edirəm. Özlüyümdə düşünürəm ki, yaradıcılıq istedadından, işə məsuliyyətdən savayı bu insanda nə qədər gözəl keyfiyyətlər var ki, yar-yoldaşları, həmkarları  sözə xəsislik etmədən bu dərəcədə böyük məhəbbətlə ədəbi səxavət göstəriblər. Bəli, İntiqam müəllim haqqında yazılanların hər biri həqiqəti ifadə edir desək yerinə düşər. Aybəniz Məmmədəliyevanın fikirləri lap ürəyimdən xəbər verir. Yazır ki, “İntiqam müəllim çox maraqlı müsahibdir. Saatlarla söhbətlərini dinləməkdən yorulmazsan”. Bu fikri çatdırmaq üçün bayaqdan min dənə söz yazmışam.  Həmin xanımsa “xəyanəti, yalanı sevməz, özü də yalan danışmaz, yalan yazmaz” deyə onu çox gözəl xarakterizə  edir. Bir də bilirsinizmi, Aybəniz xanımın hansı fikri ürəyimdən xəbər verdi, baxın, bu cümləsi – “Qarşısındakı gənc qələm sahibini elə ilk yazısından tanıyar. Ya yoluna işıq tutar, ya da özünəməxsus ustalıqla həmin gəncə başqa iş tapmasını tövsiyə edər.” Bu yerdə sevinirəm. Sevinməyimin səbəbi birbaşa Aybəniz xanımın həmin sözlərinə bağlıdır. Neçə vaxtdır yazı-pozu işinə  ona görə həvəslə girişmişəm ki,  tanış ollduğumuz ilk gündən mənə “ başqa iş tapmağı” tövsiyə etməyib. Əksinə, dönə-dönə tapşırıb ki, sən mütləq  yazmalısan. Söylənilənlər, haqqında yazılanlar  sırasında diqqətimi xüsusilə cəlb edən rəhmətlik anası Xanbacı xanımın hələ sağlığında qonşusuna söylədiyi bu sözlər oldu: "Balamı bu həssaslıqda,bu kövrəklikdə dünyaya gətirdiyimə peşmanam. Heç bilmirəm məndən sonra həyatı necə olacaq."Mənsə öz növbəmdə Xanbacı ananın ruhuna üz tutuban deyərdim ki, narahat olmayın, ay ana, siz onu elə böyütmüsünüz ki, el içində daim alnı açıq, üzü ağ gəzib dolaşır. Sizdən aldığı  tərbiyə onu əsil insan kimi yetişdirib. Nə həssaslığı, nə də kövrəkliyi həyatda ona mane olmayıb”. Bir də oğlu haqqında yazılanları ona  göstərərdim ki, nigaran ruhu dincəlsin. İntiqam müəllimin bu çağacan  iki nəsr kitabı işıq üzü görüb. “Təsəlli",       bir də "Hərənin öz dünyası". Bunlardan başqa bədii publisistika janrında yazdığı daha dörd kitabını oxusam da onun nəsrlə məşqul olmadığına təəssüflənirəm. Hələ şeirləri...  onlar elə İntiqam müəllimin özü kimi  kövrək, duyğusaldırlar. Yox, jurnalistika onu Azərbaycan ədəbiyyatından əməlli- başlı qoparıb. Böyük şairimiz Ramiz Rövşən məndən incisə də öz fikrimdə qalıram. Ramiz müəllim İ.Mehdizadə haqqında yazdığı bir yazıda deyir ki, qoy İntiqm nəsrlə vidalaşdığına görə təəssüflənməsin. Əsas meyyar yaradıcı fərdin hansı sahədə olursa olsun özünü ifdə eləmək bacarığıdı.Nə yaxşı ki, İntiqam bu bacarığın sahibidir. Hə, ikinci yazını da yazdım, amma qəhrəmanımı yenə də olduğu kimi   təsvir edə bilmədim. Hələ də demədiyim çox şeylər qaldı. Yəni bu cəhdim də alınmadı. Deyəsən, üçüncü dəfə də bu mövzuya qayıdası olacam. Əlbəttə, özü razılıq versə. Yaşayarıq, görərik.