Yanvarın 15-də ABŞ-ın vasitəçiliyi ilə HƏMAS-la İsrail arasında əldə olunan 42 günlük atəşkəs razılaşması pozuldu.
Məsələ ilə bağlı tərəflər bir-birini günahlandırsa da, bu, ABŞ Prezidenti Donald Tramp və yeni administrasiyanın ilk addımının fiasko ilə nəticələnməsi kimi dəyərləndirilir. Beləliklə Trampın prezidentlik müddətində ilk sülh planının uğursuz olduğu, bunun onun sonrakı fəaliyyətinə zərbə vurduğu bildirilir.
Bəzi ekspertlərin fikrincə, sözügedən məsələ Ağ Ev rəhbərinin Ukrayna planına da mənfi təsir edəcək. Çüki Rusiya Yaxın Şərqdəki vəziyyətdən sonra Trampın Kiyevlə bağlı təkliflərini əvvəlki inamla dəyərləndirməyəcək.
Qəzzadan sonra Ukrayna ilə bağlı sülh planını da eyni tale gözləyir? Tramp Moskvanı inandıra biləcək?
Globalifo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Tramp çoxsaylı və ictimaiyyətin istədiyi vədlərlə hakimiyyətə gəldi:
“Prezidentliyinin ilk günündə imzaladığı sərəncam və qərarlarla xeyli ümidlər yaratdı. Lakin bununla belə bəzi qərarları əsasən siyasilərdə ciddi tərəddüd və istehza doğurdu. Xüsusilə Meksika körfəzinin adını dəyişməsi, Panama kanalına və Kanadaya iddiaları onun qeyri-ciddi obrazını formalaşdırmaqdadır.
Trampın davranışları biznesmen təfəkküründən o yana keçməyib. Çıxışlardan da görünür ki, hər şeyi alıb-satmaq üçün müqavilə bağlamağı düşünür. Ancaq beynəlxalq siyasi münasibətlərdə iştirak edən aktorlar bu yanaşmanı qəbul etmirlər. Görünür, elə buna görə də verdiyi vədləri yerinə yetirmək cəhdləri divara dirənir. Trampın yanaşmasının özlüyündə ədalətsizlik olduğuna üçün bunlar real həyatda tətbiq edilən kimi ölüyə çevrilir. Necə ola bilər ki, İsraili birmənalı şəkildə dəstəkləsin, lakin kütləvi qırğına məruz qalan fələstinlilərin haqqı qorunmasın? Nəticədə belə olan halda HƏMAS-ın atəşkəsi pozması zərurəti meydana çıxır”.
Mütəllim Rəhimli
Ekspert bildirib ki, əgər HƏMAS atəşkəsi indi pozmasaydı belə, bu susqunluğun uzun çəkməyəcəyi gözlənilən idi:
“Trampın Rusiya-Ukrayna müharibəsinin qarşısını almaq üçün cəhdləri hələ başa çatmayıb və imkanlar da bitməyib. Kiyev artıq mənəvi və fiziki baxımdan tükənib, daha əvvəlki kimi müharibə etmək istəmir. Rusiya da müharibənin uzanmasını arzulamır. Çünki resursları tükənməz deyil, xüsusilə təhdid olunduğu məsələ – neft və qazın qiymətinin dünya bazarında aşağı salınması onun üçün ciddi problemlər yarada bilər. Bu səbəbdən Rusiya və Ukrayna arasında ən azı atəşkəsin əldə olunması barədə danışmaq mümkündür.
Mövcud status-kvo şəraitində insanların öldürülməsinin qarşısını almaq olar. Sonrakı dövrdə isə sülhün əldə edilməsi haqqında danışmaq imkanları var. Düşünürəm ki, bu variant istər vasitəçilərə, istərsə də müharibə tərəflərinə sərf edir”.
Turan Rzayev
Globalinfo.az
© 2020 - Created by İLK XEBER.