QHT sədri həyacan təbili çaldı: “Can da gedir, cib də gedir, az qala bütün nəsil borca-xərcə düşür, amma nəticə yox”

Artıq uzun müddətdir ki, koronavirus bizim həyatımızdadır. Dünyanı ağuşuna alan bu qorxunc bəladan nə qədər qorunsaq da, yaxa qurtarmaq mümkün deyil. Onların sırasında koronavirusa yoluxaraq sağalanlar da var, həyatını itirənlər də. Tanınmış hüquqşünas, QHT rəhbəri Mirəli Hüseynov özü bu virusdan sağalsa da, təəssüf ki, doğmalarından ikisini – ata və bacısını itirib. İki bacısı isə hazırda ağır vəziyyətdə xəstəxanadadır.

M.Hüseynov feysbukda paylaşdığı statusunda respublikamızda səhiyyənin yarıtmaz durumundan narazılığını və xəstələrə biganə münasibətdən gileylənib. QHT rəhbərinin fikirlərini olduğu kimi dərc edirik:

“Heydər Əliyev Fondu indi də Mirmahmud Mirəlioğlu və onun ailəsinin koronavirus müalicəsini öz üzərinə götürüb. Çox yaxşı, Allah şəfalarını versin. Birinci hal deyil ki, Fond tanınmış şəxslərin müalicəsi xərclərini üzərinə götürür, xüsusi qayğı göstərir. Nədən? Azərbaycan səhiyyəsinə etibar etmədiyinizdən bəzilərini himayənizə alırsınız? Digərləri bu ölkənin vətəndaşları deyilmi? İnsanlar milçək kimi qırılır, dəridən-qabıqdan çıxır, sag qalmaq üçün olub-qalanını mafiyanın təsiri altında olan tibbi xidmətə yem edir. Cəhənnəm olsun pul-para, heç olmasa nəticəsi olmuş olaydı. Olmur, can da gedir, cib də gedir, az qala bütün nəsil borca-xərcə düşür, amma nəticə yox. Son bir ayda atamla bərabər bacımı da koronadan itirdim. Digər iki bacım düz bir aydır reanimasiyada ölüm-qalım mübarizəsi aparırlar. Yalnız bir bacıma 30 min manata yaxın xərc çəksək də, həyatda qalmasına ümid çox azdır. Xəstəliyin ilk günlərində nisbətən etibarlı xəstəxana kimi qiymətləndirilən modul tipliyə yerləşdirilməsi üçün 3-4 min manat lazım oldugu bildirildiyindən münasib bildiyimiz özəl tibbi xəstəxanaya yerləşdirməli olduq. Nəticə isə göz qabağında... Mən buradan H. Əliyev Fonduna müraciət edirəm. Partiya başqanı deyiləm, yaltaqlığı da sevmirəm və bacarmıram. Amma bu ölkənin vətəndaşıyam, vətənini hər şeydən artıq sevən sadə bir vətəndaşı. Həqiqətən belə səxavətlisinizsə və səmimisinizsə, onu bizə də göstərin”.