Türkiyə Rusiyaya ehtiyac duymur: Paşinyan rəsmi Ankaranın manevrlərini niyə dəstəkləyir

Rəsmi Ankara Rusiyanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindən kənarlaşdırmaqla yanaşı, həm də yaxın gələcəkdə Kremlin Cənubi Qafqazdan sıxışdırılmasının təməlini atmağa çalışır... Bu prosesdə səhnəarxası siyasi iradə mərkəzi rolunda məhz Azərbaycanın çıxış etdiyini nəzərə aldıqda, Türkiyənin bu manevrlərinin olduqca böyük geopolitik əhəmiyyət daşıdığı qətiyyən şübhə doğurmur... 

Türkiyə və Ermənistan arasında normallaşdırılması prosesi son vaxtlar yeni istiqamətlər almağa başlayıb. Belə ki, Ermənistan cəmiyyətində və hakim dairələrində bu prosesə münasibətin dəyişməkdə olduğu müşahidə edilir. Və bu, prosesin yekun uğur perspektivlərini daha da gücləndirir.

Məsələ ondadır ki, Ermənistanda bu prosesin əsas əleyhdarları sırasında ön planda yer alan Armen Sarkisyan prezident postunu təhvil verib. Bundan sonra onun bu prosesə əngəl törətmək imkanları ciddi şəkildə məhdudlaşıb. Eyni zamanda, A.Sarkisyanın prezident postundan çəkilməsi nəticəsində Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasına müqavimət göstərən radikal revanşistlərin də mövqeləri də zəifləyib.

Bütün bunlara paralel olaraq, Paşinyan hakimiyyəti Türkiyə və Azərbaycan ilə münasibətlərin normallaşdırılmasının qatı tərəfdarlarından olan Vaaqn Xaçaturyanı Ermənistan prezidenti kreslosuna oturtmağa çalışır. V.Xaçaturyan açıq mətnlə "Qonşu ölkələrlə yalnız sülh şəraitində yaşamaq və münasibətlər qurmaq lazımdır" deyir: "Biz anlamalıyıq ki, sülh inkişafın yeganə formasıdır".

0ae60facd21944267794e0fe933f2117.jpg (29 KB)

Təbii ki, Ermənistan prezidenti postuna Türkiyə və Azərbaycan ilə münasibətlərin normallaşdırılmasının əsas tərəfdarlarından olan bir şəxsin sahiblənmə ehtimalı radikal revanşistləri ciddi şəkildə narahat edir. Ancaq Qarabağ klanının hesabına formalaşan bu radikal düşərgənin prezident postuna alternativ namizəd irəli sürmək cəhdləri uğur qazanmadı. Əsas səbəbsə, revanşist düşərgə prezident postu uğrunda mübarizədə qalib gələ biləcək namizəd tapmaqda çətinlik çəkir.

Ona görə də, belə anlaşılır ki, Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində üzləşə biləcəyi əsas əngəllərdən birini zərərsizləşdirmiş oldu. Bu isə Ermənistan baş naziri Nikol Paşinyana hakimiyyəti öz əlində cəmləşdirmək şansından istifadə edəcəyi təqdirdə, yaxın gələcəkdə atacağı addımlarda sərbəstlik qazandıra bilər. Üstəlik, Ermənistanda keçirilmiş son rəy sorğusunda respondentlərin 48 faizi də Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini dəstəkləyib. Bu baxımdan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin önü açılmaq üzrədir.

Təbii ki, prosesin bundan sonrakı istiqamətləri Paşinyan hakimiyyətinin mövqeyinin güclənməsi ilə yanaşı, Türkiyənin strateji manevrlərindən də birbaşa asılıdır. Çünki, rəsmi Ankara bu prosesdə Türkiyənin "qırmızı cizgiləri" çərçivəsində hərəkət edir. Türkiyə hakimiyyətini təmsil edən rəsmi şəxslər bu prosesdə Azərbaycanın razılığı və dəstəyinə bağlı siyasət yürüdüldüyünə eyham vururlar.

Maraqlıdır ki, rəsmi İrəvan da bu reallığı artıq anlayır və buna kəskin müqavimət göstərməyə də cəhd etmir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə ilə münasibətlərin normallaşdırılmasının bütün regiona müsbət təsir göstərəcəyini vurğulaması da bunu biruzə verir: "Şübhəsiz ki, Türkiyə ilə normallaşma prosesi Azərbaycanla problemlərin nizamlanmasına da bağlıdır".

490-254.jpg (39 KB)

Ancaq Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqlar prosesində Rusiya faktorunun iştirakı da mütləq nəzərə alınmalıdır. Çünki, indiki mərhələdə Kreml bu prosesin gələcək taleyinə birbaşa təsir etmək imkanlarına malikdir. Və bu imkanlar müəyyən mənada, rəsmi İrəvanın mövqeyindən qaynaqlanır.

Məsələ ondadır ki, məhz Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində vasitəçilik üçün Rusiyaya müraciət etmişdi. Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü də məhz elə Rusiyanın paytaxtı Moskvada keçirilmişdi. Və bu, prosesdə Rusiyanın üçüncü tərəf kimi iştirak etdiyini, üstünlük, ona nəzarət şansını da qoruduğunu göstərir.

Ancaq Türkiyənin son manevrlərinə diqqət etsək, rəsmi Ankaranın Ermənistanla münasibətlərin normallaşması prosesinə Rusiyanın vasitəçilik etməsindən qətiyyən məmnun qalmadığı da müşahidə olunur. Rəsmi Ankara hər iki ölkənin xüsusi nümayəndələrinin bundan sonra Rusiyada deyil, məhz Türkiyədə və ya Ermənistanda görüşməsində israr edir. Əsas arqument isə rəsmi Ankaranın iki ölkə arasında olan problemlərin müzakirə edilməsi üçün üçüncü ölkəyə ehtiyac duymaması ilə bağlıdır.

Belə anlaşılır ki, rəsmi Ankara Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması prosesini Rusiyanın nəzarətindən və təsir dairəsindən çıxartmağa üstünlük verir. Artıq bu istiqamətdə ilk uğura da nail olunub. Belə ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü bu dəfə Moskvada deyil, 24 fevralda Vyanada keçiriləcək. Buna Rusiyasız müzakirələr formatına keçid mərhələsinin başlanğıcı kimi də yanaşmaq olar.

erdo-putin.jpg (8 KB)

Böyük ehtimalla Paşinyan hakimiyyəti də Rusiyanın vasitəçiliyindən imtina olunmasına müsbət yanaşır. Çünki, xüsusi nümayəndələrin Rusiyada deyil, Türkiyədə və ya Ermənistanda görüşməsi, rəsmi İrəvanın Qərb siyasi dairələrində imicinə daha müsbət təsir göstərə bilər. Ancaq buna baxmayaraq, böyük ehtimalla rəsmi İrəvan Rusiyadan kənarda ilk görüşün dərhal Türkiyədə keçirilməsi variantına razılıq verməyə də cəsarət etməyib. Hər halda, belə bir addım həm Rusiyanı ciddi şəkildə qıcıqlandıra, həm də Ermənistanda Paşinyan hakimiyyətinə qarşı narazılığı daha da artıra bilərdi.

Ona görə də, başlanğıc üçün Moskvadan yan keçməklə, görüş yeri olaraq, Vyana seçilib. Böyük ehtimalla növbəti görüşlər isə məhz Ankarada və ya İrəvanda keçirilə bilər. Rusiyanın konkret reaksiyası da yəqin ki, həmin mərhələdə ortaya çıxmağa başlayacaq.

Hələlik isə belə anlaşılır ki, Türkiyə Rusiyanı daha bir önəmli regional prosesdən kənarlaşdırmaq üzrədir. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində səhnəarxası siyasi iradə mərkəzi rolunda məhz Azərbaycanın çıxış etdiyini nəzərə aldıqda, rəsmi Ankaranın bu manevrləri olduqca böyük geopolitik əhəmiyyət daşıyır. Yəni, rəsmi Ankara Rusiyanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindən kənarlaşdırmaqla yanaşı, həm də yaxın gələcəkdə Kremlin Cənubi Qafqazdan sıxışdırılmasının təməlini atmış olur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu