Rusiyada qətlə yetirilən azərbaycanlının işi ilə bağlı mühüm yenilik

Professor İlham Rəhimov Rusiya İstintaq Komitəsinin rəhbəri ilə nə danışdı; olaydan Rusiyadakı həmyerlilərimizə qarşı istifadə etmək istəyənlər var

Novosibirsk vilayətinin Moşkovski rayonundakı R-255 “Sibir” magistral yolunun 61-ci km-də “Toyota” markalı avtomobilin sürücüsü yol polisinin “Saxla” tələbinə məhəl qoymayaraq, hərəkətini davam etdirib. Polislər onu təqib etməyə başlayıblar. Avtomobil yol kənarındakı mehmanxananın qarşısında dayanıb. Bir neçə nəfər avtomobildən düşərək qaçmağa çalışıb. Polis həmin şəxslərdən birini tutaraq patrul avtomobilinə aparıb. Bu zaman qaçanlardan ikisi geri qayıdıb və polisə müdaxilə etməyə çalışıb, onlardan biri baş verənləri videoya çəkib, ikincisi - 19 yaşlı azərbaycanlı Vəkil Abdullayev isə yoldaşını polislərin əlindən almağa çalışıb. Həmin vaxt yol polisi müfəttişi Aleksandr Qusev Vəkil Abdullayevi bir neçə dəfə vurub, ardınca isə tapançanı çıxararaq ona atəş açıb. Nəticədə Vəkil Abdullayev başından yaralanıb və xəstəxanada keçinib. Məhkəmə müfəttişin həbsi barədə qərar versə də, Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tələbi ilə polis həbsdən azad edilib.

Moskva şəhəri “Hüquq mərkəzi” vəkillər kollegiyasında vəkil olaraq fəaliyyət göstərən həmyerlimiz Ələkbər Qarayev “Yeni Müsavat”a deyib ki, Vəkil Abdullayevin ölümü ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsi - ehtiyatsızlıqdan adam öldürmə, 318-ci  - hakimiyyət nümayəndəsinə güc tətbiq etmə və 319-cu - hakimiyyət nümayəndəsini təhqir etmə maddələri ilə cinayət işi başlanıb: “Yalandan deyirlər ki, guya azərbaycanlılar Moskvada mitinq edəcəklər. Əslində isə belə bir mitinq keçirilməsi planlaşdırılmır. Bu yalan məlumatdır. Hazırda istintaq gedir, yol polisinin müfəttişi istintaqa cəlb olunub. Onun istintaq dövründə azad edilməsi o demək deyil ki, məsuliyyətdən kənar qalacaq. Daxili işlər orqanlarından xaric ediləcək və bir daha onun orqanlarda xidmət etməsi mümkün deyil”.

Ələkbər Qarayev — Vikipediya

Ələkbər Qarayev 

Ələkbər Qarayev deyir ki, istintaqın digər maddələrlə aparılması da qanunsuz olardı: “Bu hadisənin əvvəldən sonadək videosu var. İstintaqda həmin video var. Əgər hər hansı bir qanunsuzluq olsa, biz də məsələyə qarışardıq. Hələ ki istintaq gedir, biz də baş verənləri müşahidə edirik. İstintaq bizi qane etməyəcək, işdə vəkil var, o, müraciət edəcək, qanuni tədbirlərini görəcək”.

Ə.Qarayev deyib ki,  baş vermiş faciəli hadisədən sui-istifadə etmək istəyənlər var: “Bədnam qonşularımız və onlara çəpik çalanlar baş vermiş faciəli olaydan ümumilikdə Rusiyada yaşayan azərbaycanlılara qarşı istifadə etməyə, bu məsələni bacardıqca şişirtməyə, azərbaycanlıları provokasiyaya çəkməyə çalışırlar. Buna getməməliyik və istintaqın ədalətli və qərəzsiz şəkildə aparılmasına nail olmalıyıq. Bu məsələ hüquqi müstəvidə araşdırılmalı və qiymət verilməlidir”.

Yol polisi müfəttişi Aleksandr Qusevin həbsdən buraxılması əmrini Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin imzalayıb. “Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl iyunun sonu üçün Bastrıkin Azərbaycana səfərə dəvət olunmuşdu. Lakin son hadisələr, yəni azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən müfəttişin azadlığa buraxılması ilə bağlı göstəriş verdiyinə görə Bastrıkinin Azərbaycana səfəri sual altına düşüb.

Baş verən olayla bağlı Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimov Novosibirskidə qətlə yetirilmiş azərbaycanlı Vəkil Abdullayevin işi ilə bağlı Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə danışıb. Bu barədə Musavat.com-un müvafiq sorğusuna cavab olaraq, İlham Rəhimov özü məlumat verib. Onun verdiyi məlumata görə, Novosibirskdə yol polisi Aleksandr Qusev tərəfindən qətlə yetirilən Vəkil Abdullayevlə bağlı baş verənlər hər bir azərbaycanlı kimi onu da narahat edir. Buna və ölkə ictimaiyyətinin getdikcə artan narazılığına görə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə danışıb. Qeyd edək ki, A. Bastrıkin və onun təmsil etdiyi ölkə də Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının üzvüdür.

İlham Rəhimov deyib ki, Aleksandr Bastrıkinlə söhbət zamanı ilk öncə aydınlaşdırıb ki, Novosibirsk vilayəti Yol Hərəkəti Təhlükəsizliyi Baş Müfəttişliyinin böyük müfəttişi, 19 yaşlı Vəkil Abdullayevi ölümcül yaralamış Aleksandr Qusevin barəsində cinayət işi xətm olunmayıb: “İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı ilə əvəz olunub. Bunun qarşılığında mən də xahiş etdim ki, əgər belədirsə, bu cinayət işi üzrə saxlanılan iki azərbaycanlının da barəsində həbs qətimkan tədbiri dəyişdirilsin, onlara da Qusevlə eyni hüquqi prosedur tətbiq olunsun. Bastrıkin mənə söylədi ki, bu işin həssaslığının fərqindədir və onunla şəxsən özü məşğul olur. Mən Azərbaycan ictimaiyyətinin narahatlığını, Rusiya prezidenti Vladimir Putinə müraciəti onun diqqətinə çatdırdım. Məlum oldu ki, bunlar barədə özünün də məlumatı var. Cinayət işinin obyektiv və ədalətli aparılacağı barədə söz verdi”.

Professor İlham Rəhimovun qənaətinə görə, barələrində həbs-qətimkan tədbiri seçilmiş iki soydaşımızın həbsdən çıxmasına nail ola bilərik: “Daha sonra isə cinayət işinin ədalətli və qərəzsiz araşdırılmasının təmin olunması üçün əlimdən gələni edəcəyəm”.

Yada salaq ki, Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Vəkil Abdullayevin ölümü ilə bağlı bəyanatında Rusiya Federasiyası İctimai Palatasının üzvü, “Yedinaya Rossiya” partiyasından RF Dövlət Dumasına deputatlığa namizəd Mariya Butinanın movqeyini pisləmişdi: “Azərbaycan Rus İcması Rusiya Federasiyasının Novosibirsk vilayətində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin güllələnməsi ilə nəticələnmiş faciəli hadisəyə görə dərin narahatlığını bildirir.  Azərbaycan Rus İcması, respublika ictimaiyyəti belə hesab edə bilərdi ki, faciəli hadisə təsadüf nəticəsində baş verib, lakin əgər Rusiya Federasiyası İctimai Palatasının üzvü, ”Yedinaya Rossiya" partiyasından RF Dövlət Dumasına deputatlığa namizəd Mariya Butinanın polis işçisinin cinayətkar əməllərinə haqq qazandıran, Rusiya ictimaiyyətini istintaq orqanlarına təzyiq göstərməyə məcbur etmək məqsədilə millətlərarası ayrı-seçkiliyi qızışdıran təxribatçı sözləri olmasaydı, biz əmin olardıq ki, Rusiyanın istintaq orqanları bu faciəni hərtərəfli araşdıracaq və polis işçisi - baş leytenant A.Qusev layiqli cəzasını alacaq. Mariya Butinanın sözləri bizə - beynəlmiləl, multikultural Azərbaycan cəmiyyətində yaşayan rus vətəndaşlarına açıq-aşkar millətçilik və şovinizm təsiri bağışladı. Respublikanın 120 minlik rus əhalisini təmsil edən Azərbaycan Rus İcması M.Butinanın təxribatçı bəyanatlarına qəti etirazını bildirir. Biz əminik ki, “Yedinaya Rossiya” partiyasının və Rusiya Federasiyası İctimai Palatasının rəhbərliyi öz nümayəndəsinin millətçi fikirlərinə prinsipial qiymət verəcək və hesab edirik ki, Rusiya Federasiyasının mötəbər orqanlarında belə bir insana yer olmamalıdır.

Azərbaycan Rus İcması ümidvar olduğunu bildirir ki, Rusiya ictimaiyyəti, ölkə parlamenti və hökuməti millətlərarası sülhün qorunub saxlanılması üçün zəruri tədbirlər görəcək. Biz əminik ki, iki xalq arasında dərin köklərə malik ənənəvi dostluq və qardaşlıq əlaqələri bundan sonra da genişlənəcək".