Nikahların 18 faiz azalması hansı problemlər yarada bilər?

Ötən illə müqayisədə nikahların sayı 14,3 faiz azalıb

Dövlət Statistika Komitəsi Azərbaycan əhalisinin sayını açıqlayıb. Qurumdan verilən məlumata görə, ölkədə əhalinin sayı 2021-ci ilin aprelin 1-nə 10 milyon 130 min 114 nəfərə çatıb.

Ötən illə müqayisədə ölkədə birinci rübdə doğulanların sayı 2,6 faiz, ölüm halları 18,5 faiz artıb, nikahların sayı isə 14,3 faiz azalıb. Doğulanların 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Bəs ekspertlər bu statistikanı necə dəyərləndirir?

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb: “Əlbəttə ki, indiki vaxtda pandemiya vəziyyəti bu statistikaya kifayət qədər təsir edir. Lakin təsir etmədiyi məsələlər də var. Ötən ilin əvvəlində pandemiya problemi ortaya çıxanda həm toylar qəfildən kəsildi, həm də insanlar valideyn olmaqdan ehtiyat etməyə başlamışdılar.  Amma söhbət təkcə ondan getmir ki, nikahlar yox idi deyə doğulanların sayı azalmışdı. Söhbət ondan gedirdi ki, insanlar valideyn olmaqdan qorxurdu. Çünki insanlar yenidən valideyn olmağa hazırlaşanda vaxtaşırı poliklinikaya getməli, həkim nəzarətində olmalıdır. Amma artıq insanlar xəstəxanaya, həkimə müraciət etməkdən qorxurdular. Hamı vahimə içərisində idi. Hər gün Çindən gələn xəbərləri diqqətlə izləyir, küçə ilə gedəndə belə elə sanırdıq ki, yerdən-göydən xəstəlik yağır.

əhməd qəşəmoğlu

Əhməd Qəşəmoğlu 

Vaxt keçdikdə bu xəstəliklə yaşamağın qaydalarını öyrəşməyə başladıq. Necə ki, kənd yerlərində insanlar ilanla yaşamağa, meşədə vəhşi heyvanlardan necə qorunmağı öyrənib, eləcə də xəstəliklə dil tapmağa çalışır.

Beləliklə, bir qədər vaxt keçdikdən sonra vəziyyət stabilləşməyə doğru getdi, insanlar artıq toy etmədən ailə qurmağa başladı. Hər birimiz bilirik ki, pandemiya dövründə xeyli sayda cütlük toy olmadan rəsmi nikaha girdi, ailə həyatı qurdu. Bu səbəbdən də doğumların sayı 2,6 faiz artıb. Bu çox yaxşı rəqəmdir. Ölkədə əhalinin sayının azalması, ölənlərin sayının artması sonradan demoqrafik problemlərə səbəb olur. Ölənlərin sayının 18 faiz artması ilə tamamilə təbiidir. Hətta belə təxmin edirəm ki, ölənlərin sayı yaxın vaxtlarda çox təəssüf ki, çoxalacaq. Çünki bir tərəfdən pandemiya davam edir, digər tərəfdən ölkədə səhiyyə sistemi dayanıb. İnsanlar yenə də həkimə getməyə qorxur, müalicə olunmağa qorxur. Şəxsən mənim hazırda sağlamlığımla bağlı müəyyən problemlərim var, lakin həkimə getməkdən ehtiyat edirəm. Belə hesab edirəm ki, əgər araşdırsaq ölənlərin sayının daha çox böyük şəhərlərin payına düşdüyünü görərik. Çünki ötən il sərt karantinlər oldu, insanlar evə qapandılar, kəndlərdən şəhərə kənd məhsullarının gətirilməsində maneələr oldu. Bu da ona gətirib çıxardı ki, insanlar yeni meyvə-tərəvəz tapmaqda çətinlik çəkdilər, bu da onların immunitetinin zəifləməsinə səbəb oldu. Ölənlərin sayının artmasına səbəb olan amillərdən biri də budur. O ki qaldı doğulan uşaqların 53 faizinin oğlan, 47 faiz qız olması, yəni oğlanların sayı qızlardan 6 faiz çox olması, burada demoqrafik cəhətdən qorxulu heç nə yoxdur. Əksinə, demoqrafik cəhətdən çox yaxşı göstəricidir. Burada yalnız psixoloji problem məsələsi  var. Yəni qadın bətnindəki körpəni məhv edəndə həm körpəsinin qatili olur, həm də psixoloji gərginlik yaşayır. Nəticədə cəmiyyətdə neqativ enerji çoxalır.

Beləliklə, yeni doğulan oğlan uşaqlarının 53 faiz təşkil etməsi yaxşı göstəricidir. Çünki adətən oğlanlar əsgər gedir, müharibədə iştirak edir. Məsələn, Vətən müharibəsində 3 mindən çox şəhidimiz oldu. Həmin şəhidlərimizi əvəzləyəcək oğlanlarımız olmalıdır. Həmçinin yol qəzasında ölənlərin arasında kişilərin sayı daha çox olur, əksər oğlanlar ölkədən çıxıb gedir və sair. Ona görə də doğulan oğlanlarla qızların  qızın sayı yalnız eyni və yaxud az olduğu gələcəkdə sosial problem yarada bilər.

Mehriban Zeynalova: “Bizdə qadınların qanunları öyrənməsi ənənəsi yoxdu”

Mehriban Zeynalova

Beləliklə, bir daha qeyd edirəm ki, 53 və 47 faiz göstəricisi normaldır". “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriabn Zeynalova isə statistika göstəricilərini bu cür dəyərləndirdi: “Təbii, yeni doğulan qız uşaqlarının sayının az olması gələcəkdə demoqrafik problemlər yaradacaq. Lakin qız uşaqlarının azalmasını tam olaraq selektiv abortlarla əlaqələndirmək də olmaz. Çünki indi texnika çox dəyişib, inkişaf edib. Hətta ana bətninə düşmədən uşağın cinsiyyətini hansısa hesablamalarla müəyyən edə bilirlər. Bu baxımdan hesab etmirəm ki, qız uşaqlarının sayının azalması sırf bu məsələ ilə bağlıdır. Həmçinin qanunvericilikdə bu məsələ ilə bağlı məsuliyyətlər var. Ümumiyyətlə, Azərbaycanda qız uşaqlarına, ümumiyyətlə, övlada nifrət yoxdur. Çox cüzi hallarda  ola bilər ki, kimsə bu hisslə yaşasın. Lakin qız uşaqlarının təhlükəsizliyi, onların toxunulmazlığı ilə bağlı stereotiplər var. Bu stereotiplər artıq nadanlıq formasına keçib. Bu da insanları ehtiyatlanmağa sövq edir. Müharibə bizə göstərdi ki, oğlanlar müharibə dövründə ən aparıcı rola çevrilirlər. Lakin oğlan uşaqlarının dünyaya gəlməsi üçün qız uşaqları da mühüm rol oynayan tərəflərdir. Bu baxımdan mənə elə gəlir ki, ümumiyyətlə, uşaqların birinin az, birinin çox olması həyəcan təbili olmalıdır”.

Mehriban Zeynalova ölkədə nikahların 18 faiz azalmasına da münasibət bildirib: “İlk növbədə bu məsələyə pandemiya təsir edə bilər. Çünki toylara icazə yoxdur. Lakin xeyli sayda toysuz nikah edib, ailə quranlar var. Həmçinin qeyri-rəsmi nikahların sayı getdikcə artmağa başlayıb. Burada öhdəlik götürməmək, əmlak mübahisələri və yaxud evlilik dövründə qeyri-inamsızlıq və yaxud gələcəkdə aliment ödənilməsinin məsuliyyətindən qaçmaq kimi məsələlər də var”.