Vaksinasiya öz təsirini göstərir - yoluxma 25-ə enib, ölüm sayı isə...

İnfeksionist: “Ölkəyə gəlib-gedənlərdən yalnız COVİD testi götürülməli deyil, ətraflı müayinə aparılmalıdır”

Son statistik məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Daha əvvəlki gün isə ölüm faktı qeydə alınmayıb.

Bu göstəricilər onu deməyə əsas verir ki, ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxş hesab olunur. Bu müsbət gəlişməni kimisi yay fəsli ilə əlaqələndirirsə də, bir çoxları bunun vaksinasiyanın müsbət nəticə verməsi qənaətindədir. Bu arada, dünyada yeni təhlükənin, virusun mutasiyalarının yayılma ehtimalı narahatlıq yaradıb. Koronavirusu araşdıran London Kral Kollecinin alimləri bildiriblər ki, Çindən yayılan  virus infeksiyasının simptomları Hindistan ştammı ilə kəskin şəkildə dəyişib. Yeni ştammın simptomları ilk növbədə baş ağrısından ibarətdir. Daha sonra boğaz ağrısı, burun axıntısı və qızdırma gəlir. Araşdırmalara görə, hazırda az insan dad və iybilmə hissini itirir. İngiltərədə virusa yoluxmuş minlərlə insanın məlumatları əsasında aparılan araşdırmaya görə, iybilmə qabiliyyətini itirmək kimi tanınan “Anosmia” artıq ən çox müşahidə olunan 10 simptom arasında yoxdur.

Bu və digər virusların ölkəmizdə yayılmasının qarşısı necə alınmalıdır?

Vaksinlər arasında ən etibarlısı hansıdır? - Həkim infeksionistdən açıqlama  | KONKRET

Bizimlə söhbətdə həkim-infeksionist İlhamə Abbasova mövcud vəziyyət barədə “Yeni Müsavat”a danışıb: “Epidemioloji vəziyyət qənaətbəxşdir. COVİD-ə yoluxma azdır. Vaksinasiyaya gələnlərin sayı çoxdur. Hazırda bu xəstəliklə bağlı ciddi bir narahatlıq yoxdur, müraciət də yoxdur. Ötən həftə 10-15 COVİD-lə bağlı müraciət olmuşdu. Halbuki həftə ərzində 100-200 müraciətlə qarşılaşırdıq.

Bunun özü sevindirici haldır. Ölüm hallarının olmaması, yoluxmanın azalması əlbəttə ki, vaksinasiyanın uğurla həyata keçirilməsi ilə bağlıdır. Ancaq qaydalara əməl etməyi də unutmamalıyıq. Yəni vaksinasiyanın aparılmasına baxmayaraq yenə də qorunma şərtlərinə riayət etmək lazımdır. Çünki hələ ki yumşaldılmalar yaxın vaxtlarda tətbiq olunmağa başlayıb".

İnfeksionist əlavə edib ki, virusun yeni mutasiyaları bizim üçün də təhlükəli ola bilər: “Yenə də ehtiyatlı olmaq lazımdır. Avropa ölkələrində koronavirusun mutasiyaları yayılıb. ”Meymun çiçəyi", “Qara kif”, virusun Hindistan ştammı və sairə. Gediş-gəliş zamanı həm əcnəbilər, həm də öz vətəndaşlarımız diqqətlə yoxlanmalıdır. Məsləhət görərdim ki, yalnız COVİD müayinəsi aparılmasın. Avropa ölkəsindən gələnlər ətraflı müayinədən keçirilib, sonra cəmiyyət arasına buraxılsın. Amma hazırda ölkəmizdə həm karantin qaydalarında yumşalmalar var, həm yoluxma sayı minimuma enib, yenə biz bir olaq. Hər kəs özü məsuliyyət daşısın. Qaydalara əməl edək. Vaksinasiya o demək deyil ki, biz COVİD-ə yoluxmayacağıq. Tuta da bilərik, yüngül keçirəcəyik. Hər bir vətəndaşın immuniteti yüksək deyil axı. Hər kəsi ehtiyatlı olmağa çağırıram".

Ölkəmizdə istifadə olunan vaksinlər artıq səmərə verir” - Nazirlik rəsmisi  - Azvision.az

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə də bildirib ki, ölkəmizdə istifadə olunan vaksinlər - "AstraZeneca", "Pfizer", "Sputnik V", "JoronVak" vaksinləri artıq öz səmərəsini göstərir: “Yanvar ayından başlanan peyvəndləmə prosesinə ilk günlər insanlar şübhə ilə yanaşsalar da, bu gün artıq hər kəs anlayır ki, istənilən vaksinin yeganə məqsədi - xəstəliyə qarşı orqanizmdə immunitet yaratmaqdır. Bu da COVİD-19 virusunun səbəb olduğu və yaratdığı xəstəlikdən yeganə müdafiə yoludur.

Hazırda ölkəmizdə Çinin “Sinovac Biotech” (SVA.O) şirkəti tərəfindən istehsal olunan COVİD-19-a qarşı “CoronaVac” peyvəndi, Oksford Universitetində İngiltərə və İsveç alimləri tərəfindən yaradılan “AztraZeneca” (Vaxzevria), Rusiyanın Gamaleya Universitetində yaradılan “Sputnik V” və “Pfizer” - Almaniya biotexnologiya şirkəti “BioNTech” tərəfindən Amerika “Pfizer” və Çinli Fosun Pharma ilə birlikdə hazırlanmış COVİD-19 əleyhinə mRNT əsaslı peyvəndlər istifadə olunur. Peyvənd öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadi cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Peyvənd immun sisteminizə müəyyən xəstəliklərə qarşı immun reaksiyasını canlandıraraq infeksiyalara qarşı daha effektiv mübarizə aparmağa kömək edir. Gələcəkdə həmin virus və ya bakteriya ilə bədən rastlaşarsa, immun sisteminiz artıq onlarla necə mübarizə aparacağını biləcək.

Ümumiyyətlə, dünyada peyvəndlənməyə iki cür yanaşma mövcuddur: GAVİ Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı da bunu təsdiq edir. Canlı zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. Canlı peyvəndlər immun sistemi zəif olan insanlarda xəstəliyə səbəb ola bilir. Bundan başqa, onlar adətən xüsusi soyuq yerlərdə saxlanmağı tələb edir. İnaktiv vaksinlər də bəzən soyuq mühit tələb etsələr də, onları immun sistemi zəifləmiş insanlara vurmaq olar. “Sinovac” şirkətinin “CoronaVac” vaksini daha “ənənəvi” üsulla hazırlanan inaktiv peyvənddir, çox peyvəndlərdə istifadə olunan və sübut olunan texnologiyadır. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir, yəni əsas komponenti canlı olmayan virus hüceyrəsidir, xəstəliyə səbəb ola bilməz, ancaq immunitet reaksiyasını yaradır. Şirkət vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan COVİD-19 xəstələrindən nümunələr götürüb. “CoronaVac” iki dozalı peyvənddir, bütün məlum olan vaksinlər kimi.

Braziliyalı alimlər "Sinovac" vaksininin müalicəyə ehtiyac olan və yüngül keçirilən hallarda 78 faiz, orta və ağır hallarda 100 faiz təsirli olduğunu, ümumilikdə orta hesabla 50.4 faiz effektiv olduğunu bildiriblər".

S.Babayeva əlavə edib ki, "AstraZeneca", COVİD-19 virusunun geniş yayılmasının qarşısının alınmasında yüksək dərəcədə təsirlidir: "Bəzi məlumatlar onun 70 faiz effektiv olduğunu bildirsə də, tədqiqatçılar təkmilləşdirməklə bu rəqəmin 90 faizə qədər çatdırıla biləcəyini söyləyirlər. Vaksin vektor üsulu ilə hazırlanıb. Bu üsul yenilik deyil, vektor üsulu ilə vaksinlərin tətbiqinə 1990-cı illərdə başlanıb. Orqanizm xarici zülalla təmasdan sonra virusa qarşı anticismlər istehsal etməyə başlayır. Peyvəndi adi məişət soyuducularında müvafiq temperaturlarda sabit saxlamaq olar və iki dozalıdır.

“Sinovac” peyvəndinin  isə əsas üstün cəhətlərindən biri - standart soyuducuda 2-8 dərəcədə saxlanılmasının mümkünlüyüdür. “Oxford-AstraZeneca ” peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, “Pfizer” peyvəndini mənfi 70 dərəcədə saxlamaq tələb olunur. Bu o deməkdir ki, həm "Sinovac", həm də "Oxford-AstraZeneca" peyvəndi bu qədər aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyən inkişaf etməkdə olan ölkələr üçün daha əlverişlidir.

Rusiyanın “Sputnik V” vaksini insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən vaksinlərlə müqayisədə daha güclü və uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edir. Birinci və ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir və bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır və uzunmüddətli immunitet yaradır. Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnız “Sputnik V” iki müxtəlif vektor texnologiyasına malikdir. Kliniki sınaqların nəticəsi olaraq “Sputnik V”nin yüksək effektivlik - 91.6%, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Elmi sınaqların nəticəsi olaraq açıqlamada qeyd olunub ki, “Sputnik V” peyvəndi ağır xəstəlik hallarına qarşı tam qorunmanı təmin edir və yeniləri də daxil olmaqla, koronavirusun bilinən bütün variantlarına qarşı eyni dərəcədə təsirlidir.

"Pfizer-BioNTech" peyvəndinin hazırlanmasında mRNT olan lipid örtüklü nanohissəciklər istifadə olunub. Peyvəndlərin ənənəvi hazırlanan texnologiyalardan fərqli olaraq, Pfizer mənfi 70 dərəcədə saxlanılmalıdır. Bunun üçün xüsusi avadanlıq lazımdır. "Pfizer-BioNTech" vaksininin qoruyucu təsiri ilk dozadan 12 gün sonra inkişaf etməyə başlayır. “İki doza” tələbi Azərbaycanda tətbiq olunan bütün vaksinlərə ("CoronaVac", "AstraZeneca", "Sputnik V" və "Pfizer") aid edilir. Azərbaycan peyvəndləməyə başlayan ilk ölkələrdən biridir. Artıq ölkəmizdə 18 yaşdan yuxarı heç bir məhdudiyyət yoxdur, hər kəs peyvənd oluna bilər. Seçimə gəldikdə isə vətəndaşlarımız hazırda ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiyini seçə bilər".