Sən niyə susursan?

İyirmi yanvar günlərində hörmətli yazıçımız Anar Rzayev yazmışdı ki, mən həyatımda iki dəfə danışmağa söz tapmayıb susmuşam - bir dəfə sovet tankları Qazaxıstanda tələbələrin üstünə yeriyəndə, bir dəfə də Çexoslovakiyaya tanklar yeridiləndə (60-larda), bir də indi susuram. ..Hardan biləydiniz axı susmağın dəhşəti hələ qabaqdadır! Amma gərək susmayaydınız! Siz Şuşanı çox sevirdiniz axı... Aylarla oturub Ü.Hacıbəyovdan film çəkirdiniz Şuşada. Bircə kəlməyə sözünüz nə idi axı? Srağagün ən azından bir kəlməyə dəymədimi Şuşa?! Siz isə susdunuz! Amma biz susmayacağıq! Siz mənim çox sevdiyim yazıçısınız! Dünya dağılsa da, bu, belədir. Bu sevda bitməz! Amma danışmağınızı yaman istədim 21 mayda - o müdhiş gündə! Nə iş görürdünüz? "Qəm pəncərə"nizdən boylanıb, "Uzun ömrünüzün akkordları"nımı dinləyirdiniz, yoxsa "Yaxşı padşahın nağılı"namı qulaq asırdınız? ..Nə isə ki, yox idiniz! İndi Şuşa yoxdur! Düşmənin toyu, ellərin yası idi sırağagün! Hətta sizdən eşidiləcək bir söz belə ümid və təskinlik ola bilərdi! .. Hələ can dostunuz Elçin Əfəndiyev! Yenə siz qarabağlı deyilsiniz! Elçin müəllim təmiz qarabağlıdır, ..amma o da görsənmədi. ...Onun yerinə olsam, istefa edərdim… Şirin-şirin yazdığı "Şuşaya duman gəlib" hekayəsi vardı. Yenə Şuşaya duman gəlib, Elçin müəllim! Şuşa düşmən dumanında itdi, görünməz oldu! Bir daha Şuşanı görə bilməyəcəksiniz, Elçin müəllim! Geriyə baxma, qoca!...