Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli: “İqtidar-müxalifət münasibətlərində yumşalmalar digər sahələrdə də özünü göstərir”

“Ali Məhkəmənin timsalında hakimiyyətin gec də olsa, belə qərar verməsi həm hüqiqi və həm də siyasi baxımdan təqdirəlayiqdir”.  Bu fikirləri Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə REAL partiyasının sədri İlqar Məmmədova və İnsan Haqları klubunun rəhbəri Rəsul Cəfərova bəraət verilməsi və maddi təzminatın ödənilməsi məsələsini İlkxeber.org-a şərh edərkən bildirib. Q.Əlibəylinin fikrincə, bu, adı çəkilən müxalifətçilərə münsasibətdə əvvəlki məhkəmə hökmlərinin səhv olduğunun Ali Məhkəmə səviyyəsində etirafı olmaqla yanaşı, həm də ölkənin ali mühakimə orqanının siyasi mövqeyindən asılı oımayaraq konkert şəxslərə dair qərar qəbul edərkən, siyasi mülahizələrə deyil, yüksək hüquqi prinsiplərə söykəndiyinin göstəricisi kimi qiymətləndirilə bilər. Barəsində siyasi mülahizələrlə hökmlər çıxarıldığı iddia edilən digər şəxslərin işlərinə də yenidən baxılması və analoji qərarların qəbul olunması arzu ediləndir və istisna olunmur. “Ali Məhkəmənin qərarı həm də cənab prezident İlham Əliyevin başlatdığı siyasi dəyişikliklər fonunda iqtidar-müxalifət münasibətlərinin dialoq mühitində inkişafı və yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində atılan növbəti addımdır. Bir neçə gün əvvəl Azad Demokratlar və Yeni Zaman partiyalarının dövlət qeydiyyatına alınmasından sönra belə bir qərarın qəbulu son nəticədə ölkədə siyasi plüralizmin inkişafına, çoxpartiyalıq sistemin inkişafına kömək edir. Məlum olduğu kimi, təsis edilmiş yeni siyasi partiyaların dövlət qeydiyyatı məsəsinin illərlə yubadılması, dövlət qeydiyyatına alınmadan əsasız imtina edilməsi beynəlxalq müstəviyə çıxmış və bir sıra beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirərkən öz  narahatlıqlarını ifadə etmişlər”-deyə partiya sədri qeyd edib. Q.Əlibəyli hesab edir ki, ümumiyyətlə, yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, bəzi müxalifətçilərə bəraət verilməsi və təzminat ödənilməsi ölkə rəhbərliyinin dəfələrlə anonsunu verdiyi siyasi islahatlar və siyasi mədəniyyətin inkişafı istiqamətində atılan mühüm addımlardır. Partiya sədri daha sonra bildirib ki,  iqtidar-müxalifət münasibətlərində yumşalmalar təkcə adı çəkilən məsələlərdə deyil, digər sahələrdə də özünü göstərir. Belə ki, hüquq müdafiəçisi Oqtay Güləliyevin Heydər Əliyev Fondu tərəfindən müalicəsinin Türkiyədə davam etdirilməsi, müxalif mövqedə olan Azadlıq Partiyasının sədri Əhməd Orucun müalicə xərclərinin dövlət tərəfindən qarşılanması da, bu baxımdan müsbət qiymətləndirilməlidir. Dövlət rəhbərliyinin belə humanist addımı siyasi mövqeyindən asılı olmayaraq insanlara olan qayğının təzahürüdür və iqtidar-müxalifət münasibətlərinin sağlam müstəvidə inkişafına kömək edir. “Bütövlükdə, karonavirus pandemeyası şəraitində siyasi islahatlar kursunun davam etdirilməsi ölkəmizdə sabitliyin möhkəmlənməsi, ümumi inkişafımız və demokratik proseslərin sürətlənməsi üçün zəruridir”- deyə Q.Əlibəyli fikrini tamamlayıb.   İlkxeber.org