Tibb elmində yeni dövr başladan alim – Almaniyada bir azərbaycanlı

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Almaniya və dünyanın tibb elminin ən məşhur simalarından biridir.

Əslən azərbaycanlı olan Kazım Sadıqzadə tibbin analitik filosofudur. Almaniyada yaşayan elm adamı 1970-ci ildən bəri tibb fəlsəfəsinə, metodologiyası və məntiqinə əhəmiyyətli töhfələr verib.

Kazım Sadıqzadə 1942-ci il aprelin 23-də Güney Azərbaycanın Təbriz şəhərində anadan olub. Təbrizdə böyüyüb, 1947-1959-cu illərdə orta məktəbi də burada oxuyub. Atası kiçik bir toxuculuq fabriki işlədib. 1953-cü ildə İran Baş naziri Məhəmməd Mosaddiqin postundan uzaqlaşdırılması ilə yadda qalan siyasi-iqtisadi böhranın ardından iflas edib.

Almaniya yolunda

Sadıqzadə 11 yaşında atasının iflasından az sonra orta məktəbə daxil olduqda “gələcəkdə tibb professoru olacağam” deyəndə bu, ailəsində gülüş yaratmışdı. Təbrizdə Firdovsi liseyində orta məktəb təhsilini bitirdikdən sonra - 1960-cı ildə işləmək və təhsilini davam etdirmək üçün Almaniyaya gedib. 1971-ci ilə qədər həm işləyib, həm də Münster, Berlin və Göttingen kimi universitetlərdə tibb və fəlsəfə təhsili alıb.

1971-ci ilin noyabrında Göttingen Universitetində tibb elmləri doktoru dərəcəsi alıb. Amma tezliklə nəzəri tədqiqatlar aparmaq üçün praktiki tibbdən uzaqlaşıb. Bundan sonrakı fəaliyyətində tibb fəlsəfəsində ixtisaslaşıb. 1972-1982-ci illərdə dosent və mühazirəçi, 1982-2004-cü illərdə Şimali Ren-Vestfaliya əyalətindəki Münster Universitetində tibb fəlsəfəsinin professoru olub.

1970-ci ildən bəri evlidir və iki oğlu var.

Analitik tibb fəlsəfəsi

Kazım Sadıqzadə 1970-ci illərdə tibb fəlsəfəsində “analitik tibb fəlsəfəsi” adlandırdığı yeni istiqamət üzərində çalışmağa başlayıb, ənənəvi tibb fəlsəfəsini elmi olaraq qəbul etmədiyini bildirib.

Tibbi qərarvermə nəzəriyyəsində süni zəka və qeyri-səlis məntiqin tətbiqi daxil olmaqla, klinik düşüncənin məntiqi və metodologiyası üzərində apardığı işlər sayəsində beynəlxalq elm dünyasında özünü tanıdıb.

1977-ci ildə təsis olunan “Metamed” və 1989-cu ildə fəaliyyətə başlayan “Artificial Intelligence in Medicine” elmi jurnalların təsisçisi və redaktorudur.

Fəaliyyət sahəsində yenilikçi nəzəriyyələr daxildir: monumental “Əl kitabı”nda (“Handbook”) təqdim olunan hərtərəfli tibb nəzəriyyəsi, qeyri-səlis biopolimerlər nəzəriyyəsi, prototip bənzərlik xəstəliyi nəzəriyyəsi və s.

Sadıqzadənin tibb fəlsəfəsini məntiqi və konseptual təhlil yolu ilə əsas araşdırma sahələri bunlardır:

“Tibbi dil fəlsəfəsi”, “Tibbi praksiologiya” (tibbi praktikanın fəlsəfəsi, metodologiyası və məntiqi), “Tibbi epistemologiya”, “Tibbi deontika” (tibbi əxlaq, öhdəliklər və qanunların təhlili), “Tibbi məntiq” və “Tibbi metafizika”.