Ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlət qayğısı ulu öndər Heydər Əliyev hakimiyyətə gələn gündən etibarən başlanılıb və yüksək səviyyədə icra olunub. Müdrik dövlət xadimi qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsasını qoyaraq ölkəmizdə ən ağrılı problemin həlli üçün zəruri strategiya müəyyənləşdirib. Ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşaraq onların sosial problemlərinin həlli istiqamətində xeyli iş görüb. Sonrakı dövrlərdə isə cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirildi. 2020-ci il 27 sentyabrda torpaqlarımızın azadlığı uğrunda başlayan 44 günlük Vətən müharibəsinin tarixi qələbə ilə başa çatması bu problemin tamamilə aradan qaldırılmasında öz dədə-baba yurdlarından didərgin düşən soydaşlarımız üçün ən böyük töhfə oldu.
Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı da ötən illər ərzində dövlətimizin bu istiqamətdə apardığı siyasətə sadiq qalaraq fəaliyyətini bu yöndə qurub. Qaçqın və məcburi köçkün həyatı yaşayan gənclərimizdən öz dəstəyini əsirgəməyərək onların həyatında mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirib.
İlkxeber.org Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının Qərbi Azərbaycanlı Gənclərlə iş Mərkəzinin rəhbəri Turanə Orucovanın bu istiqamətdə herbiand.az saytına verdiyi müsahibəsini oxuculara təqdim edir.
- Turanə xanım, Qayıdış və Dirçəliş Naminə Gənclər təşkilatı və təşkilatın Qərbi azərbaycanlı gənclərlə iş Mərkəzi fəaliyyətini hansı istiqamətdə qurub?
- Bildiyiniz kimi, Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı 1997-ci ildən etibarən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birbaşa diqqəti, qayğısı ilə fəaliyyət göstərən və dövlət qeydiyyatına alınan Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının bazasında yenidən təşkil olunub. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qazandığımız qələbədən sonra Azərbaycanda məcburi köçkün probleminə birdəfəlik son qoyuldu. Beləliklə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması ilə bu bölgələrimizin dirçəldilməsi, yenidən bərpası prosesi başlanıldı. İşğaldan azad olunmuş rayonlarımızda sürətli tikinti-quruculuq işləri davam edir. Artıq Qarabağa həyat, dirçəliş qayıdıb. Keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarında mərhələli şəkildə daimi məskunlaşır.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının adının və fəaliyyət istiqamətinin dəyişdirilərək Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı kimi fəaliyyət göstərməsi də məhz qələbəmizin və yaranan reallığın bariz nümunəsidir.
Təşkilat yarandığı gündən bu vaxta qədər əsas məqsədi qaçqın və məcburi köçkün gənclərimizin problemlərinin həlli və hüquqlarının qorunması olmuşdur. Məcburi köçkün problemi həll olunub, indi əsas məqsədlərimizdən biri Qərbi azərbaycanlı gənclərin ləyaqətli şəkildə öz dədə-baba torpaqlarına qayıtması üçün dövlətimizin apardığı siyasətə dəstək vermək, Qərbi Azərbaycana qayıdışla bağlı gənclərimizin səfərbər olunaraq haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaqdır.
- Turanə xanım, Qərbi Azərbaycandan olan soydaşımız kimi nələri qeyd etmək istərdiniz?
- Cənab Prezidentimizin də bildirdiyi kimi, XX əsrdə 3 dəfə Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarından zorla deportasiya edilib. Mənim babam Mehralı Orucov da 1948-ci ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Çaykənd kəndindən deportasiya olunub və Ağstafa rayonunun Qırılı kəndində məskunlaşıb. Bizim kimi minlərlə ailə uzun illərdir öz dədə-baba torpaqlarından zorla qovularaq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. İnanırıq ki, zaman gələcək mənim babam kimi minlərlə deportasiya olunan insanların nəvə-nəticələri doğma ata yurdlarına - Qərbi Azərbaycana qayıdacaq, öz tarixi adət-ənənələrini də bu bölgələrimizdə yaşadaraq davam etdirəcəklər.
- Turanə xanım, yanvarın 7-də cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Qərbi Azərbaycana qayıdışla bağlı bir daha ciddi mövqe ortaya qoydu. Və inanırıq ki, bu mesaj Qərbi Azərbaycanlılar üçün də sevincli anların yaşamasını tezləşdirəcək. Bununla bağlı təəssüratlarınız?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı barədə dediyi fikirlər istər Qərbi azərbaycanlılar, istərsə də Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı.
Cənab Prezident İlham Əliyevin 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsindən sonra “Mən ata vəsiyyətini yerinə yetirdim” bəyanatı 30 ilə yaxın Azərbaycan torpaqlarını düşmən tapdağı altında saxlayan Ermənistana ən böyük tarixi dərs verməklə bərabər, haqqın, ədalətin bərpası, işğalın və təcavüzün sona çatmasının ən böyük elanı idi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası” haqqında 18 dekabr 1997-ci ildə imzaladığı Fərmanını da məhz cənab Prezident İlham Əliyev ata vəsiyyəti kimi qəbul edir. Prezidentin mesajları əsasında deyə bilərik ki, tezliklə Qərbi Azərbaycandan qovulmuş sakinlər də öz sevincli anlarını yaşayacaq, onlar da öz doğma yurdlarına geri qayıdacaq. Və inanırıq ki, ölkə rəhbərinin qüdrətli siyasi iradəsi nəticəsində bizim Qərbi Azərbaycana qayıdışımız da Qarabağa, Şərqi Zəngəzura qayıtmağımız kimi ləyaqətli və möhtəşəm olacaq.
- 2024-cü ili başa vurduq. Təşkilatınız bu il hansı fəaliyyətlə yadda qaldı və 2025-ci ildə hansı layihələrin icrasını planlaşdırırsınız?
- Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağa və Şərqi Zəngəzura köçürülmüş sakinlərə dəstək tədbirləri” adlı layihənin icrasını başa çatdırdı. Layihə çərçivəsində Gəncə şəhərində və Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərlə Qarabağa və Şərqi Zəngəzura qayıdış məsələlərini müzakirə etdik. Zəngilan rayonunun Ağalı kəndində daimi məskunlaşmış sakinlərlə çox maraqlı seminar konfrans, Füzuli şəhərində rayonun 4 Qayıdış qəsəbələrindən olan uşaq və yeniyetmələrin iştirakı ilə futbol yarışı və seminar-konfrans keçirdik. Layihənin yekununu 8 noyabr Zəfər bayramı günü Laçın şəhərində daimi məskunlaşmış sakinlərin, hərbçilərin, şəhid ailələrinin, qazilərimizin iştirakı ilə yekunlaşdırdıq.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə isə “Qayıdış missiyası: gənclərin həmrəylik və əməkdaşlıq təşəbbüsləri” layihəsini uğurla yekunlaşdırdıq. Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurdan olan tələbələrin iştirakı ilə maarifləndirici seminar-konfrans keçirdik. Eyni zamanda Aydınlar Ocağı Humanitar İctimai Birliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sarı Aşıqdan Aşıq Şəmşirə: azad ruhlar işığında” adlı layihənin Laçın şəhərində keçirdiyi yekun tədbirinə də öz təşkilati dəstəyimizi göstərdik. Bununla bərabər, gənclər təşkilatı öz nizamnamə məqsədlərinə uyğun olaraq sistemli şəkildə istər gənclərimizin maarifləndirilməsi, istər Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən bəzi beynəlxalq təşkilatlar və dövlətlərin qərəzli mövqeyinə qarşı aktiv fəaliyyət göstərir, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında ciddi mövqe ortaya qoyur.
2025-ci ildə bir çox layihələrin və tədbirlərin keçirilməsini planlaşdırırıq. Bununla bağlı Tədbirlər Planına uyğun olaraq Gənclər Təşkilatının əməkdaşlıq etdiyi milli donor təşkilatlara layihələr təqdim etmişik. Əsas prioritet istiqamətlərimiz Qərbi Azərbaycana, Qarabağa və Şərqi Zəngəzura qayıdış və gənclərimizin bütün sahələrdə inkişafına nail olmaqdır.
© 2020 - Created by İLK XEBER.